Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos.Yaşar Ömərov Erasmus+ Mübadilə Proqramı çərçivəsində növbəti semestrdən təhsilini Avropada davam etdirəcək tələbələrlə görüşüb.
Y.Ömərov tələbələri uğurları münasibəti ilə təbrik edərək müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, xaricdə təhsil alan gənclərimiz ölkəmiz üçün faydalı olmalı, onlar üçün yaradılan şəraiti lazımınca dəyərləndirməlidirlər. Y.Ömərov tələbələrə dərslərdə nizam-intizamlı, məsuliyyətli olmağı, bilik və bacarıqlarını artırmağı, ölkəmizi və universitetimizi layiqincə təmsil edərək onlara göstərilən etimadı doğrultmağı tövsiyə edib.
Görüşdə iştirak edən tələbələr Erasmus+ mübadilə programı çərçivəsində 2023/2024-cü tədris ili üçün 1 semestr müddətində Avropa universitetlərində təhsil alacaqlar. Belə ki, növbəti semestrdən magistr tələbələri Şükufə Əliyeva Granada Universitetində (İspaniya), Tural Veyisov Jaen Universitetində (İspaniya), bakalavr tələbəsi Fatimə Xəlilova isə Varşava Ekologiya və Menecment Universitetində (Polşa) təhsilini davam etdirəcək.