Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən Şahmar Umud oğlu Həsənov Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.
Şahmar Həsənov 17 iyun 1981-ci ildə Gəncə şəhərində anadan olub.
2003-cü ildə Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin bakalavriat səviyyəsini, 2005-ci ildə isə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib. 2005-2006-cı illərdə milli ordu sıralarında uğurla hərbi xidmət keçib. 2007-ci ildən Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasında pedaqoji fəaliyyətə başlayıb. Eyni zamanda 2022-ci ilin sentyabrından 2024-cü ilin mart ayına qədər Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri vəzifəsini icra edib.
Ş.Həsənov 2022-ci ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix institutunda "Şimali Azərbaycanda Rusiya kommersiya banklarının fəaliyyəti (XIX-XX əsrin əvvəlləri) mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2023-cü il 1 sentyabr tarixli qərarı ilə Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Bir neçə dəfə beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış edib. Erasmus təcrübə proqramlarında iştirak edib.
43 elmi məqalənin 2 tədris proqramının və 1 dərs vəsaitinin müəllifidir.
Rus, ingilis və türk dillərini bilir. Ailəlidir, iki övladı var.