Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

UTECA-da Mərkəzi Bank, Bakı Fond Birjası, KOBİA-nın birgə təşkilatçılığı ilə ``İnvestisiya səyahəti`` adlı tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində Mərkəzi Bank, Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə "İnvestisiya səyahəti" adlı tədbir keçirilib.Tədbirdə Azərbaycan Texnologiya Universiteti rektorunun tədris və sənaye işləri üzrə müşaviri dos. Aqil Eyvazov iştirakçıları rektor adından salamlayaraq tədbirə uğurlar arzulayıb. Müşavir qeyd edib ki, Müştəriyə Yönəlmə Proqramı çərçivəsində universitetdə tədrisin keyfiyyətinin müasir istehsal müəssisələrinin tələblərinə uyğunlaşdırılması əsas prioritet kimi götürülüb, odur ki, UTECA-nın "İnvestisiya səyahəti" tədbirinə ev sahibliyi etməsi təsadüfi deyil.İnvestisiya şirkətlərinin iştirakı ilə baş tutan tədbirdə mütəxəssislər tərəfindən regionda fəaliyyət göstərən biznes subyektləri kapital bazarı və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılıb. Tədbirdə qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində təqdimatlar keçirilib, kapital bazarlarından yararlanmaq istiqamətində qarşılıqlı interaktiv müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.Tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilib, onların maliyyələşmə imkanları dəyərləndirilib.Daha əvvəl Xaçmaz, Lənkəran və Yevlax şəhərlərində təşkil olunan analoji tədbirin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdan ibarətdir.   

 

 

 

Beynəlxalq konfransın Tekstil və yüngül sənayenin mütərəqqi texnika və texnologiyaları bölməsində bu sahənin aktual məsələlərini əhatə edən məruzələr dinlənilib

Azərbaycan Texnologiya Universitetində beynəlxalq konfransın Tekstil və yüngül sənayenin mütərəqqi texnika və texnologiyaları bölməsində bu sahənin aktual məsələlərini əhatə edən məruzələr dinlənilib. Prof. Cahangir Hacıyevin sədrliyi, dos.Nazim Vəliyevin həmsədrliyi ilə keçirilən panel iclasda əvvəlcə III kurs tələbəsi S.Rzayevanın “Tekstil materiallarında yorulma hadisəsi haqqında” məruzəsi dinlənilib. Tələbə tədqiqat zamanı tekstil materiallarında ipliklərdə liflər arasında dartılma və dartılma zamanı sürüşmə hadisəsindən, ilişkənliyin artmasından, ipliklərin deformasiyası və ipliklərin yorulması proseslərindən bəhs edib. Ardınca dos.Z.Səmədov “Tekstil qumqşlarında optik hadisələrin tədqiqi” mövzusunda məruzə ilə çıxış edərək üzərində işlədiyi yeniliklə maraqlı dizayn mənzərəsi effekti nəticəsini əldə etdiyini əsaslandırıb. Daha sonra magistr Ç.Həşimovanın “İri naxışlı tekstil qumaşlarından alınan məmulatların biçilmə texnologiyasının təkmilləşdirilməsi” mövzusunda, doktorant R.Əsgərovanın isə “Kostyumluq yun parçaların kefiyyətinin toxunma prosesində formalaşdırılmasının tədqiqi” başlıqlı, AMEA-nın baş elmi işçisi S.Adıgözəlovanın “Tekstil sənayesində təbii boyaların tətbiqi” məruzələri dinlənilib.  Dinlənilən məruzələr konfrans iştirakçılarının marağına səbəb olub. Çıxışçılara rektorun elm və xarici əlaqələr üsrə müşaviri dos.Mayıs Gülalıyev, Elmi Tədqiqat Mərkəzinin direktoru dos.Qalibə Məmmədova, sədr və həmsədr tərəfindən suallar verilib, mövzular ətrafında fikir mübadiləsi aparılıb.  Qeyd edək ki, (UTECA) 5-6 may tarixlərində keçirilən, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Tekstil və yüngül sənayedə dizayn, texnologiya və innovasiya” adlı beynəlxalq elmi-praktik konfransın panel iclasları 8 istiqamət üzrə aparılıb.       

 

 

 

Azərbaycan Texnologiya Universitetində ``Xalqa həsr olunmuş ömür`` adlı tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində Tələbə Gənclər Təşkilatının və UTECA Könüllülərinin birgə təşkilatçılığı ilə "Xalqa həsr olunmuş ömür" adlı tədbir keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən tədbirdə rektorun tədris və tənaye üzrə müşaviri dos.Aqil Eyvazov giriş sözü ilə çıxış edərək Ulu öndərin fəaliyyəti, xidmətləri barədə tələbələrə geniş məlumat verib. Bildirib ki, Ulu Öndərin yaratdığı dövlət idarəçiliyi müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.  Rektorun ictimai işlər üzrə müşaviri dos.Nazim Kərimov isə çıxışında Heydər Əliyevin Gəncəyə göstərdiyi xüsusi diqqət haqqında məlumat verib. Qeyd edib ki, Gəncənin hələ sovet dövründə sənaye şəhərinə çevrilməsində məhz Heydər Əliyevin böyük rolu olub.  Elmi katib dos.Mətanət Əhmədova isə çıxışında gənclərin Heydər Əliyev sevgisindən bəhs edib. Bildirib ki, bu gün gənclər azərbaycanlı olması ilə daim qürur duyan, həyatının çoxunu ölkəsinin tərəqqisi uğrunda apardığı mübarizəyə həsr edən Ulu öndərin işıqlı yoluna pərəstiş edir.  Çıxışlarda qeyd olunub ki, xalqımızın inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev xalqımızın unudulmaz şanlı, qürurlu banisi olaraq hər zaman dərin hörmətlə yad ediləcək. Tədbir zamanı tələbələrin ifalarında Ümummilli liderə həsr edilmiş şeir və mahnılar səsləndirilib. Sonda "Xilaskar ömrü" adlı sənədli film nümayiş olunub.    

