Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və dünya universitetləri ilə əlaqələrin genişləndirilməsi vasitəsilə universitetin beynəlmiləlləşdirilməsi strategiyasına uyğun olaraq, Azərbaycan Texnologiya Universiteti (UTECA) Koreya Respublikasının Honam Universiteti ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb. Sənədi Azərbaycan Texnologiya Universitetinin rektor vəzifəsini icra edən dosent Yaşar Ömərov və Honam Universitetinin prezidenti Park Sang Choel imzalayıb. Memorandum təhsil və tədqiqat sahəsində hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Memoranduma əsasən, universitetlər arasında müəllim-tələbə mübadiləsi, layihə və proqramların işlənib hazırlanması, birgə elmi-tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub. Eyni zamanda, Azərbaycan Texnologiya Universiteti Honam Universiteti ilə birgə Koreya Fondu tərəfindən maliyyələşdirilən layihədə tərəfdaş kimi çıxış edəcək. KF E-school layihəsi çərçivəsində universitetin tələbələrinə 2021-ci ilin sentyabr ayından etibarən Honam Universitetinin əməkdaşları tərəfindən Koreya dilinin tədrisi nəzərdə tutulub.
Azərbaycan xalqı hər zaman mübariz bir xalq olduğunu tarix boyu baş vermiş müharibələrdə göstərmişdir. Həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Vətən müharibəsində əsgərlərin cəsurluğu, igidliyi bir daha bu xalqın basılmaz olduğunu sübut etdi. 44 günlük müharibə bizə çox məqamları öyrətdi. Xalq birliyi, xalq həmrəyliyi, xalqın inamı qələbə qazanmağa vəsilə oldu. Müharibə dövründə hər kəsin gücü nəyə çatdısa onunla hərbçilərə kömək etməyə çalışdı. Bu işdə ziyalı da, kəndli də, sahibkar da, hərbçi də, təqaüdçü də səfərbər olaraq qələbəyə doğru aparan yola öz töhfəsini vermiş oldu. Sonda xalqın Ali Baş komandan ətrafında birləşməsi, müharibənin hüquqi müstəvidə baş verməsi, Azərbaycan Ordusunun böyük qəhrəmanlıq və peşəkarlıq göstərməsi mənfur düşmən üzərində qələbə çalmağa şərait yaratdı. Müharibə bitəndən sonra azad olunmuş torpaqlarda insanların məskunlaşması, yerli infrastrukturun bərpası, sosial və iqtisadi islahatların aparılması ilə bağlı layihələr işlənib hazırlanmağa başlandı. 30 il ərzində məhv olmuş ərazilərdə yeni həyatın bərpası, əlbəttə ki, zaman tələb edir. Ancaq qeyd etmək lazımdır ki, bu qayıdış daha möhtəşəm olacaqdır. İşğaldan azad olunmuş ərazilərə yeni nəfəsin gəlməsi ilə bu ərazilərimiz dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir. Həmin ərazilərdə infrastruktur layihələri fasiləsiz icra olunur. Dövlət başçısının təməlqoyma mərasimlərində iştirakı böyük əhəmiyyətə malikdir. Belə ki, Fizulidə, Laçında Hava Limanlarının açılması bu ərazilərə çox sayda turist cəlb edəcək. Xarici dövlətlərdən gələn insanlar bu dilbər güşələrin gözəllikləri ilə həm tanış ola biləcək, həm də ölkəmizə valyuta axınını sürətləndirəcək. İşgaldan azad olunmuş Kəlbəcərdə mövcud olan Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək