Azərbaycan Texnologiya Universitetinin (ATU) İqtisadiyyat və İdarəetmə fakültəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Davamlı ekoloji inkişaf: innovativ texnologiyalar" mövzusunda elmi-praktik seminar keçirilib.
ATU Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə baş tutan seminarda strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri Mehman Kərimov, İdarəetmə kafedrasının müdiri prof. Füzuli Məmmədov, Turizm sənayesinin təşkili kafedrasının müdiri Yusif Hümbətov, İqtisadiyyat kafedrasının müdiri Mamed Urkayev, TEC sədri Aysel Məmmədli, professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbirdə M. Kərimov, F. Məmmədov, Y. Hümbətov və M. Urkayev çıxış edərək mövzuların aktuallığına diqqət çəkib, məruzəçi tələbələrə uğurlar arzulayıblar.
Seminarda İdarəetmə, İqtisadiyyat, eləcə də Turizm sənayesinin təşkili kafedralarının bakalavr və magistrlarının təqdimatında “Qarabağda ağıllı kənd sistemi”, “Yaşıl marketinqdə innovativ alətlər”, “Filtrilizasiya dronları, Qlobal iqlim dəyişikliyinin dünya iqtisadiyyatına təsiri”, “İşğaldan azad olunmuş ərazilərdə yaşıl iqtisadiyyatın inkişaf potensialı”, “Regionlarda ekoturizm sektorunun inkişafı və məhdudiyyətlərin aradan qaldırılması”, “Ağıllı şəhərlər: davamlılıq üçün texnologiyalar və tətbiqlər” başlıqlı məruzələr dinlənilib, gənc tədqiqatçılara suallar verilib, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.