Azərbaycan Texnologiya Universitetində (ATU) struktur bölmələrin fəaliyyətinin qiymətləndirilməsi istiqamətində monitorinqlər keçirilib. Oktyabr ayında Struktur Bölmələrin Monitorinqi Komissiyası tərəfindən Mətbəə şöbəsinin, Mətbuat xidmətinin və Beynəlxalq əməkdaşlıq şöbəsinin fəaliyyəti yoxlanılıb.
Monitorinqlər çərçivəsində bölmələrin daxili qaydalara və nizamnamə tələblərinə uyğun fəaliyyəti, universitetin strateji hədəflərinin icrasında iştirakı, kadr potensialı və mövcud resurslardan istifadə vəziyyəti qiymətləndirilib. Yoxlamaların nəticələri əsasında müəyyən edilmiş çatışmazlıqlar barədə müvafiq bölmələrə korporativ elektron poçt vasitəsilə məlumat verilib, aşkar olunan nöqsanların növbəti monitorinqlərədək aradan qaldırılması tapşırılıb.
Monitorinqlərin keçirilməsində məqsəd struktur bölmələrin fəaliyyətinin universitetin daxili normativ sənədlərinə və strateji hədəflərinə uyğunluğunu qiymətləndirmək, idarəetmədə səmərəliliyi artırmaq, mövcud çatışmazlıqları müəyyənləşdirmək və daxili keyfiyyət təminatı mexanizmlərini gücləndirməkdir.