Azərbaycan Texnologiya Universiteti və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Aprel şəhidlərinin timsalında Vətən uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, şəhid ailələri, qazilər, professor-müəllim heyəti və tələbələr iştirak edib.
Prorektor Ş.Həsənov giriş sözü ilə çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Aprel döyüşləri və Vətən müharibəsi zamanı həyata keçirdiyi əks-hücum əməliyyatlarının nəticələrindən danışıb, Azərbaycan bayrağının azad olunmuş Lələtəpə yüksəkliyində və Qarabağ torpaqlarında ucaldılmasının, Zəfərin xalqımıza və türk dünyasına böyük qürur və sevinc hissləri yaşatdığını vurğulayıb.
Tədbirdə şəhid ailələri və qazilərin çıxışları, xatirələri dinlənilib. Şəhidlərin döyüş meydanında göstərdikləri qəhrəmanlıqlardan, onların keçdiyi şərəfli yoldan bəhs edilib.
Tədbir çərçivəsində Aprel döyüşlərinə həsr edilmiş videoçarx izlənilib, fəallığı ilə seçilən bir qrup tələbələr təltif edilib.