Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU “Azəralüminium” MMC ilə birgə ilk sənaye yönümlü təhsil proqramının tətbiqinə başlayır

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə “Azəralüminium” MMC arasında “Metallurgiya mühəndisliyi” ixtisası üzrə birgə sənaye yönümlü kadr hazırlığına və həmin sahə üzrə təhsil alan tələbələrin peşəkar inkişafına dair saziş imzalanıb.

Saziş tələbələrin sənayenin real tələblərinə uyğun bilik və bacarıqlar qazanmasını və gələcək karyeraya hazırlanmasını nəzərdə tutur. Əməkdaşlığın əsas istiqaməti “ALUMET” adlanan, “Metallurgiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrin akademik, praktiki və peşəkar inkişaf proqramıdır. Sözügedən proqram Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində hazırlanıb.

Proqram çərçivəsində 2026/2027-ci tədris ilində “Metallurgiya mühəndisliyi” ixtisasına qəbul olunmuş tələbələr “Azəralüminium” MMC-nin istehsalat sahələri ilə tanış olmaq, mühəndis və mütəxəssislərlə görüşlər keçirmək imkanı qazanmaqla yanaşı, xüsusi mentorluq proqramına, praktiki tapşırıqlara, sənaye yönümlü layihələrə və istehsalat təcrübəsinə cəlb ediləcəklər.

ALUMET proqramının əsas mərhələsinin 2027-ci ilin fevral ayından başlanması planlaşdırılır. Proqram çərçivəsində alüminium istehsalı, texnoloji proseslər, keyfiyyətə nəzarət, sənaye avtomatlaşdırılması, enerji səmərəliliyi və davamlı metallurgiya kimi istiqamətlər üzrə bilik və bacarıqların inkişafına diqqət yetiriləcək.

Sazişə əsasən, yüksək akademik nəticə göstərən tələbələrə “Azəralüminium” MMC-nin mərhum direktoru və ATU-nun sabiq professoru Cəmil Səfərovun adına təqaüd veriləcək.

Qeyd edək ki, ATU ilə “Azəralüminium” MMC arasında uzun müddətdir uğurlu əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində universitetin “Kimya və metallurgiya mühəndisliyi” kafedrasının “Azəralüminium” MMC-də filialının fəaliyyət göstərməsini, “Azəralüminium” MMC-nin ATU-da auditoriyalar qurmasını, birgə elmi işlərin aparılmasını, müəssisə əməkdaşlarının universitetdə tədris prosesinə cəlb edilməsini və tələbələrin sözügedən sənaye müəssisəsində istehsalat təcrübəsində iştirakını qeyd etmək olar.

 

ATU-nun elmi nəşrləri XII Bakı Beynəlxalq Kitab Sərgisində maraqla qarşılanır

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi uğurla davam edir. İlk gündən etibarən geniş oxucu kütləsinin rəğbətini qazanan sərgidə Azərbaycan Texnologiya Universitetinin (ATU) stendi ziyarətçilərin diqqətini çəkib.

Növbəti sərgi günündə ATU-nun rektoru Yaşar Ömərov universitetin stendində olub, nümayiş etdirilən elmi mühitin gedişatını izləyib. 

Sərgi çərçivəsində Milli Məclisin deputatı, tanınmış ictimai-siyasi xadim Vüqar Rəhimzadə də ATU-nun stendini ziyarət edib. Millət vəkilinə ATU alimlərinin müəllifi olduqları fundamental kitablar, ən son elmi jurnallar və müasir tədris vəsaitləri barədə ətraflı məlumat verilib. Millət vəkili Vüqar Rəhimzadə universitetin elmi-akademik fəaliyyətini, xüsusilə ali təhsil ocağının nəşriyyat uğurlarını yüksək qiymətləndirib.

Qeyd edək ki, ATU stendində nümayiş olunan innovativ elmi əsərlər və dərsliklər təkcə rəsmi qonaqların deyil, həmçinin sərgini ziyarət edən digər elm adamlarının, tələbələrin və çoxsaylı kitabsevərlərin marağına səbəb olub. Ziyarətçilər texnologiya, mühəndislik və innovasiya sahəsindəki universitet nəşrləri ilə yaxından tanış olaraq stenddə ATU-nu təmsil edən əməkdaşlarla həmsöhbət olurlar.

 

ATU-ya beynəlxalq maraq artır: Əcnəbi tələbələrin sayı 8 dəfədən çox yüksəlib

Azərbaycan Texnologiya Universitetində (ATU) son üç tədris ili ərzində əcnəbi tələbələrin sayı 8 dəfədən çox artıb, onların təmsil etdikləri ölkələrin coğrafiyası isə əhəmiyyətli dərəcədə genişlənib.

2024–2025-ci tədris ilində universitetdə 21 əcnəbi tələbə təhsil aldığı halda, 2025–2026-cı tədris ilində bu göstərici 121, 2026–2027-ci tədris ilində isə 174 nəfərə yüksəlib. Beləliklə, son üç tədris ili üzrə müqayisədə əcnəbi tələbələrin sayı 153 nəfər və ya təxminən 729 faiz artıb. Təkcə cari tədris ilində əvvəlki illə müqayisədə 43,8 faizlik artım qeydə alınıb.

