Tədbirdə universitetin professor-müəllim heyəti, tələbə kollektivi və Gəncə şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə universitetin həyətində ucaldılan Şəhidlər abidəsini ziyarət ediblər. Daha sonra Xocalı faciəsinə həsr edilmiş ATU tələbələrinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.

Anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi,  Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın timsalında Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Universitetin rektoru v.m.i.e dos. Yaşar Ömərov giriş sözü ilə çıxış edib, faciənin miqyasından danışaraq Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Xocalını və digər şəhər, rayonları azad etməsindən, alınan qisasdan bəhs edib, qan yaddaşımızın heç vaxt unudulmayacağını bildirib. 

Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, faciə şahidi olan Xocalı sakini, Dövlət İmtahan Mərkəzinin Qərb Regionun rəhbəri Nəsimi Məmmədov çıxış edib. Tarixə nəzər salınaraq dinc əhalinin necə qəddarlıqla qətlə yetirilməsindən danışılıb, faciənin ictimaiyyətə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu qeyd edilib. Bildirilib ki, Xocalıda baş verən faciə təkcə Azərbaycan xalqına deyil, bütöv bəşəriyyətə qarşı törədilən ən ağır cinayətlərdən biridir.

Tədbirdə tələbələrin ifasında bədii kompozisiya nümayiş etdirilib, Xocalı faciəsinə və Xocalının azad edilməsinə həsr olunmuş çarx nümayiş etdirilib.