Azərbaycan Texnologiya Universiteti (ATU) ilə “Azəralüminium” MMC arasında “Metallurgiya mühəndisliyi” ixtisası üzrə birgə sənaye yönümlü kadr hazırlığına və həmin sahə üzrə təhsil alan tələbələrin peşəkar inkişafına dair saziş imzalanıb.
Saziş tələbələrin sənayenin real tələblərinə uyğun bilik və bacarıqlar qazanmasını və gələcək karyeraya hazırlanmasını nəzərdə tutur. Əməkdaşlığın əsas istiqaməti “ALUMET” adlanan, “Metallurgiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrin akademik, praktiki və peşəkar inkişaf proqramıdır. Sözügedən proqram Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində hazırlanıb.
Proqram çərçivəsində 2026/2027-ci tədris ilində “Metallurgiya mühəndisliyi” ixtisasına qəbul olunmuş tələbələr “Azəralüminium” MMC-nin istehsalat sahələri ilə tanış olmaq, mühəndis və mütəxəssislərlə görüşlər keçirmək imkanı qazanmaqla yanaşı, xüsusi mentorluq proqramına, praktiki tapşırıqlara, sənaye yönümlü layihələrə və istehsalat təcrübəsinə cəlb ediləcəklər.
ALUMET proqramının əsas mərhələsinin 2027-ci ilin fevral ayından başlanması planlaşdırılır. Proqram çərçivəsində alüminium istehsalı, texnoloji proseslər, keyfiyyətə nəzarət, sənaye avtomatlaşdırılması, enerji səmərəliliyi və davamlı metallurgiya kimi istiqamətlər üzrə bilik və bacarıqların inkişafına diqqət yetiriləcək.
Sazişə əsasən, yüksək akademik nəticə göstərən tələbələrə “Azəralüminium” MMC-nin mərhum direktoru və ATU-nun sabiq professoru Cəmil Səfərovun adına təqaüd veriləcək.
Qeyd edək ki, ATU ilə “Azəralüminium” MMC arasında uzun müddətdir uğurlu əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində universitetin “Kimya və metallurgiya mühəndisliyi” kafedrasının “Azəralüminium” MMC-də filialının fəaliyyət göstərməsini, “Azəralüminium” MMC-nin ATU-da auditoriyalar qurmasını, birgə elmi işlərin aparılmasını, müəssisə əməkdaşlarının universitetdə tədris prosesinə cəlb edilməsini və tələbələrin sözügedən sənaye müəssisəsində istehsalat təcrübəsində iştirakını qeyd etmək olar.