Azərbaycan xarici investorların diqqətini cəlb edir İlahi qüvvə tərəfindən bizə vətən olaraq sərmayə kimi bəxş edilən Azərbaycanımız günəşli səması, əsrarəngiz təbiəti, əlverişli iqlimi, minbir dərdə dərman olan bitki örtüyü ilə zəngin münbit torpağı, yerüstü, yeraltı sərvətləri, gülərüz, qonaqpərvər milləti ilə həmişə yaxın və uzaq ölkələri özünə cəlb etmişdir.Vətənimiz otuz il müddətində qanadı yaralı quş kimi idi. Mənfur, bütün vəhşiliklərə qadir olan düşmən vətənimizin dilbər güşəsi, Xurşudbanu Nətavan, Vaqif, Üzeyir, Bülbül və yüzlərlə belə dahilər yetişdirən, ölməz, əbədiyaşar liderimizin dediyi kimi Azərbaycanımızın gözü olan Şuşamızı, Qarabağ ellərimizi xarici havadarların köməyi ilə zəbt etmişdir. Nəhayət ki, 2020-ci ildə iti zəkası, uzaqgörən siyasəti, səlist nitq qabiliyyəti ilə seçilən, xalqın sevimlisi, dəmir yumruqlu Prezidentimizin və ölümün özünü belə öldürməyə qadir olan Vətənin mərd oğullarının, Azərbaycan xalqının böyük şücaəti ilə torpaqlarımız yağılardan azad oldu. Prezidentimizin rəhbərliyi ilə yaxın zaman keşiyində düşmən tərəfindən daşı daş üstündə qalmayan, zəngin təbiətə malik olan Qarabağ ellərimiz ən inkişaf etmiş bir diyara çevriləcək. Neft qaz yataqları, zəngin məhsullları ilə bütün dünya investorlarını cəlb edən ölkəmiz artıq böyük şirkətlərin sərmayə qoymaq istədiyi ölkələrdən ilklər sırasındadır. İndiyədək neft qaz sahəsində 10 milyardlarla dollar sərmayə qoyulub və yüksək nəticə əldə edilməsi enerji sahəsində də nailiyyətlərin olmasına zəmanət verir. Bu ilin başlanğıcında ölkəmizdə energetika sahəsində çox uğurlu addımlar atılıb. Bu sahələrə investisiya qoyan şirkətlərdən biri də BƏƏ-nin “Masdar” şirkətidir. 15 mart 2022-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Qaradağ Günəş Elektrik Stansiyasənın tikilməsinə sərəncam verilib. Bu tikiliş Masdar şirkəti tərəfindən icra olunacaq. 550 ha ərazidə inşa ediləcək 230 meqavat gücə malik olacaq stansiyada 700-dən artıq iş yeri açılacaq. Bu elektrik stansiysı 110 min ev təsərrüfatını əhatə edəcək. Burada istehsal olunacaq elektrik enerjisinə sərf edilən qaza 110 milyon m3 qənaət olunacaq. Havaya atılacaq 200 min tondan artıq karbon emissiyasının qarşısı alınacaq. Cənab İlham Əliyev “Masdar” şirkətinin əməkdaşları ilə görüşəndə bildirmişdir ki, bizim ölkəmizdə istehsal olunan enerji ekoloji cəhətdən təmiz mənbələrdən, təbii qaz, su, günəş, küləkdən alındığı üçün enerjinin potensialı daha böyükdür. Prezident ölkələrin inkişafında elektrik enerjinin əsas rol oynadığını xüsusi vurğulamışdır. Ölkəmiz tək xam nefti ilə deyil, neft məhsulları, təbii qaz və elektrik enerjisi istehsalı və istehlakı ilə öndə gedən ölkələr sırasında olacaq. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, təkcə neft sektorunda deyil, qeyri-neft sektorunda, qeyri-neft sənayesində də inkişaf sürətlənir. Azad olmuş torpaqlarımız günü-gündən gülüstana çevrilir.