və s. mineral bulaqlar burada müalicə, sağlamlıq və rekreasiya turizminin inkişafına köməklik göstərəcək. İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir və insanların həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək üçün istifadə olunur. İstisu bulağı üstündə yeni iri kurort və mineral sudoldurma zavodu tikilərək istifadəyə verilməsi həm yeni iş yerlərinin açılmasını, həm də ölkə büdcəsinin zənginləşməsini təmin edəcəkdir. Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Xocavənd rayonunun Tuğ kəndində gözəlliyi ilə insanların ruhunu oxşayan meşə massivləri, təmiz bulaqları, flora və fauna müxtəlifliyi ekoloji, kənd və ailə turizminin inkişafı üçün geniş imkanlar açacaq. Adı dillər əzbəri olan Laçının da torpaq-iqlim şəraiti, havası, bulaqları, xalq sənəti nümunələri, təbii xammal ehtiyatları buranın müasir bir turizm məkanına çevrilməsinə imkan yaratmış olacaq. Laçın ərazisində toxuculuq sənəti inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır. Postmüharibə dövründə burada da hər bir sahədə olduğu kimi aparılan sosial-iqtisadi islahatlar, xalçaçılıq sənətinin bərpa edilməsi, maarifləndirici, dərketmə, dağ, speleoturizm və digər turizm növlərinin inkişaf etdirilməsi ölkəmizin dünyada daha da tanınmasına, daha böyük marağa səbəb olmasına zəmin yaradacaq. Ümumilikdə, işgaldan azad olunmuş torpaqların bərpası və canlanması, oraya yeni nəfəsin verilməsi üçün vaxt tələb olunur. Biz ümid edirik ki, qısa zaman kəsiyində bu torpaqlara yaşamağa qayıdacağıq, bu torpaqları diriltməyə çalışacağıq və təkcə düşmənlərimiz yox, onların havadarları da Azərbaycan dövlətinin, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Xalqının necə güclü və məğlubedilməz olduğunu görəcəklər. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Afət Qasımova
“Qida mühəndisliyi və ekspertiza” kafedrasınının dos.əv.
Azərbaycan Texnologiya Universitetinin 6 tələbəsi Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Almaniya, İspaniya və Polşa universitetlərində bir semestr müddətində təhsilini davam etdirmək imkanını əldə edib. Universitetin rektor səlahiyyətlərini müvəqqəti icra edən dosent Yaşar Ömərov həmin tələbələrlə görüşərək onları təbrik edib və öz tövsiyələrini verib. Rektor əvəzi tələbələrə təhsillərində müvəffəqiyyətlər arzulayaraq beynəlxalq mübadilə proqramlarının ölkəmiz üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ilə yanaşı, gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə yiyələnməsində vacib rol oynadığını vurğulayıb. Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti hazırda Erasmus+ mübadilə proqramı çərçivəsində Avropanın İspaniya, Almaniya, Rumıniya,Slovakiya, Polşa, və s. kimi ölkələrinin çoxsaylı universitetləri ilə sıx əməkdaşlıq edir. Almaniya, İspaniya və Polşada təhsil alacaq həmin tələbələrin bütün xərcləri Erasmus+ proqramı tərəfindən qarşılanır.
