Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

UTECA Bayraq Gününü qeyd edib

Azərbaycan Texnologiya Universitetində 9 noyabr- Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən UTECA-nın rektoru, professor Akif Süleymanov xatırladıb ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilən və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olan üçrəngli bayrağımız 72 ildən sonra yenidən dövlət bayrağı kimi təsdiqlənib. Bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı olaraq təsdiq edilib. Bundan sonra 1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək, onu dövlət bayrağı elan edib. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi təsis olunduğunu bildirən rektor bayrağımızı uca tutmaq, vüqarla dalğalandırmağın hər bir gəncin, vətəndaşın müqəddəs borcu olduğunu vurğulayıb. Sonra çıxış edənlər üçrəngli bayrağımızın Azərbaycan xalqının azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümum bəşəri ideallara sadiqliyi nümayiş etdirdiyini söyləyib, tarixi günlə bağlı fikirlərini bölüşüblər. 

UTECA-da Əhməd bəy Ağaoğlunun 150 illiyi keçirilib

Azərbaycan Texnologiya Universitetində ictimai fikrin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirilib. Tədbirdə UTECA-nın rektoru, professor Akif Süleymanov çıxış edərək Prezident İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının əhəmiyyətini vurğulayıb. Əhməd bəy Ağaoğlunun xidmətlərindən danışan rektor bildirib ki, o, daim milli mübarizə hərəkatının önündə olub. Onun bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məfhumları xüsusi yer tutur. Digər iştirakçılar böyük mütəfəkkirin həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından söz açıblar. Qeyd edilib ki, Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb. Xarici dillər kafedrasının baş müəllimi Aysel Məmmədli, Xarici dillər kafedrasının baş müəllimi Zəminə Novruzova və tələbələr bildiriblər ki, Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir. 

“Nəsimi ili”nə həsr edilən konfrans keçirilib

Azərbaycan Texnologiya Universitetində (UTECA) “Nəsimi ili”nə həsr edilən “Elmi nailiyyətlərin texnoloji inkişafda rolu” adlı elmi-praktik konfrans keçirilib. Respublika konfransının plenar iclasında Gəncə şəhər İcra Hakimiyyətinin və respublikanın bir sıra universitetlərinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov konfransı açıq elan edərək, elm və urfan şairi İmadəddin Nəsiminin elmə verdiyi töhfələrdən danışıb. Şairə vaxtilə Ulu Öndər tərəfindən dəyər verildiyini, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illiyinin YUNESKO səviyyəsində qeyd edildiyini vurğulayıb. Hazırda isə ölkə prezidentinin sərəncamı ilə Nəsimi yaradıcılığının 650 illiyi respublika səviyyəsində qeyd edilir. Sonra iştirakçılar Nəsimi ideyalarının müasirliyini, elmdə rolunu ifadə edən videoçarxı izləyiblər. Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Vəfa Abbasova və Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov çıxışlarında dahi mütəfəkkirdən söz açıb, bu gün keçirilən konfransın məhsuldar olacağını vurğulayıblar. Tədbirdə GDU-nun dosenti Sevda Əliyeva, UTECA nümayəndələri - professorlar Əhəd Nəbiyev, Bayram Bağırov, Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev, baş müəllim Zəminə Novruzova müxtəlif, magistrlar Hüseyn Mərdanov, Arzu Məmmədova isə “Texnoloji inkişafda rəqəmsal marketinq”, “Süni intelektin şəbəkə trafiki sistemlərində tətbiqi” kimi mövzularla çıxış ediblər. Sonda Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetin, Azərbaycan Texnologiya Universitetinin, Gəncə Dövlət Universitetinin, Mingəçüvir Dövlət Universitetinin tədqiqatçılarının məruzələri dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb, təkliflərin dinlənilib. Qeyd edək ki, konfransın məcmuələr toplusuna 100-ə yaxın tezis daxil edilib. 560 dəfə oxunub


