Azərbaycan Texnologiya Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Elm və texnologiyaların müasir trendləri” adlı Respublika Elmi-Praktik Konfransı keçirilib.
Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin büstü və universitet ərazisində ucaldılmış Şəhidlər abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə açıq elan edilib.
Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e Yaşar Ömərov giriş sözü ilə çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı 30 illik işğaldan azad etməsindən və bu zəfərin qazanılmasında xalq-dövlət-ordu birliyi ilə bərabər yüksək texnologiyaların rolundan danışıb, işğaldan azad olunmuş ərazilərdə ağıllı kənd, ağıllı şəhər konsepsiyası əsasında aparılan quruculuq işlərində əks olunan müasir texnoloji trendləri vurğulayaraq konfransın mövzusunun aktuallığına diqqət çəkib.
Daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil Dövlət Agentliyinin sədri Ülkər Səttarova, Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya mərkəzinin baş icraçı direktoru Fariz Cəfərov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin direktoru Zaur Bayramov, “AzerGold” QSC-dən Valid Əliyev, Azərbaycan Respublikası Kosmik Agentliyin nümayəndəsi Aytən Zeynallı çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Konfransın plenar iclasında strateji inkişaf və rəqəmsallaşma üzrə müşavir Mehman Kərimovun təqdimatında “Sinerji və Tərəqqi: Universitet-Elm-Texnologiya-Sənayedə qarşılıqlı inkişaf trendləri” mövzusunda, Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının dosenti, sənaye dizaynı üzrə elmlər doktoru İmaş Hacıyevin təqdimatında “Müasir dövrdə elm və texnologiyaların inkişafında dizaynın rolu” mövzusunda məruzələr dinlənilib.
İki gün davam edəcək konfrans plenar iclasdan sonra öz işini 12 istiqamət üzrə bölmələrdə davam etdirib. Konfransın məcmuələr toplusuna 300-ə yaxın tezis daxil edilib.