Azərbaycan Texnologiya Universitetində “PROGRO” - Peşəkar İnkişaf və İnnovasiyalar Platformasının təkilatçılığı ilə “Azərbaycanda karyera” mövzusunda təlim keçirilib. PROGRO platforması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazlirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə əməkdaşlığı ilə yaradılıb. Platformanın məqsədi Azərbaycanda əhalinin, xüsusilə gənclərin əmək bazarının müasir tələblərinə və gələcək perspektivlərinə cavab verən peşəkar və səriştəli gənclər yetişdirmək, eləcə də onların uzun müddətli məşğulluğu və özünüməşğulluğuna xidmət etməkdir. Təlimdən əvvəl PROGRO Platformasının Gəncə mərkəzinin kordinatorları, eləcə də tanınmış biznes konsultant, peşəkar idarəçi və təlimçi Fəxri Ağayev Universitet rəhbərliyi ilə görüşüb. Azərbaycan Texnologiya Universitetinin rektor səlahiyyətlərini müvəqqəti icra edən dosent Yaşar Ömərov PROGRO platformasının UTECA ilə əməkdaşlığının tələbə və məzunlar üçün yaxşı fürsət olduğunu qeyd edib, gənclərin bu fürsəti dəyərləndirmələrinin vacibliyini vurğulayıb. Bildirib ki, müvafiq sahələrdə öz sözünü demiş peşəkarların təlimləri və tələbələrlə görüşləri, yaxşı təcrübələri ilə bölüşmələri, əmək bazarı üçün mütəxəssislərin hazırlanmasına yaxşı dəstəkdir. Təlimçi Fəxri Ağayev iş dünyasında Azərbaycan gəncliyinə dəstəyindən danışaraq bildirib ki, məqsədi məzunların iş əlçatanlığını asanlaşdırmaq, onlarda özünüinkişaf vərdişlərini formalaşdırmaq, biznes, peşəkarlıq və karyeraya gedən yolun qət edilməsi üsullarını öyrətməkdən ibarətdir. F.Ağayev rəhbərlik etdiyi Sahibkarlar klubu ilə universitet ələqələri yaratmaq üçün Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq niyyətində olduğunu da qeyd edib. Daha sonra Azərbaycan Texnologiya Universitetinin ev sahibliyi etdiyi “Azərbaycanda karyera” mövzusuna həsr edilmiş təlim pandemiya qaydalarına tam əməl edilməklə reallaşıb. Təlimçi F.Ağayev əmək bazarında peşəkar işçi profilini formalaşdırmaq üçün vacib olan məqamlar və işaxtaran gənclərə iş mühitində tələb olunan əsas keyfiyyətlər barədə məlumat verib. Sonda təlimçi gənclərin suallarını cavablandırıb.
Azərbaycan Texnologiya Universitetinin (UTECA) tələbələrinin COVİD-19 virusuna qarşı peyvəndlənməsi prosesinə start verilib. Cari ilin 4 avqust tarixindən başlayaraq Azərbaycan Texnologiya Universitetində yaradılmış müvəqqəti vaksinasiya məntəqəsində tələbələrin koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə başlanıb. Vaksinasiya prosesində universitetin Gəncə şəhərində yaşayan və qeydiyyatda olan tələbələri iştirak ediblər. Ənənəvi tədris prosesinin bərpa olunması arzusunda olan tələbələr bu prosesə böyük həvəslə qatılıblar.
"Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması ve İnkişaf Etdirilməsi" EQAC Erasmus+ layihəsi çərçivəsində seminar keçirilib. 28-30 iyul 2021-ci il tarixində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması ve İnkişaf Etdirilməsi" EQAC” layihəsi çərçivəsində 3 günlük seminar keçirilib. Azərbaycan Texnologiya Universitetinin də partnyor olduğu bu layihənin adı çəkilən seminarında layihə işçi qrupunun üzvləri Vüqar İsmayılov və İlahə Qurbanova iştirak ediblər. Daxili Keyfiyyət Zəmanəti mövzusunda təşkil edilmiş bu seminarda həmçinin layihə tərəfdaşı olmayan ADA, BANM, ATU, BMU, ASUCA, BAU, LDU daxil olmaqla Azərbaycandan 20 fərqli universitet nümayəndələri də seminarda fəal iştirak edib. İnteraktiv və onlayn şəkildə keçirilən seminarda ali təhsil müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin mövcud vəziyyəti, keyfiyyət mədəniyyəti, keyfiyyət siyasətinə uyğun həyata keçirilən və gələcəkdə nəzərdə tutulan fəaliyyətlər, monitorinq və qiymətləndirmə sistemi iştirakçılar tərəfindən geniş müzakirə edilib, beynəlxalaq təlimçilər tərəfindən müvafiq tövsiyyələr bildirilməklə, məhsuldar fikir və təcrübə mübadiləsi aparılıb.