Azəralüminiumda kafedra filialının açılışı olub

Azəralüminium zavodunda Azərbaycan Texnologiya Universitetinin (UTECA) Kimya və Metallurgiya mühəndisliyi kafedrasının filialının açılışı olub. Açılış lentini universitetin rektoru, professor Akif Süleymanov və Azəralüminiumun istehsalat üzrə direktor müavini Oqtay Rəfiyevkəsiblər. Rektor bildirib ki, müvafiq ixtisasın tələbələri bundan sonra həftənin müəyyən günləri zavodda, tədris üçün zəruri inventarlarla təchiz edilmiş kabinetdə təhsil alacaq, bununla da metallurgiya ixtisasının sirlərinə daha yaxından bələd olacaqlar. Belə ki, tədris prossesində nəzəri təlimlərlə paralel uyğun sexlərdə əyani hazırlıqlar aparılacaq. Nəticədə gələcəyin texnoloqları müasir texnologiyalar əsasında işləyən müəssisə təcrübəsinə malik olacaqlar. Həmin 2 və 3-cü kurs tələbələrin gələcəkdə təcrübə müddətinin də  Azəralüminiumda keçiriləcəyi nəzərdə tutulub. Akif Süleymanov qeyd edib ki, elm və istehsalatın bu kimi əyani əməkdaşlığı ölkənin metallurgiya sənayesinə töhfə verəcək. Sonda rektor tələbələrə onlar üçün yaradılmış şəraiti lazımınca dəyərləndirməyi tövsiyə edərək zavod şəraitində keçilən ilk dərs günündə uğurlar arzulayıb.  Oqtay Rəfiyev və Gəncə Allüminium Kompleksinin istehsalat üzrə rəhbəri Cəmil Səfərov isə çıxışlarında tələbələrin zavodun işçiləri üçün nəzərdə tutulmuş təlim proqramlarından xüsusilə yararlanacaqlarını, əsasən təcrübə xarakterli  olduğu üçün tədrisin daha asan və maraqla mənimsəniləcəyini bildiriblər. 3 minə yaxın tələbəsi olan Azərbaycan Texnologiya Universiteti tədrisin keyfiyyətini yüksəltmək üçün hazırda 32 sənaye müəssisəsilə aktiv əməkdaşlıq edir. UTECA tələbələri xidmət və istehsalat sahələrini əhatəedən bu müəssisələrdə təcrübəyə cəlb edilir. Həmin müəssisələrin bir neçəsinin universitetdə müasir standartlara cavab verən tədris-təlim mərkəzləri də qurulub. Müəssisələrdə UTECA kafedralarının müvafiq filiallarının açılması prossesi isə davamlı olacaq. Məqsəd qeyri-neft sektoru sahəsi üçün yüksək ixtisaslı, müasir texnologiyalarla ayaqlaşan kadrlar yetişdirmək, tələbələrin müəssisələrdə tanıdılması və onların iş əlçatanlığının təmin edilməsidir.  

Zəngilanın işğalından 26 il ötür

Bu gün Zəngilanın işğalından 26 il ötür ərazisi: 707 kv.kməhalisi: 35 min nəfərİşğal olunmazdan əvvəl rayonda 9 məktəbəqədər müəssisə, 12 ibtidai, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub olub. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan sonuncu rayon olub. Rayon 188 şəhid verib, 44 nəfər itkin düşüb.  

UTECA nümayəndəsi avropa təhsil ekspertləri ilə müzakirələrdə

Azərbaycan Texnologiya Universitetinin nümayəndəsi, Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov Bakı Biznes Universitetində həyata keçirilən bir günlük təlimdə iştirak edərək avropalı təhsil ekspertləri ilə müzakirələr aparıb. Müzakirələrdə mövzu əsasən Keyfiyyətin təminatı sahəsində görülən işlərin daha yüksək səviyəyə çatması üçün istifadə olunan QPR proqram təminatının universitetdə mövcud tətbiq səviyyəsi barədə olub. Silsilə şəklində Azərbaycanda və bir neçə Arvopa ölkəsində baş tutan bu təlimlər Avropa Komissiyası tərəfindən maliyələşən ERASMUS+ EQAC (Azərbaycan Universitetlərində Keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində həyata keçirilir.