Cavadov Natiq Əli oğlu

İqtisadiyyat kafedrasının müdiri

(+994 22) 268 38 69

n.cavadov@atu.edu.az

1958-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 1975-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (hazırkı ADAU-nun) kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsinə daxil olmuş, 1980-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirərək “Kənd təsərrüfatı istehsalının təşkilatçı-iqtisadçısı” ixtisasını almışdır. 

İnstitutu bitirdikdən sonra həmin institutun Mühasibat uçotu və statistika kafedrasında assistent kimi əmək fəaliyyətinə başlamışdır. 

1985-1990-cı illərdə Moskva İqtisadiyyat-Statistika İnstitutunun (MİSİ-nin) riyazi statistika kafedrasının aspirantı olmuş və “Kənd təsərrüfatı istehsalının intensivləşdirilməsinin statistik tədqiqi” mövzusunda namizədlik dissertasiyası yerinə yetirmişdir. 1990-cı ilin mayında MİSİ-da 08.00.11–“Statistika” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmiş və həmin il SSRİ AAK-nin qərarı ilə (15.08.90 №021850) iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.

1990-1995-ci illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetində təhsil almış və riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir.

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

1996-cı ildə ADAU-nun Statistika və maliyyə kafedrasının müdiri seçilmiş və 2001-ci ilin may ayına kimi həmin vəzifədə çalışmışdır. 2000-ci il sentyabrın 25-dən 2005-ci ilin sentyabrın 15-nə kimi ADAU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsində işləmişdir. 22.12.2008-ci ildən 22.05.2009-ci il tarixə kimi Aqrar iqtisadiyyat və menecment fakültəsinin dekanı olmuşdur. 2013-2014-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Təcrübə və işədüzəltmə şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

 1989-cu və 1999-cu illərdə Respublikamızda keçirilən əhalinin sıyahıyaalınmasında mütəxəssis kimi iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi haqqında” 28 noyabr 2003-cü il tarixli 152 saylı qərarına uyğun olaraq siyahıyaalmanın keçirilməsi üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin işçi komissiyanın üzvü olmuşdur. 

28 sentyabr 2012-ci ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Müasir şəraitdə aqrar sahədə struktur dəyişikliklərinin əsas istiqamətləri” mövzusunda dissertasiya işi müdafiə etmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 may 2013-cü il tarixli qərarı ilə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi, 9 iyun 2017-ci il tarixli qərarı ilə isə professor elmi adı almışdır. 160-dan artıq elmi-metodiki və publisistik əsərin müəllifidir. 

2013-2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan Dövlət Aqrar Universiteti nəzdində yaradılmış, fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.04.013 birləşdirilmiş dissertasiya şurasının üzvü olmuşdur. 2019-cü ildən ildən isə Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində iqtisad elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsi üçün yaradılmış ED 2.10 Dissertasiya şurasının üzvüdür.

N.Ə.Cavadovun adı akademik Z.Səmədzadənin baş redaktorluğu ilə nəşr edilmiş Böyük İqtisadi Ensiklopediyaya daxil edilmişdir (Bakı, 2015. VI cild, səh.261). 

16 sentyabr 2014-cü ildən 31 may 2024-cü il tarixə kimi Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktor olmuşdur. 

25.10.2024-cü ildən Azərbaycan Texnologiya Universitetinin iqtisadiyyat kafedrasının müdirdir.