Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində Respublika Elmi-Praktik Konfransı keçiriləcəkdir

Azərbaycan Texnologiya Universitetində Respublika Elmi-Praktik Konfransı keçiriləcəkdir

6-7 noyabr 2023-cü il tarixində Azərbaycan Texnologiya Universitetində Zəfər Gününə həsr olunmuş “Elm və texnologiyaların müasir trendləri” mövzusunda hibrid formatda müəllim və gənc tədqiqatçıların Respublika Elmi-Praktik Konfransı keçiriləcəkdir.


Konfransın bölmələri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib:
- Qida sənayesi
- Süni intellekt, elektronika və informasiya texnologiyaları
- Tekstil və yüngül sənaye
- Dizayn
- Maşınqayırma, nəqliyyat və logistika
- Metal və materiallarda innovativ texnologiyalar
- Rəqəmsal iqtisadiyyat
- İdarəetmənin müasir trendləri
- Turizm sənayesi
- Multikultural təhsil
- Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf
- Dəqiq və təbiət elmlərinin müasir trendləri


Konfrans materialları aşağıdakı tələblərə uyğun olaraq hazırlanmalıdır:

- Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində qəbul olunur;
- Mətn “Microsoft Word for Windows” redaktorunda Arial şriftilə (hərflərin ölçüsü-12 pt, interval-1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla, A4 formatlı standarta (210x297 mm) uyğun hazırlanmalıdır;
- Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır;
- Mətnin əvvəlində ortadan materialın mövzusu, onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı yazılır (hər biri qalın şrift ilə).
Tezisdə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı qaydada göstərilir:
- Ədəbiyyat siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir;
- Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir;
- İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir;
- Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidir;
- İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində kvadrat mörtərizədə göstərilir.

Ən azı bir xarici ədəbiyyata istinad arzuolunandır.
Konfrans materialının sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış tezislərə ingilis və rus dillərində, rus dilində yazılmış tezislərə Azərbaycan və ingilis dillərində, ingilis dilində yazılmış tezislərə isə Azərbaycan və rus dillərində) xülasə verilir. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir.

Konfransın redaksiya heyətinə təqdim olunan tezisin orjinallığı 85 %-dən az olmamalıdır.

Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmadıqda, yuxarıda qeyd olunan tələbləri ödəmədikdə Təşkilat Komitəsi tərəfindən qəbul edilmir və bu barədə müəlliflərə məlumat verilmir.

Məruzə üçün qəbul edilən tezis haqqında məlumat müəlliflərə konfransa 3 gün qalmışa qədər (son tarix 3 noyabr) göndərilir.
Konfransda çıxış edən hər bir tədqiqatçıya sertifikat verilir. Dinlənilmiş məruzələrdən nəşr üçün yararlısı sədr və həmsədrlər tərəfindən müəyyən edilib protokollaşdırılır. Protokol Təşkilat Komitəsinə təqdim olunur.

Konfrans materialları 20 gün ərzində (noyabrın 27-ə qədər) PDF formatında universitetin rəsmi saytında yerləşdirilir.

Konfransda iştirak ATU-nun əməkdaşları və gənc tədqiqatçıları (magistrantları, doktorantları və dissertantları) üçün ödənişsizdir. Digər iştirakçıların məruzə tezisinin hər səhifəsi üçün 5 manat nəzərdə tutulur. Tezislər ödəniş qəbzi ilə birgə təqdim olunmalıdır. 

Ödəniş üçün tələb olunan rekvizitlər aşağıdakılardır:

AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ MMC
VÖEN: 2300343181
H/H: AZ39AIIB38060019440135272127
Bankın adı: “Kapitalbank” ASC Gəncə filialı
Bankın kodu: 200275
VÖEN: 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. BİK: AIIBAZ2X


Konfrans materialları 20 oktyabr 2023-cü ildən gec olmayaraq conference@uteca.edu.az elektron poçt ünvanına göndərilməlidir.
Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103
Tel: (022) 257 00 46
E-mail: conference@uteca.edu.az

Azərbaycan Texnologiya Universitetinin əməkdaşları şəhid tələbəmiz Ruslan Məmmədovun ailəsini ziyarət ediblər.

Elm və innovasiyalar üzrə prorektor v.m.i.e. Mayıs Gülalıyev, Ümumi və tətbiqi fizika kafedrasının müdiri Məntiq Cəfərov, Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri Hamlet Kəsəmənli, Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri Musa Cəfərov və Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri Tofiq Mirzəyev şəhid tələbəmiz Ruslan Məmmədovun ailəsini Sumqayıt şəhərində ziyarət ediblər.
ATU əməkdaşları ailə ilə söhbət zamanı universitetin Ruslanla daim fəxr etdiyini, digər tələbələrimiz üçün vətənpərvərlik nümunəsi olduğunu bildirib, valideyninə belə bir oğul tərbiyə etdiyi üçün minnətdarlıq ifadə ediblər, daha sonra ailə ilə birlikdə Ruslanın məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.
Azərbaycan Ordusunun leytenantı olan Ruslan Məmmədov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başladığı vaxt döyüşlərdə şücaət göstərib, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də Ağdərə istiqamətində şəhid olan Ruslan "İgidliyə görə ", "Vətən uğrunda, "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu qarşısında baş əyirik.
Allah rəhmət eləsin!

