XXI əsrdə qlobal inkişaf gündəliyinin mühüm prioriteti kimi müəyyən edilmiş iqlim dəyişmələri ilə mübarizə və dayanıqlı inkişaf səylərinin kökündə duran əsas məsələlərin, o cümlədən insanlarla təbiət arasında harmoniyanın və təbiət resurslarına insanlar tərəfindən düzgün qənaət edilməsinin əhəmiyyətini hələ XII-ci əsrdə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi öz əsərlərində təbliğ edib. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin tapşırığı ilə ölkəmizdə ilk “Yaşıl şəhər” layihəsi məhz Nizami Gəncəvinin doğma şəhəri olan Gəncədə reallaşdırılır və şəhər Avropa Yenidənqurma və İnkişaf Bankının “Yaşıl şəhərlər” proqramında uğurla iştirak edir. 2021-ci ildə ölkəmizdə “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzi, Gəncə Dövlət Universiteti nəzdində Nizami Gəncəvi adına Dayanıqlı Ağıllı Regionlar və Şəhərlər Mərkəzi, Mingəçevir Dövlət Universiteti nəzdində isə Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi təsis edilib və bu gün də bu mərkəzlər uğurla fəaliyyət göstərirlər. 

Ötən il - “Heydər Əliyev İli” çərçivəsində “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda Gəncə şəhərində təşkil edilmiş elmi-praktik konfransın “Yaşıl enerji, yaşıl şəhərlər və yaşıl nəqliyyat” sessiyasında aparılmış müzakirələrin nəticəsi olaraq hər il Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Gəncə Dövlət Universiteti (GDU), Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texnologiya Universiteti (ATU) tərəfindən Gəncə Yaşıl İqtisadiyyat Forumunun (GYİF) təşkil edilməsinə dair birgə təşəbbüs yaranmışdı. 

Bu gün, 5 mart 2024-cü il tarixində ümumilikdə 40.000 tələbə sayına malik olan bu 5 universitetin rəhbərləri onlayn qaydada bir araya gəlib, sözügedən təşəbbüsün reallaşdırılması məqsədilə Anlaşma Memorandumu imzalayaraq Gəncə Yaşıl İqtisadiyyat Forumunu təsis ediblər.

Onlayn imzalanma mərasimində kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin baş məsləhətçisi Elmar Məmmədov, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, UNEC-in rektoru Prof.Ədalət Muradov, GDU-nun rektoru Prof.Yusif Yusibov, ADAU-nun rektoru Dos.Zəfər Qurbanov, MDU-nun rektoru Dos.Şahin Bayramov və ATU-nun rektoru v.i.e. Dos.Yaşar Ömərov çıxış edib. İmzalanma tədbirində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Energetika Nazirliyinin və Dövlət Turuzm Agentliyinin rəsmiləri iştirak edib. Onlayn imzalanma mərasiminin sonunda iştirakçılar 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə ediblər.

Azərbaycanda ilk olan bu təşəbbüsün əsas hədəfi iqlim dəyişmələri ilə mübarizə, yaşıl iqtisadiyyata keçid, o cümlədən “ədalətli yaşıl keçid” və “yaşıl artım” – “yaşıl iqtisadiyyat” – “dayanıqlı inkişaf” üçlü yanaşma vasitəsi ilə uğurlu “yaşıl keçid” üzrə qabaqcıl təcrübələrin öyrənilməsi, xüsusilə də qeyd edilən məsələlərdə Azərbaycan Respublikasında maarifləndirmə, insan kapitalının inkişaf etdirilməsi, professor-müəllim heyəti və tələbələr tərəfindən elmi tədqiqatların aparılması, yaşıl start-upların yaradılması, iqtisadiyyatın yeni “yaşıl” sektorlarının inkişaf etdirilməsi, dövlət-özəl “yaşıl” tərəfdaşlığının təşviq edilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, habelə “ağıllı yaşıl keçid”-in müəyyən edilməsi işinə töhfə verməkdən ibarətdir. 

Gəncə Yaşıl İqtisadiyyat Forumu 5 İyun Ümumdünya Ətraf Mühit Günündə öz işinə başlayacaq və hər il 5-7 iyun tarixində Gəncə şəhərində təşkil ediləcəkdir. Hər il bir iştirakçı universitet bu Forumda sədrlik və təşkilatçılıq funksiyasını həyata keçirəcəkdir. Ölkəmizin digər universitetləri Forumun üzvlüyünə qoşula bilərlər. Foruma sədrlik edəcək universitet tərəfindən “yaşıl inkişaf xəbərləri” bületeninin nəşri nəzərdə tutulur. Gəncə Yaşıl İqtisadiyyat Forumunun İdarəetmə Şurası, Daimi Şurası və Müşahidə Şurası fəaliyyət göstərəcək.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində I Forum GDU tərəfindən 5-7 iyun 2024-cü il tarixində təşkil ediləcəkdir.