Avadanlıqlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən "Technest" layihəsi çərçivəsində Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinə ianə edilib.
 
3D printer, proyektor, kompyuterlər və digər avadanlıqların təqdimatında ATU-nun rektoru v.m.i.e. dos.Yaşar Ömərov, tədris işləri üzrə prorektor Raqif Hüseynov, İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin şöbə müdiri Orxan İsmayılov, layihə meneceri Gülnar Mirhüseynova, baş mütəxəssisi Püstə Qasımova və tələbələr iştirak edib.
 
Təqdimat zamanı Yaşar Ömərov İnnovasiya Mərkəzinin son texnologiyalarla təchiz edilməsinin tələbələr üçün yeni stimul olacağını bildirərək İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə və rəhbərliyinə təşəkkür ifadə edib.
 
Təqdimat çərçivəsində agentlik nümayəndələri ATU tələbələrinin startap layihələri ilə tanış olublar.
 
İanənin edilməsində məqsəd universitetdə startap ekosisteminin inkişafına dəstək göstərmək, tələbələrin İKT sahəsində təlimlərdə praktik vərdişlər və bacarıqlar qazanmasına, əldə edilən biliklərin yeni ideyalara və startaplara çevrilməsinə nail olmaqdır.
 
Qeyd edək ki, İnnovasiya Mərkəzinin ATU tələbələrindən ibarət 500-ə yaxın üzvü var, hazırda tələbələr 10 aktiv startap üzərində çalışırlar.