Kazımova Nurlana
Azərbaycan Texnologiya Universitetinin
Ümumi və tətbiqi fizika kafedrasının müəllimi
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü və dəstəyi ilə tərcümə və nəşr olunan kitab təqdimat mərasimində UTECA-nı təmsil edən rektorun sənaye işləri üzrə müşaviri Aqil Eyvazova təqdim olunub. Kitabın elmi redaktoru Rasim İsmayılov bildirib ki, kitabın tərcümə və çap edilməsində əsas məqsəd faydalı qazıntıların öyrənilməsi, tədqiqi, səmərəli idarə olunmasıyla bağlı dünya elmində baş verən yenilikləri, əldə olunan müasir təcrübəni gənc mütəxəssislərə Azərbaycan dilində aşılayaraq bu sahədə dövlətimizin, elm və təhsil müəssisələrimizin həyata keçirdiyi ardıcıl fəaliyyətə töhfə verməkdir. Aqil Eyvazov isə bildirib ki, Texnologiya Universitetinin yeni inkişaf strategiyasında dağ-mədən sənayesi üzrə kadr hazırlığı əsas punktlardan biridir və tanınmış kanadalı geoloq Robert Stivensin qələmə aldığı sözügedən kitab “AzerGold” sayəsində Texnologiya Universitetinin kadr hazırlığında, beynəlxalq təcrübə və qabaqcıl istehsal texnologiyalarının tədrisi və mənimsənilməsi baxımından UTECA tələbələri və gənc tədqiqatçıları üçün mühüm dərs vəsaiti olacaq. Tədbirdə “AzerGold” QSC-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Geoloji Kəşfiyyat Xidmətinin, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin, eləcə də geologiya və dağ-mədən sahələrində müvafiq dövlət qurumlarının, elm və təhsil müəssəsisələrinin rəhbər şəxsləri, qocaman geoloqlar, akademik heyət və tələbələr iştirak ediblər. Qeyd edək ki, “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabında dağ-mədən sənayesi haqqında ümumi təsəvvürlər, geologiya, faydalı qazıntı yataqları, texniki araşdırmalar, həmçinin mədənlərin idarə edilməsində maliyyə modelləri, eləcə də ekoloji tədbirlər barədə geniş və praktiki nümunələrlə zəngin məlumatlar izahlı şəkildə təqdim olunur. Kitabda, eyni zamanda iri dağ-mədən şirkətlərinin təcrübələri əsasında layihələrin idarəolunması modellərinə dair təhlillər aparılır, iri metal korporasiyalarının illik hesabatlarına istinadlar edilir. Kitab respublikanın elmi kitabxanalarına, həmçinin geologiya və dağ-mədən sahələri üzrə ixtisasların tədrisini həyata keçirən digər universitetlərə də hədiyyə ediləcək.
Azərbaycan Texnologiya Universitetində (UTECA) “Müasir İnkişaf” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Oxuyaq, öyrənək, öyrədək” layihəsi icra edilib.UTECA-dan start götürən tədbirdə çıxış edənlər mütaliə mövzusunda maarifləndirici nitqlər söyləyib, tələbələrə oxuma vərdişlərinə dair maraqlı tövsiyələr veriblər.Rektorun elm və xarici əlaqələr üzrə müşaviri Mayıs Gülalıyev qeyd edib ki, informasiya almaq imkanının daha münbit olduğu bir zamanda mütaliənin getdikcə azalması tendensiyası müşahidə olunur. Ən böyük problem isə nəyin öyrənilməsi, hansı informasiyanın alınması və necə istifadə olunmasıdır: “Bu gün təqdim olunan layihə də məhz bu üç əsas nüansa fokuslanlıb. İnformasiya çoxdur, sadəcə hansı elmi istiqamətlərin vacib olduğuna diqqət yetirmək lazımdır. Bu gün dünya texnoloji inkişaf üzərində qurulub. Texnologiya əlçatanlığı çox olan ölkənin iqtisadiyyatı daha güclüdür. Texnoloji inkişafla bağlı dərsliklərin oxunmasına üstünlük verin, milli mentalitet, vətənpərvərliyi tərənnüm edən bədii ədəbiyyatları, romanları, povestləri, dünya klassiklərinin əsərlərini oxuyun. İxtisaslara uyğun ingilis dilli kitablar oxumaqla dilin mənimsənilməsinə diqqət yetirmək lazımdır” -deyə M.Gülayıyev qeyd edib.Daha sonra Azərbaycan Texnologiya Universitetinin baş