Müsbət dinamika ali təhsilin bütün səviyyələləri üzrə müşahidə olunur. 2025–2026-cı tədris ili ilə müqayisədə hazırlıq proqramında əcnəbi tələbələrin sayı 101 nəfərdən 114 nəfərə (12,9 faiz), bakalavriat səviyyəsində 17 nəfərdən 55 nəfərə (223,5 faiz), magistratura səviyyəsində isə 3 nəfərdən 5 nəfərə (66,7 faiz) yüksəlib. 

Xüsusilə bakalavriat pilləsində qeydə alınan üç dəfədən çox artım universitetin ali təhsil proqramlarına beynəlxalq marağın gücləndiyini göstərir.

Əcnəbi tələbələrin təmsil etdikləri ölkələrin sayı da 3-dən 10-a çatıb. Belə ki, 2024–2025-ci tədris ilində ATU-da Pakistan, Türkmənistan və Nigeriyadan olan tələbələr təhsil aldığı halda, 2025–2026-cı tədris ilində ölkələrin sayı 7-yə, cari tədris ilində isə 10-a yüksəlib.

Hazırda universitetdə Türkiyə, Pakistan, Qazaxıstan, Gürcüstan, Rusiya, Ukrayna, Nigeriya, Hindistan, Nepal, Banqladeşdən olan əcnəbi tələbələr təhsil alırlar.

Əldə olunan nəticələr ATU-nun beynəlmiləlləşmə strategiyasının uğurla həyata keçirildiyini, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndiyini və universitetin xarici tələbələr üçün cəlbediciliyinin yüksəldiyini nümayiş etdirir.

Azərbaycan Texnologiya Universiteti beynəlxalq təhsil məkanında mövqeyini daha da gücləndirmək, xarici tələbə kontingentini genişləndirmək və multikultural akademik mühiti inkişaf etdirmək istiqamətində fəaliyyətini davam etdirir.

 


ATU XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan Texnologiya Universiteti (ATU) XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

Universiteti İnnovasiya Mərkəzinin rəhbəri Elnur Əhmədov, əməkdaşı Xamzat Şəliyev və Mətbəənin müdiri Mobil Qarayev təmsil edirlər.

Stenddə ATU alimlərinin müəllifi olduqları kitablar, universitetin elmi jurnalları və tədris vəsaitləri nümayiş etdirilir. 

Mədəniyyət Nazirliyi və SOCAR-ın təşkilatçılığı ilə keçirilən sərgi Bakı Ekspo Mərkəzində oktyabrın 27-dək davam edəcək.

Bu il sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında təşkil olunur.

Bakı Beynəlxalq Kitab Sərgisi elmi nəşrlərin və dərsliklərin beynəlxalq səviyyədə tanıdılması, alimlərin elmi əsərlərinin daha geniş auditoriyaya çatdırılması, qabaqcıl nəşriyyat təcrübəsinin öyrənilməsi və ölkələr arasında elmi-mədəni əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, sərgi ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmi nəşrlərin beynəlxalq elmi mühitdə görünürlüğünün artırılması üçün əlverişli imkanlar yaradır.

 

Qürur ünvanımız Zəngilan- yurdun dirçəliş təntənəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 20-si tariximizə Zəngilan Şəhəri Günü kimi daxil edilmişdir. Bu əlamətdar gün təqvimdə sadə bir  bayram deyil, həm də, xalqımızın dəmir iradəsinin, milli birliyinin və tarixi ədalətin bərpasının təntənəsidir.  

44 günlük Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə xalqımızın otuz illik həsrətinə son qoydu. Bu hadisə Azərbaycanın qızıl hərflərlə yazılmış ən yeni tarixidir ki, bu şanlı salnamənin ən parlaq səhifələrindən biri də Müzəffər Azərbaycan Ordusunun 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin və rayonun bir sıra yaşayış məntəqələrinin düşmən tapdağından azad etməsi və ölkəmizin hərbi-strateji üstünlüyünü nümayiş etdirdiyi Zəngilan əməliyyatıdır. 

Otuz ilə yaxın davam edən işğal dövründə düşmən digər işğal altında olan torpaqlarımız kimi Zəngilan rayonunun da həm maddi-mədəniyyət abidələrini, həm də dini ocaqlarını hədəfə almış, dağıntılara məruz qoymuşdu. Rayon ərazisindəki qədim məscidlər, tarixi abidələr, qəbiristanlıqlar dağıdılmış, təhqir xarakterli münasibətlərə məruz qalmışdı. Bir xalqın mədəniyyətinə, dininə, inancına, milli-mənəvi irsinə göstərilən bu cür münasibət bizim bu illər ərzində necə bir düşmənlə üz-üzə qaldığımızın ən bariz görüntüsüdür. Məkrli düşmən vandalizmininə məruz qalaraq viran qoyulan Zəngilan şəhər məscidi də işğal dövründə tamamilə dağıdılaraq xarabalığa döndərilmiş, öz əvvəlki görkəmini 70%-ə qədər itirmişdi.

