Azərbaycan enerji sahəsində həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş olaraq mövqeyini getdikcə gücləndirir. Bu mövqenin formalaşmasında ölkənin zəngin enerji resursları, strateji coğrafi mövqeyi və uzunmüddətli əməkdaşlıq siyasəti mühüm rol oynayır. Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilməsinə səbəb olmuşdur. Bununla yanaşı, Azərbaycan yalnız enerji ixracatçısı kimi deyil, həm də regional sabitliyin təminatçısı və dayanıqlı inkişafın tərəfdarı kimi çıxış edir. 

Enerji sahəsində etibarlı tərəfdaş statusu Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, ölkənin iqtisadi inkişafına, siyasi mövqeyinin möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır. Bu gün Azərbaycan qazı Avropa ölkələri ilə yanaşı regionun digər dövlətlərinə tədarük olunur ki, bu da enerji şaxələndirməsi baxımından strateji üstünlük hesab edilir. Suriyaya qaz ixracı isə Azərbaycanın enerji siyasətinin humanitar ölçüsünü nümayiş etdirərək, ölkənin təkcə iqtisadi yox, həm də sosial rifahı hədəfləyən tərəfdaş olduğunu sübut edir. 

Azərbaycanın enerji siyasətində Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaş kimi çıxış etməsi, ölkəmizin planlarının reallaşmasının yalnız nəzəri deyil, tamamilə real olduğunu göstərir. Dünyanın ən qüdrətli dövləti olan ABŞ-nin dəstəyi Azərbaycanın enerji təşəbbüslərinə həm siyasi etimad, həm iqtisadi güc, həm də texnoloji imkanlar qazandırır. Bu tərəfdaşlıq Azərbaycanın enerji layihələrini regional miqyasdan çıxararaq qlobal səviyyədə etibarlı və davamlı etmək üçün mühüm zəmanət rolunu oynayır. Azərbaycan-ABŞ əməkdaşlığı artıq yalnız karbohidrogen resursları ilə məhdudlaşmır. İki ölkə arasında yaşıl enerji sahəsində də əməkdaşlıq genişlənir. “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” layihəsi, iqlim məqsədlərinə nail olmaq üçün birgə səylər və enerji keçidi istiqamətində təcrübə mübadiləsi bu əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır.

Prezident İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı zamanı enerji təhlükəsizliyinin yalnız müzakirə və əməkdaşlıq yolu ilə həll edilə biləcəyini vurğuladı. Məşvərət Şurasının illik iclasları tərəfdaş ölkələrin bir araya gələrək görülən işləri qiymətləndirməsi və gələcək addımları planlaşdırması üçün mühüm platforma kimi təqdim olundu. Qeyd olundu ki, Azərbaycan qazı əvvəllər 12 ölkəyə tədarük edilirdisə, hazırda bu rəqəm 16-ya çatıb. Bu göstəriciyə görə Azərbaycan dünyada boru kəmərləri vasitəsilə ən çox ölkəyə qaz tədarük edən ölkədir. Qaz ixracının Avropa hüdudlarından kənara çıxması strateji yenilik kimi qeyd edilməlidir.

Enerji olmadan inkişafın mümkün olmadığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın bu təşəbbüsünü həm humanitar, həm də strateji baxımdan önəmli hesab etdiyini xüsusi vurğuladı. Qeyd etdi ki, şaxələndirmənin istehsalçı və istehlakçı ölkələr üçün də xüsusi əhəmiyyəti var.  O, həm enerji təhlükəsizliyini artırır, həm də iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Beləliklə, aydın olur ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi deyil, həm də geosiyasi sabitlik və regional əməkdaşlıq üçün mühüm rol oynayır.

Gələcəkdə qaz təchizatının daha da genişləndirilməsi və yaşıl enerji sahəsində əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdən biri kimi nəzərə alınır. Azərbaycanın enerji sektorunda başlanacaq iri layihələr qarşıdakı illərdə ölkəmizin qaz hasilatını yeni zirvəyə yüksəldəcək ki, bu da təkcə iqtisadi göstəricilərin artımı deyil, həm də Azərbaycanın regional və qlobal enerji xəritəsində mövqeyinin daha da güclənməsi deməkdir. Cari ildə “Azəri-Çıraq-Günəşli” dərin qaz laylarından hasilatın başlanması nəzərdə tutulur ki, bu da uzun illər neft hasilatı ilə tanınan AÇG-nin qaz istehsalında da mühüm rol oynayacağını göstərir. Bunların ardınca “Abşeron” yatağının tammiqyaslı işlənməsi, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanmasının planlaşdırılması ixrac üçün əlavə həcmlər yaradacaq ki, bu da ölkəmizin ixrac potensialını əhəmiyyətli dərəcədə genişləndirəcək. Ən böyük strateji layihə isə “Şahdəniz” yatağının yeni mərhələsi hesab edilir. Bir neçə il sonra hasilatına başlanması nəzərdə tutulan bu mərhələ Azərbaycanın enerji siyasətində yeni səhifələrin açılması deməkdir. Azərbaycanın yeni qaz layihələri maksimum istehsal səviyyəsində 10–15 milyard kubmetr əlavə hasilat təmin edərək enerji ixracını daha geniş coğrafiyaya yayacaq və yeni bazarlara çıxış imkanı yaradacaq. Bu artım mövcud boru kəməri sisteminin genişləndirilməsini və qazpaylama şəbəkəsinin şaxələndirilməsini zəruri edəcək.

Azərbaycan bu layihələrlə yalnız enerji ixracatçısı kimi deyil, həm də regional sabitliyin təminatçısı və qlobal enerji təhlükəsizliyinin etibarlı tərəfdaşı kimi mövqeyini möhkəmləndirir. Bu, ölkəmizin iqtisadi gücünü artırmaqla yanaşı, siyasi nüfuzunu da yüksəldir. Enerji olmadan inkişafın mümkün olmadığını nəzərə alsaq, Azərbaycanın yeni qaz hasilatı mərhələsi həm daxili rifah, həm də beynəlxalq əməkdaşlıq üçün strateji zəmanət rolunu oynayacaq.

 Azərbaycan Texnologiya Universitetini

Humanitar elmlər və multikulturalizm kafedrasının

baş müəllimi Zəminə Novruzova