müəllimi Mətanət Mustafayeva UTECA-da fəaliyyət göstərən “Kitab oxuyaq” müəllim-tələbə birliyi barədə məlumat verib. Qeyd edib ki, müxtəlif səpkilərdə kitablar seçilir və oxuduqdan sonra müzakirə edilir. Bəzən saatlarla davam edən bu müzakirələrdə müəllim və tələbə bərabərhüquqlu tərəfdaşa çevrilir. M.Mustafayeva tələbələrə müraciətində bildirib ki, oxuma zamanı insan bir çox kompetensiyalara sahib ola bilir - ilk növbədə sürətli düşünmə qabiliyyəti, orfoqrafik vərdişlər mütailənin qazandırdığı ən primitiv məqamlardır: “Kitab oxumaq insanın şəxsiyyətinin müəyyənləşməsində həqiqi mənada rol oynayır, ona görə də mütaliə özünə edilmiş ən böyük hörmətdir, özünü yetişdirmək üçün ən gözəl vasitədir. Kitab oxumaq zamana və məkana səyahət etmək imkanı verir. Unutmayın ki, cəmiyyət üçün ən təhlükəli adamlar məqsədsiz insanlardır. Kitab isə sizin son ali məqsədinizi müəyyənləşdirmiş olur”."Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü isə çıxışında qeyd edib ki, sosial şəbəkələr insanı mütaliədən uzaqlaşdırır. İnternetdən əldə edilən məlumatlar informasiya almaq, təhlil etmək və qərar vermək imkanına təsir edir. Kitabdan əldə olunan informasiyanı heç nə əvəz etmir. “Sosioloqların, psixoloqların araşdırmalarına görə mütaliə insanı psixoloji, ruhən xeyli sakitləşdiir və məlumatlılıq baxımından zənginləşdirir. Sosial Tədqiqatlar Mərkəzi “Azərbaycanda əhalinin kitab oxuma davranışı” başlıqlı sorğu keçirib. Bütün iqtisadi rayonları əhatə edən sorğuda kitab oxumadığını deyən respondentlərin 64%-i bunu vaxtının olmaması ilə əlaqələndirib. Əziz tələbələr, ən qiymətli məsələ vaxtdır. Zamanı nəyə sərf etdiyiniz sizin kim olduğunuzu göstərir. Mütaliəyə vaxt ayırın və əmin olun ki, oxuduqca oxumağa aclıq hiss edir insan”.Rektorun tədris və sənaye üzrə müşaviri Aqil Eyvazov tələbələrə kitab oxumağı günlük rutinə çevirməyi məsləhət görüb: “Mütaliəsizlik təxəyyül imkanlarını zəiflədir, kitab oxumağı vərdişə çevirin. İqtisadiyyatda alternativ dəyər anlayışı var, yəni bir sahəyə vəsait ayıranda digərinə azalma gedir. Mütaliəsizliyi vaxtın azlığı ilə əlaqələndirənlərdə vəziyyət eynilə bu cürdür. Ancaq boş zaman var, sadəcə onu düzgün dəyərləndirmək lazımdlır. Xüsusilə tələbələrimizin kitab oxumaq üçün şəraiti var. Kitabları universitetimizin kitabxanasından əldə edə, şəhər kitabxanalarına üzv ola bilərsiniz”.Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarəedilməsi üzrə meneceri Xatirə Bəşirova tələbələr qarşısında çıxışı zamanı bildirib ki, kitab oxumaq mədəniyyətdir. Doğru-dürüst, nəyi oxuyacağımıza qərar vermək isə məsuliyyətimizdir. “Oxuyaq, öyrənək, öyrədək” layihəsinin icrasına uğurlar arzulayan X.Bəşirova agentliyin dəstək göstərdiyi layihələrin əsas istiqamətləri barədə danışaraq gənclərə bu kimi layihələrdən, yaradılan imkanlardan yetərincə faydalanmağı tövsiyə edib.“Oxuyaq, öyrənək, öyrədək” layihəsi çərçivəsində növbəti tərbirlər Bakı şəhərində, Tovuz və Şamaxı rayonlarında keçiriləcək.
Azərbaycan Texnologiya Universitetində müəllimlər üçün “Rəqəmsal hekayədanışma” mövzusunda təlimlərə start verilib. Beş gün davam edəcək təlimlər Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və El-Gücü Beynəlxalq Humanitar Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Təlimçi qismində Bakı Amerika Mərkəzinin mütəxəssisi Ehtiram Məmmədov çıxış edir.İştirakçılar hər gün 3 saat ərzində dünya təhsil sahəsində innovativ və effektiv hesab edilən “Rəqəmsal hekayədanışma” texnologiyasına dair vacib məlumatlar əldə edirlər.Təlimlərin sonunda iştirakçılara sertifikatlar veriləcək.
