Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru v.m.i.e., Elmi Şura sədri dos. Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Tədris işləri üzrə prorektor Raqif Hüseynov qış imtahan sessiyasının nəticələri və təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı təqdimatla çıxış edib, akademik borcu olan sonuncu kurs tələbələrinin istehsalat təcrübəsinə buraxılması məsələsini müzakirəyə təqdim edib.
Daha sonra Tədris şöbəsinin müdiri Cəsarət Şabanovun İmtahan Komissiyası, Apellyasiya Komissiyasının sədr müavini Elmir Cəfərovun isə Apellyasiya Komissiyası ilə bağlı hesabatları dinlənilib. Tədbir İctimai elmlər və multikulturalizm kafedrasının müdiri Fuad Yusifovun hesabatı ilə davam edib.
İclas zamanı universitetin hüquqşünası Müşfiq Məmmədov ATU-nun elm, keyfiyyət təminatı və beynəlmilləşmə siyasətini, Elmi-Tədqiqat Mərkəzinin direktoru Qalibə Məmmədova 2024/2026-cı illər üzrə planlaşdırılan elmi istiqamətlərin və tədqiqatların mövzularını, Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri Əhəd Nəbiyev tədris metodiki vəsaitlərin siyahısını təsdiq olunması üçün Elmi Şura üzvlərinin müzakirəsinə təqdim edib.
İclas çərçivəsində universitetin əməkdaşları - Müşafərin Behbudova, Validə Bağırova, Səlminə Abbasova yubileyləri münasibəti ilə təltif ediliblər.