Azərbaycan Texnologiya Universitetində 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Zəfərimiz əbədidir” adlı intellektual yarış keçirilib.
 
Yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə şərait yaratmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərmək, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
 
Dövlət himninin səsləndirilməsi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə start götürən yarışda ümumilikdə 14 komanda öz biliyini nümayiş etdirib. Tələbələrdən ibarət komandalar Azərbaycan Texnologiya Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti nəzdində Regional Kolleci, Gəncə Tibb Kolleci, Ağdaş Dövlət Humanitar Kolleci, Qazax Dövlət Sosial-İqtisadi Kolleci, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci və Mingəçevir Turizm Kollecini təmsil edib.
 
3 turdan ibarət olan yarışda Ümummilli lider Heydər Əlliyev, Azərbaycan tarixi, Zəfər Günü, İşğaldan azad olunmuş ərazilərdə tarixi abidələr və s. mövzularda 36 sual təqdim olunub. Hər sualın cavablandırılması üçün bir dəqiqə vaxt verilib. Hər düzgün cavab bir balla dəyərləndirilib.
 
Yarışda Gəncə Dövlət Universitetinin komandası I yerə, Bakı Dövlət Universitetinin Qazax filialının komandası II yerə, Mingəçevir Dövlət Universitetinin komandası isə III yerə sahib olub.
Sonda qalib komandalar təltif olunub.