17 noyabr 2026-cı il tarixində Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərovun universitetdə təhsil alan əcnəbi tələbələrlə görüşü keçirilib. Görüşün əsas məqsədi əcnəbi tələbələrin universitet mühitinə inteqrasiyasını gücləndirmək, onların təhsil prosesi ilə bağlı fikirlərini öyrənmək, qarşılaşdıqları çətinlikləri dinləmək və universitetin ictimai-sosial həyatında fəal iştirakını təşviq etmək olub.
Görüş zamanı rektor Yaşar Ömərov tələbələrə ATU-nun fəaliyyəti, tədris imkanları, beynəlxalq əməkdaşlıq əlaqələri və universitetdə həyata keçirilən müxtəlif layihələr barədə məlumat verib. O, universitetin yalnız akademik biliklərin əldə olunduğu təhsil müəssisəsi deyil, eyni zamanda tələbələrin şəxsi inkişafı, sosial fəallığı və mədəniyyətlərarası ünsiyyəti üçün mühüm mühit olduğunu vurğulayıb.
Rektor əcnəbi tələbələri universitetin elmi, mədəni, sosial və ictimai həyatında daha fəal iştirak etməyə, təşkil olunan tədbirlərə, müxtəlif layihələrə və tələbə təşəbbüslərinə qoşulmağa dəvət edib. Bildirib ki, beynəlxalq tələbələrin universitet həyatında fəal iştirakı multikultural mühitin zənginləşməsinə, fərqli mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın və dostluq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verir.
İnteraktiv müzakirə şəraitində keçən görüşdə əcnəbi tələbələr onları maraqlandıran məsələlərlə bağlı suallarını səsləndirib, tədris prosesi, universitet həyatı və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar. Rektor tələbələrin suallarını cavablandırıb, onların rəy və təkliflərinin universitet rəhbərliyi üçün əhəmiyyətini diqqətə çatdırıb. Görüşdə əcnəbi tələbələrin universitet mühitinə uyğunlaşmasının, onların akademik və sosial fəaliyyətlərə cəlb olunmasının, eləcə də tələbələrlə universitet rəhbərliyi arasında açıq və səmərəli kommunikasiya mühitinin formalaşdırılmasının vacibliyi qeyd edilib.
Sonda bu cür görüşlərin əcnəbi tələbələrlə birbaşa ünsiyyətin gücləndirilməsi, onların ehtiyac və gözləntilərinin daha yaxından öyrənilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, hazırda ATU-da Türkiyə, Pakistan, Qazaxıstan, Gürcüstan, Rusiya, Ukrayna, Nigeriya, Hindistan, Nepal və Banqladeşdən olan ümumilikdə 183 əcnəbi tələbə təhsilin müxtəlif səviyyələri üzrə təhsil alır.