Azərbaycan Texnologiya Universiteti Tələbə Elmi Cəmiyyəti və Göygöl Milli Parkının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Biomüxtəliflik və iqlim dəyişmələri” mövzusunda elmi-praktik tələbə seminarı təşkil edilib.
Göygöl Milli Parkında baş tutan seminarda Ətraf mühitin mühafizəsi kafedrasının professor-müəllim heyəti, müvafiq ixtisaslarda təhsil alan tələbələr iştirak edib.
Seminarda Göygöl Milli Parkının direktoru Fuad Quliyev, ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, Ətraf mühitin mühafizəsi kafedrasının müdiri prof. Elşad Məmmədov və TEC sədri Aysel Məmmədli çıxış edərək mövzunun aktuallığına diqqət çəkib, məruzəçilərə uğurlar arzu ediblər.
Daha sonra gələcəyin mühəndis-ekoloqlarının təqdimatında "Turşulu yağışlar", "Qlobal iqlim dəyişmələrinin Azərbaycanda kənd təsərrüfatına təsiri", "Nüvə reaksiyası və onun ətraf mühitə təsiri, Atmosfer havasına təhlükə yaradan mobil mənbələr" başlıqlı məruzələr dinlənilib, tələbələrə suallar ünvanlanıb, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Seminar çərçivəsində tələbələr Göygöl Milli Parkı ilə yaxından tanış olublar.