Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ildə imzalanmış neft kontraktlarında nəzərdə tutulan enerji siyasətini bu gün Prezident İlham Əliyev elan etdiyi “Yaşıl enerji” strategiyası davam etdirir.İqlim dəyişikliyi dünyanın enerji keçidini təşviq edən reallıqdır. Müasir dövrdə enerji təhlükəsizliyi və ekoloji təhlükəsizlik arasında balansa nail olmaq məqsədilə “yaşıl enerji”- dən istifadənin təxirəsalınmadan genişləndirilməsi vacibdir.Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”- nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratmışdır. Bildiyiniz kimi, 15 mart 2022-ci ildə “Qarabağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Bundan 2 ay öncə də “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyulmuşdu. Hər iki təməlqoyma mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirak etməsi məhz ölkə rəhbərliyinin bu sahənin inkişafına olan marağını göstərir və dəstəyini ifadə edir.Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin cari ilin 1 iyun tarixində rəsmi açılış mərasimində çıxışı zamanı qeyd etdi ki, Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız başlanğıcdır.Energetika Nazirliyinin yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayevin bərpa olunan enerji mənbələri ilə bağlı enerji layihələrinin əhəmiyyətini şərh edərək qeyd etdi ki, biz bunu mərhələlərə bölmüşük ki, ümumi enerji sisteminə təsiri çox olmasın. İlkin mərhələdə “Acwa Power” şirkəti ilə inşa ediləcək 240 meqavat gücündə külək elektrik parkı, “Masdar” şirkəti ilə 230 meqavat gücündə günəş elektrik stansiyası işə düşəcək. 2030-cu ilədək Azərbaycanın elektrik enerjisi qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırılması istiqamətində aparılmış təhlillər onu göstərir ki, yeni günəş və külək elektrik stansiyaları vasitəsi ilə 1500 meqavat gücün yaradılması mümkündür. Bərpa olunan enerjidən istifadə artıq bir qlobal trenddir. İstər ekoloji töhvələr baxımından, istərsə də tükənən resurslardan istifadənin daha qənaətli bir rejimdə istifadəsi baxımından bərpaolunan enerji mənbələrindən istifadə çox zəruridir.
dos. Mehriban Tağıyeva
Azərbaycan Texnologiya Universiteti İctimai elmlər
UTECA-da “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol xəritəsi"nin icrasına dair Tədbirlər Planına uyğun olaraq görüş keçirilib Azərbaycan Texnologiya Universitetində (UTECA) Nazirlər Kabineti tərəfindən təqdiq edilmiş “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol xəritəsi"nin icrasına dair Tədbirlər Planına uyğun olaraq görüş keçirilib.İclasda Tədbirlər Planı üzrə işçi qrup iştirak edib. Rektorun elm və xarici əlaqələr üzrə müşaviri Mayıs Gulalıyev dekanlar, kafedra müdirləri, mərkəz və şöbə rəhbərləri ilə ilkin müzakirə aparıb, müvafiq işlərin həyata keçirilməsi ilə bağlı xüsusi göstərişlər verib.Tapşırıqlardan biri qlobal elmi məkana inteqrasiya məqsədilə elm və təhsil müəssiələrinin daha öncə çap edilmiş, lakin internetdə olmayan məqalələrinin mövcud olan açıq akademik sistemlərdə (məs, Research Gate, Academia, SSRN və s.) yerləşdirilməsi işlərinin yüksək səviyyədə həyata keçirilməsi, sonda müvafiq hesabatların verilməsi və s. olub.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Texnologiya Universiteti (UTECA), İnkişaf Korporasiyası və “Gəncə İş Adamları” İctimai Birliyi tərəfindən icra ediləcək Gəncə-Daşkəsən iqtisadi rayonunda sənayenin qabaqcıl texnologiyalar əsasında inkişafı layihəsi üzrə anlaşma memorondumunun hazırlanılması ilə bağlı məsələlərin müzakirə edilməsi məqsədilə UTECA rektorunun tədris və sənaye üzrə müşaviri, “Gəncə İş Adamları” İctimai Birliyinin Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə nümayəndəliyinin rəhbəri Aqil Eyvazov və universitetin əməkdaşı İsmayıl Həsənzadə KOBİA İdarə Heyətinin sədrinin birinci müavini Natiq Həsənovla görüşüblər.Görüşdə Gəncə-Daşkəsən iqtisadi rayonunda sənayenin qabaqcıl texnologiyalar əsasında inkişafı üzrə klaster yanaşmasına uyğun əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutan layihənin hazırlanılmasının təfərrüatları barədə fikir mübadiləsi aparılıb, tərəflərin vəzifə və öhdəlikləri müzakirə edilib.
