Türkiyənin Atatürk Universitetinin nümayəndələri Erasmus+ proqramı çərçivəsində Azərbaycan Texnologiya Universitetində (ATU) səfərdə olublar.
Atatürk Universitetinin Xarici dillər kafedrasının 2 nəfərdən ibarət müəllim heyətinin Erasmus+ proqramı çərçivəsində ATU-ya səfəri 4 gün davam edib.
Proqramın ilk günündə qonaqların ATU-nun tədris işləri üzrə prorektoru Raqif Hüseynov, Xarici dillər kafedrasının müdiri İlhamə Rəhimova və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları ilə görüşü keçirilib.
Görüş zamanı mövcud əməkdaşlığın genişləndirilməsi, ikili diplom proqramlarının tətbiqi, mübadilə sayının artırılması, hər iki ölkənin təhsil sistemi və mədəniyyəti ilə bağlı geniş müzakirələr aparılıb, təklif və tövsiyələr dinlənilib.
Daha sonra nümayəndə heyətinin proqrama uyğun olaraq həftə ərzində 8 saat olmaqla universitetin Xarici Dillər kafedrasında ingilis dili üzrə dərsləri təşkil edilib, maraqlı mühazirələri dinlənilib, tələbələrlə geniş fikir mübadiləsi aparılıb.