Lakin torpaqlarımız azad edildikdən sonra dövlətimiz bu istiqamətdə mühüm addımlar ataraq Zəngilan şəhərində qədimlik və müasirliyin sintezi ilə yeni məscid kompleksinin inşasına başladı. Müasir tikinti texnologiyaları ilə qədim memarlıq üslubunun vəhdətindən yaradılan yeni kompleks düzbucaqlı plan quruluşlu, iki minarəli layihələndirilib. Burada 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb. Tarixi Zəngilan məscidinin qalıqları isə erməni işğalçılarının Qarabağ və Şərqi Zəngəzurda dini abidələrimizə qarşı törətdikləri vanadalizmi bütün çılpaqlığı ilə əks etdirən və gələcək nəsillərə ötürən tarix dərsi kimi açıq səma altında sərgiyə çevrilib.  

Dağıdılmış məscidlərimizin bərpası və yeni ibadət ocaqlarının inşası xalqımızın milli yaddaşına və mənəviyyatına sahib çıxdığının əyani sübutudur. Tarixi abidələrlə yanaşı, bütün rayon ərazisinin yenidən qurulması isə tam yeni bir mərhələnin – Böyük Qayıdışın başlanğıcıdır.

Zəngilan şəhərinin azad olunmasından dərhal sonra başlanan bərpa və quruculuq işləri dirçəliş, inşa və strategiya çərçivəsində birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın nəzarəti və müstəsna diqqəti ilə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  Zəngilana etdiyi müntəzəm səfərlər bu bölgənin qısa müddət ərzində dünyanın ən müasir yaşayış məntəqələrindən birinə çevrilməsinin təminatçısıdır. Dövlət başçımızın səfərləri bir sıra konsepsiyaların – strateji təməllər və “Ağıllı şəhər”, nəqliyyat və logistika qovşağı, iqtisadiyyat, ekologiya və turizm istiqamətlərinin uğurla reallaşmasına, Zəngilanın isə müasir dövrün tələblərinə cavab verən tam yeni inkişaf modelinə çevrilməsinə zəmin yaratmışdır. Prezident İlham Əliyevin səfərləri çərçivəsində Zəngilanda təməli qoyulan layihələr regionun gələcək inkişaf vektorunu müəyyənləşdirib. Rayonun Ağalı kəndində icra olunan və ölkəmizdə ilk olan "Ağıllı kənd" layihəsi artıq Böyük Qayıdışın uğurlu başlanğıcına çevrilib, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin edib. Eyni zamanda, 2022-ci ildə istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı şəhəri beynəlxalq nəqliyyat dəhlizinə çevirməklə yanaşı, Şərqi Zəngəzurun və Naxçıvanın iqtisadi potensialının artmasında həlledici rol oynayır. O cümlədən, Zəngilan Logistika Mərkəzinin, məktəb və xəstəxana binalarının təməli qoyulmuş, bəzilərinin açılışı həyata keçirilmişdir. Ekoloji tarazlığın bərpası məqsədilə Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpası istiqamətində görülən işlər də məhz dövlət başçısının diqqət mərkəzindədir.

Bütün bu bərpa və quruculuq işləri sübut edir ki, şəhidlərimizin qanı bahasına alınmış bütün torpaqlarımızda həyat yenidən qaynayır. Beləliklə də, həm Zəngilan, həm də digər azad edilmiş yurdlarımız  tezliklə ölkəmizin ən gözəl, abad və iqtisadi cəhətdən inkişaf etmiş mərkəzlərinə çevriləcəkdir.

  •  Azərbaycan Texnologiya Universiteti
  • Humanitar elmlər və multikulturalizm kafedrasın
  • baş müsəllimi Zəminə Rəsul qızı Novruzova
  •  

 

 

ATU tələbəsi kikboksinq üzrə Azərbaycan çempionu olub

Azərbaycan Texnologiya Universitetinin (ATU) Ekologiya mühəndisliyi ixtisasının II kurs tələbəsi Ruslan Rüstəmli kikboksinq üzrə 30-cu Azərbaycan çempionatının qalibi olub.

Bakı şəhərindəki Sərhədçi Olimpiya İdman Kompleksində gənclər və kişilər arasında keçirilən yarışda 91 kq çəki dərəcəsində mübarizə aparan idmançı iki döyüş keçirərək birinci yerə layiq görülüb.

Bu qələbə ilə Ruslan Rüstəmli 16 ildən sonra Gəncəyə kikboksinq üzrə Azərbaycan çempionatının qızıl medalını qazandıran idmançı olub. O, eyni zamanda Şimali Makedoniyada keçiriləcək Avropa çempionatında iştirak hüququ qazanıb.

Qeyd edək ki, Ruslan Rüstəmli yeniyetmələr və gənclər arasında üçqat Azərbaycan çempionudur. O, Türkiyənin Antalya şəhərində keçirilən Dünya kubokunda da üçüncü yeri tutub.