Təhsil sahəsində sahibkarlıqla məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə beynəlxalq təcrübə və dövlət-özəl əməkdaşlığının müzakirə edildiyi tədbirdə UTECA-nı tədris və sənaye işləri üzrə müşavir Aqil Eyvazov və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı İsmayıl Həsənzadə təmsil edib.Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilmiş “Təhsildə özəl biznesin rolu” mövzusunda ictimai müzakirədə təhsil sahəsində fəaliyyət göstərən KOB subyektləri, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov ictimai müzakirənin təşkili məqsədi və KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, tədbirin təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ehtiyaclarının öyrənilməsi, sektora investisiya qoyuluşu və təhsildə dövlət-özəl tərəfdaşlığına dair müzakirələrin aparılması üçün keçirildiyini vurğulayıb.Forumda çıxış edən təhsil naziri Emin Əmrullayev ölkəmizdə təhsilin inkişafı, bu sahədə görülən işlər, təhsilin biznes sahəsi kimi formalaşması, bu sahədə imkanlar və beynəlxalq təcrübə barədə danışıb.KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, müxtəlif sahələrdə, o cümlədən təhsil sektorunda biznesin inkişafına dəstək göstərmək KOBİA-nın fəaliyyət istiqamətlərindən biridir. Vurğulanıb ki, Agentlik təhsil biznesi sahəsində əlavə təşviq mexanizmlərini özündə birləşdirən qanunvericilik bazasının təkmilləşdirilməsinə, eləcə də mövcud resurslar çərçivəsində sektorda çalışan sahibkarlarla birlikdə onların layihələrinin icrasına dəstəyini davam etdirir. Agentlik KOB subyektlərinin dəstəklənməsinə yönəldilmiş modellər və mexanizmlərin hazırlanmasında təhsil sektorunda fəaliyyət göstərən KOB-ların potensialından da faydalanmaqda maraqlıdır.Tədbir çərçivəsində yeni yaradılmış Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli təqdimatla çıxış edərək təşkilatın fəaliyyəti barədə məlumat verib.Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən biznes subyektlərini maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Texnologiya Universitetinin xarici tələbələri Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlərinin Gəncədə təhsil alan əcnəbi tələbələrlə görüşündə iştirak ediblər. Gəncə şəhərində təhsil alan əcnəbilərlə görüş zamanı bu tələbələri narahat edən məsələlər ətrafında geniş müzakirələr aparılıb. Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov ölkə ərazisində təhsil alan əcnəbi tələbələrlə əlaqədar Şura tərəfindən həyata keçirilən fəaliyyətlər barədə məlumat verib. Qeyd olunub ki, əcnəbi tələbələrlə bağlı mövcud qaydalar həmin kateqoriyadan olan şəxslərin hüquqi statusundan irəli gələn hüquqi çərçivələrlə müəyyən olunub. Hədəf qrupları ilə müzakirələrin aparılmasının əhəmiyyətinə toxunan A.Allahverənov miqrasiya xidmətləri zamanı elektron resurslardan səmərəli şəkildə istifadənin üstünlükləri barədə danışıb, MigAz mobil tətbiqi və digər elektron xidmətlərdən istifadə yollarını nümayiş etdirib.
Azərbaycan Texnologiya Universitetinin əməkdaşı İlahə Qurbanova, Azərbaycan Dövlət Aqrar Universtetinin şöbə müdiri Küşvər Məmmədova və Gəncə Dövlət Universitetinin şöbə müdiri Ruslan Məmmədov təmsil etdikləri təhsil müəssisələrində əcnəbi tələbələrlə təşkil olunan iş barədə məlumat veriblər və vurğulayıblar ki, tələbələrin hüquqi statusu ilə bağlı meydana çıxan məsələlər Gəncə Regional Miqrasiya İdarəsinin əməkdaşlarının dəstəyi ilə çevik həllini tapır. Bununla yanaşı, tədbir iştirakçıları əcnəbi tələbələrin qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün aidiyyəti dövlət orqanları ilə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyi barədə fikir bildiriblər və bu barədə təkliflər səsləndiriblər. Tədbirdə iştirak edən əcnəbi tələbələrin olduğu yer üzrə qeydiyyatının aparılması, onlara müvəqqəti yaşamaq və iş icazələrinin verilməsi, miqrantların hüquq və azadlıqları barədə, həmçinin onları maraqlandıran digər suallar Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev, Gəncə Regional Miqrasiya İdarəsinin rəisi Orxan Xıdırov və bölgə üzrə struktur bölməsinin digər əməkdaşları tərəfindən ətraflı cavablandırılıb. Görüşdə Azərbaycan Texnologiya Universitetini Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları İlahə Qurbanova və İsmayıl Həsənzadə təmsil edib.
Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru professor Akif Süleymanov TEKNOFEST Azərbaycan festivalının Robotexnika müsabiqəsində iştirak edən tələbələrdən ibarət Rosol komandası ilə görüşüb. Rektor tələbələri uğurları münasibətilə təbrik edib, layihə üzərində davamlı işləyərək Rosol (Robot solider) startapını daha da təkmilləşdirməyi tövsiyə edib. Rektor bildirib ki, tələbələrin innovativ ideyalarını hər zaman dəstəkləməyə hazırdır.Elmi Tədqiqat Mərkəzinin direktoru Qalibə Məmmədova, Yüngül sənaye və logistika fakültəsinin dekanı Nazim Vəliyev, mentor Aqşin Hüseynov, komandanın kapitanı Yusif Məmmədov, üzvləri olan digər tələbələr çıxış edərək finala gedən yolda onlar üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edib, TEKNOFEST nailiyyətlərinin digər tələbələr üçün də stimul olacağını dilə gətiriblər.Görüş zamanı universitetə və fakültəyə verilən, Selçuk Bayraktar və RİN naziri Rəşad Nəbiyev imzalı sertifikatlar, eləcə də Anadolu Agentliyinin rektora hədiyyəsi - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdimatı ilə hazırlanan “Karabağ Zaferi” kitabı təqdim olunub.Qeyd edək ki, Rosol komandası TEKNOFEST Azərbaycan festivalının Robotexnika müsabiqəsinin final mərhələsində iştirak edərək universitetə 6 sertifikat gətirib.