Azərbaycan Texnologiya Universitetinin Ətraf mühitin mühafizəsi kafedrasının müdiri prof. Elşad Məmmədov “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: Bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması (REFRESH)” layihəsi çərçivəsində İtaliyanın Boloniya Universitetinə (UNIBO) səfərdə iştirak edib.
 
Səfərin əsas məqsədi yaşıl və dayanıqlı iqtisadiyyatın inkişafında UNIBO təcrübələrini öyrənmək olub.
 
Təlim proqramının ilk günü UNIBO-nun beynəlxalq məsələlər üzrə məsul professor-müəllim heyəti ilə REFRESH layihə konsorsiumuna üzv olan Azərbaycan ali təhsil müəssisələri nümayəndələrinin görüşü keçirilib. Bu görüşdə Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitetlər və nailiyyətləri haqda ətraflı məlumat verib, REFRESH layihəsi müddətində atılacaq addımlar, fəaliyyət istiqamətləri barədə çıxış ediblər.
 
Təlim proqramının növbəti günlərində UNIBO-nun Sənaye mühəndisliyi kafedrasının professor-müəllim heyətinin seminarları dinlənilib. Seminarda Matteo Gherardi, Andrea De Pascale, Beatrice Pulvirenti, Alberto Borghetti yaşıl və dayanıqlı enerjinin inkişafı ilə bağlı fəaliyyətlərini, iqlim dəyişikliyinin təsirinin azaldılmasına dair təşəbbüslərini bölüşüblər.
 
Bundan başqa UNIBO-nun Tədqiqat və İnnovasiyalar Mərkəzinin əməkdaşları - Livia Mercatelli e Franca Maria Mura, Samuele Giangrande, Natalia Rossi, Giuseppe Nottola UNIBO-da tədqiqat və innovasiyalar sahəsinin inkişafı haqqında təqdimatla çıxış edib, Azərbayan nümayəndələrinin suallarını cavablandırıblar.
 
Təlim proqramının sonuncu günü Azərbaycan ali təshil müəssisələrinin nümayəndələri ilə UNIBO-nun nümayəndələri arasında REFRESH layihəsi üzrə növbəti addımların müəyyən esilməsi məqsədilə yekun görüş keçirilib.