 

 

 


UTECA-da Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib

Azərbaycan Texnologiya Universitetində (UTECA) 5-6 may tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Tekstil və yüngül sənayedə dizayn, texnologiya və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.  Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən elmi konfrans hibrid formatda təşkil edilib.  Tədbirdə Türkiyə, Bosniya Hersoqovina, İsveç, Hindistan, Almaniya, Cənubi Koreya və MDB ölkələri də olmaqla ümumilikdə 12 ölkənin, eləcə də ölkə universitetlərinin bir çoxunun elm adamları iştirak edib.  Əvvəl konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevin şəhərin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.  Daha sonra dövlət himninin səsləndirilməsi ilə konfrans açıq elan edilib. Ümummilli liderin, eləcə də Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov açılış nitqi ilə çıxış edib. Rektor bildirib ki, universitet hər il ənənəvi olaraq beynəlxalq konfransları Ümummilli liderə həsr etməyi özünə mənəvi borc bilir. Çünki universitetin əsası 50 il əvvəl Heydər Əliyev tərəfindən qoyulub. Rektor inkişaf etmiş ölkələrin geniş texnoloji imkanlarının elmi innovasiyaların elm tutumlu sənayeyə tətbiqi ilə bağlı olduğunu vurğulayaraq tədbirin mövzusunun aktuallığına diqqət çəkib, konfransın məhsuldar olacağına əminliyini ifadə edib. Daha sonra tədbirdə Gəncə Şəhər İH başçısının müavini Adil Tağıyev, İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin nümayəndəsi Teymurlan Şabanov, KOBİA-nın idarə heyətindən Teymur Cəfərov, Kocaeli Səhiyyə və Texnologiya Universitetinin rektoru Muzaffer Elmas, İstanbul Texniki Universitetinin professoru Sema Erentürk, Respublika Rəssamlar İttifaqının üzvü Qasım Qasımov çıxış edərək konfransın işinə uğurlar arzu ediblər. Konfransın plenar iclasında İsveçin Linnaeus Universitetinin professoru Alastair Şelmanın, Cənubi Koreyanın Milli İnformasiya Texnologiyaları Sənayesinin Təşviqi Agentliyinin eksperti Byung Chang Yullun, Belarusun Vitebsk Dövlət Texnologiya Universitetinin nümayəndəsi Yelena Vankeviçin, Bosniya və Hersoqovinanın Bihac Universitetindən Ajna Jodanoviçin, Azərbaycan Dövlət İqtisad Universtetindən Fazil Vəliyev və Azərbaycan Texnologiya Universitetinin professoru Cahangir Hacıyevin müxtəlif məruzələri dinlənilib. Daha sonra beynəlxalq elmi-praktik konfrans 8 istiqamət üzrə panel iclaslarla davam edib. Qeyd edək ki, konfransın məcmuələr toplusuna 30-dan çoxu xarici ölkələrdən olan 150-dən artıq tezis daxil edilib.     

 

 

 

Azərbaycan Texnologiya Universitetinin kollektivi Gəncədə şəhər miqyaslı ağacəkmə aksiyasında iştirak edib

06.05.2022 tarixdə Azərbaycan Texnologiya Universitetinin kollektivi Gəncədə şəhər miqyaslı ağacəkmə aksiyasında iştirak edib Tədbir Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunub. Aksiya Gəncə Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının və Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilib.  Heydər Əliyev Park-Kompleksinin ərazisində təşkil olunan aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri Musa Quliyev, Pərvin Kərimzadə və Müşfiq Cəfərov, idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  Aksiyadan əvvəl ağacların əkiləcəyi ərazidə abadlıq işləri aparılıb. Yeni əkilən ağaclar suvarılıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstərilib.    

Azərbaycan Texnologiya Universitetində Milli lider Heydər Əliyevin 99 illiyi münasibətilə silsilə tədbirlər davam edir

6 may tarixində bir qrup gənc və UTECA könüllüləri üçün universitetdə Ümumilli liderə həsr edilmiş film nümayiş etdirilib.  Gəncə şəhər Gənclər Evi və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbir çərçivəsində gənclər əvvəlcə UTECA-nın Heydər Əliyev Mərkəzində yaradılan muzeyi ziyarət ediblər.  Ekskursiya zamanı rektorun tədris və sənaye işləri üzrə müşaviri dos.Aqil Eyvazov muzey barədə məlumat verib. Bildirib ki, dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən muzey 2005-ci ildə yaradılıb. Burada onun xalqımızın tarixinə, mədəniyyətinə, incəsənətinə göstərdiyi diqqət və qayğısını əks etdirən fotoşəkillər, tarixi sənədlər və digər dəyərli eksponatlar yer alır. Azərbaycan Texnologiya Universitetinin də 50 il əvvəl məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını xatırladan A.Eyvazov xilaskarın Azərbaycançılıq məfkurəsindən bəhs edib.  Ekskursiya zamanı Gənclər Evinin direktoru Amil Qurbanov da tələbələrlə fikirlərini bölüşüb. Qeyd edib ki, dahi rəhbərin vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilası, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri onu hələ sağlığında xalqımızın Ümummilli liderinə çevirib: “Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik Ulu öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzül burulğanından çıxararaq respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib”.  Daha sonra Logistika Mərkəzində “Heydər Əliyev – Dahi şəxsiyyət” sənədli filmi izlənilib.