“ATS Food” MMC tərəfindən Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün xüsusi təqaüd təsis edilib.
 
ATU tələbələri üçün xüsusi təqaüd Azərbaycan Texnologiya Universiteti (ATU) ilə çörək və un məmulatlarının istehsalı üzrə ixtisaslaşan “ATS Food” MMC arasında mövcud əməkdaşlıq münasibətləri çərçivəsində təqaüd təsis edilib.
 
Bu barədə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovla ATS Food MMC-nin icraçı direktoru Tural Hacıyev arasında 26 yanvar 2024-cü il tarixdə keçirilən görüşdə razılaşma əldə olunaraq müvafiq saziş imzalanıb.
 
Razılaşmaya əsasən, xüsusi təqaüd universitetin “Qida mühəndisliyi”, “Şərabçılıq” və “Ekologiya mühəndisliyi” ixtisaslarında təhsil alan, ən yüksək akademik göstəricilərə malik 2 tələbəsinə veriləcək. Təqaüd hər tələbə üçün 100 manat məbləğində müəyyən olunub.
 
Cari ilin 26 yanvar tarixində “ATS Food” MMC-də baş tutan görüşdə ötən ilin oktyabr ayında imzalanmış Əməkdaşlıq memorandumunun reallaşdırılması imkanları, əməkdaşlığın perspektivləri, birgə kadr hazırlığı və birgə tədbirlərin keçirilməsi məsələləri də müzakirə edilib. Görüş çərçivəsində ATU nümayəndə heyəti “ATS Food” MMC-yə məxsus "Çörəkçi" zavoduna səfər edərək zavodun fəaliyyəti, istifadə olunan texnoloji maşınlar və texnologiyalar ilə ətraflı tanış olub, bu müəssisədə ATU tələbələrinin istehsalat təcrübəsinin təşkili məsələsi yerində müzakirə edilib.
 
Qeyd edək ki, ATU tələbələri üçün xüsusi təqaüd ötən ilin dekabrında mövcud əməkdaşlıq çərçivəsində “Azəralüminium” MMC tərəfindən də təsis edilib. Ümumiyyətlə, universitet-sənaye əlaqələrinin gücləndirilməsini hədəfləyən Azərbaycan Texnologiya Universiteti son 1 ildə bir çox iri sənaye müəssisələri ilə əməkdaşlıq memorandumları imzalayıb, mövcud əlaqələri genişləndirib.