UTECA-da respublika elmi konfransı keçirilibAzərbaycan Texnologiya Universitetində “Texnoloji inkişaf iqtisadi inkişafın əsasıdır” adlı müəllim və gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib.Konfransın onlayn qaydada təşkil edilən plenar iclasını Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov giriş sözləri ilə açıb. Rektor bildirib ki, müasir iqtisadiyyat texnologiyanın inkişafından asılıdır və yeni texnologiyanın inkişafı istehsal texnologiyalarının inkişafının əsasını təşkil edir. “Texnologiyanın inkişafı, texnoloji ideyalar yenilikləri sevir və bu istiqamətdə Azərbaycan Texnologiya Universiteti də yüksək ixtisaslı kadrların yetişdirilməsində və tələbələrin tədqiqata cəlb edilməsində mühüm addımlar atmaqdadır” –deyə qeyd edən rektor Azərbaycan Texnologiya Universitetinin TEKNOFEST Azərbaycan festivalına hazırlığı barədə məlumatlar verib, beş UTECA komandasının dörd müsabiqə üzrə qeydiyyatdan keçdiyini və komandaların layihələr üzərində ciddi işlədiklərini açıqlayıb.Daha sonra Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin sədri Hüseyn Böyükfırat, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və Monitorinq şöbəsinin mütəxəssisi Aygün Əhmədova, KOBİA katibliyinin rəhbəri Elmar İsayev, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Fuad Qənbərov, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov, Bakı Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova, Mİngəçevir Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, professor Veysəl Eyyubov və digər elm adamları çıxış ediblər. Çıxışlarda konfransın mövzusunun müsir tələblərlə uzlaşdığı xüsusilə vurğulanaraq tədbirin məhsuldar olacağına əminlik ifadə edilib.Konfransın plenar iclasında UTECA-nın Marketinq kafedrasının baş müəllimi, 2021-ci ildə UTECA-da “İlin gənc alimi” adına layiq görülən Sevinc Babakişiyeva “Müasir texnologiyaların müasir iqtisadiyyatda rolu”, Tələbə Elmi Cəmiyyətinin sərdi Aysel Məmmədli “Startapların yaradılmasında universitetlərin rolu”, Yüngül sənaye mühədisliyi və logistika fakültəsinin I kurs tələbəsi Elmir Mollayev isə “PUA-ların həndəsi parametrlərini dəyişməklə aerodinamik keyfiyyətinin yaxşılaşdırılması” adlı məruzələrlə çıxış ediblər.Plenar iclasın yekunundan sonra respublika konfransı panellərdə davam edib. Qida mühəndisliyi, Logistika mühəndisliyi, Yüngül sənaye mühəndisliyi, Metal və materiallar mühəndisliyi, İnformasiya texnologiyaları və kompüter mühəndisliyi, İqtisadiyyat və menecment, Davamlı inkişaf və təhsil texnologiyaları istiqamətləri üzrə həyata keçirilən panel iclaslarında müəllim və gənc tədqiqatçıların aktual məruzələri dinlənilib.Konfransın məcmuələr toplusuna 200-dən çox tezis daxil edilib.
Azərbaycan Texnologiya Universiteti Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Yerli Texnoloji Startapların İnkişafına Dəstək" layihəsində tərəfdaş kimi çıxış edir. Adı çəkilən layihə çərçivəsində icraçı təşkilat (STW) tərəfindən universitetə növbəti işgüzar səfər baş tutub. İşgüzar səfər STW şirkətinin konsultantı Stephen Omullane tərəfindən həyata keçirilib. Səfərin əsas məqsədi universitetdə innovasiya ekosisteminin (həmçinin inkubasiya/akselerasiya proqramlarının təşkili və təlim ehtiyaclarının təyini) qurulması üçün fəaliyyət strategiyasının təkmilləşdirməsi xarakteri daşıyıb. İki gün müddətində keçirilən intensiv təlimlərdə ekspert universitet nümayəndələri ilə texnoloji startaplara dəstək mexanizminin qurulması üçün 3 illik Strateji plan və Fəaliyyət planının yazılmasına dair öz təcrübələrini bölüşüb və təlim iştirakçılarını hər iki sənədin hazırlanması üçün metodologia haqqında məlumatlandırıb. Eyni zamanda ekspert bildirib ki, 3 ay müddətində ekspertlə birgə mütəmadi fəaliyyət göstərmək və lazımi sənədləri hazırlamaq üçün universitet tərəfindən işçi qrupu müəyyənləşdirilməli və həmin işçi qrupu 3 ay müddətinə - aprel-may-iyun aylarında layihə çərçivəsində cari komponent üzrə nəzərdə tutulan fəaliyyətləri yerinə yetirməlidir.