Azərbaycan Texnologiya Universitetində Anım Gününə həsr edilmiş rəsm sərgisi nümayiş etdirilib.

Bu gün səhər saatlarından universitetin Bayraq Meydanında tələbələrin əl işlərindən ibarət rəsm tabloları sərgilənib.

Tələbələr tənəffüs vaxtlarında sərgiyə baxış keçirib, Zəfərə gedən yolu tablolarda seyr edib, Vətən Müharibəsi şəhidlərini qürurla yad ediblər.


Azərbaycan Texnologiya Universitetində (ATU) “Əsrin Müqaviləsi” mövzusunda tədbir keçirilib

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov çıxış edib. Bildirib ki, Azərbaycanın əldə etdiyi uğurların, nailiyyətlərin bünövrəsində güclü iqtisadi irəliləyiş və onun nəticəsi olan iqtisadiyyat durur. Bu iqtisadi inkişafın həlledici məqamlarından biri ölkəmizin həyata keçirdiyi uğurlu enerji siyasətidir. Məhz bu uğurlu enerji siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ş.Həsənov qeyd edib ki, gələcəyə hesablanmış neft strategiyasının təntənəsi “Əsrin müqaviləsi”dir. Bu müqavilə 1994-cü il sentyabrın 20-də “Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri” və “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında” 10 xarici ölkənin 13 iri neft şirkəti ilə bağlanıb. İndi həmin tarixdən 30 ilə yaxın vaxt keçir. Bu dövrdə neftdən gələn bütün mənfəət həm siyasi, həm iqtisadi cəhətdən Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəldilir.

Sonra Marketinq kafedrasının müdiri M.Urkayev, əməkdaşları dos.Rafael Şükürov, Ayxan Bahadurlu və Aişə Məmmədova çıxış edərək “Əsrin müqaviləsi”nin əhəmiyyətindən, Azərbaycanın iqtisadi yüksəlişində və bu gün öz torpaqlarını işğaldan azad edən, güclü ordusu olan dövlətə çevrilməsində rolundan danışıblar.

Tələbələrin diqqətinə!

29 sentyabr, 2023-cü il tarixində Azərbaycan Texnologiya Universitetinin I korpusunda yerləşən “Port of Baku” təlim-tədris auditoriyasında “Startaplar: İdeyadan biznesə” adlı təlim təşkil olunacaqdır.

Startaplara maraq göstərən, universitetin innovativ ekosisteminin formalaşmasında iştirak etmək arzusunda olan və ən əsası, öz ideyalarını reallaşdırmaq istəyən tələbələr təlimdə iştiraka dəvət edilir.

Azərbaycan Texnologiya Universitetində (ATU) 27 Sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər iştirak edib.

Tədbirdən öncə universitetin həyətində ATU-nun şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə açıq elan edilib.

Sonra fəxri qonaqlar və ATU kollektivi üçün “44 Gün, 44 An” adlı sənədli film nümayiş etdirilib. 40 dəqiqə davam edən film zalda duyğulu anlar yaşadıb.

Daha sonra Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos. Yaşar Ömərov çıxış edib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qüdrətindən, mübariz əsgər və zabitlərdən, o cümlədən ATU-nun Vətən Müharibəsinə qoşulan şəhid məzun və tələbələrindən danışıb.

YAP Gəncə Şəhər təşkilatının sədri Bayram Aslanov isə çıxışında Azərbaycan gəncliyinin vətənpərvər ruhda yetişməsindən, İkinci Qarabağ Müharibəsində şəhid və qazilərin misilsiz qəhrəmanlıqlarından bəhs edib.

Gəncə şəhidi Nurhan Abbasovun anası Səidə Abbasova bütün şəhid anaları timsalında çıxış edərək öz duyğulu hisslərini bölüşüb.

Tədbirdə həm də Azərbaycan Texnologiya Universitetinin magistratura pilləsinin birinci kurs tələbəsi, Vətən müharibəsi şəhidi Anar Qarayevin qardaşı Allahverdi Qarayev, Gəncə şəhidi Mərhab Əliyevin qardaşı, Vətən müharibəsi iştirakçısı Şöhrət Əliyev, Azərbaycan Texnologiya Universitetinin qazi tələbəsi Gündüz Abdullayev çıxış edərək 44 günün həm ağrılı, həm də qürurlu anlarından danışıblar.

ATU-nun qazi məzununun valideyni, eyni zamanda Maşın mühəndisliyi və logistika kafedrasının müdiri dos. Şakir Əliyev və universitetinin əməkdaşı, I Qarabağ müharibəsi qazisi İsfəndiyar Hacıyev həmin illəri bir daha xatırlayaraq bütün şəhidlərə Allahdan rəhmət diləyib, universitetin şəhid tələbə və məzunlarının ailələrinə və qazi tələbələrə diqqətinin nümunə olduğunu qeyd edərək öz təşəkkürlərini bildiriblər.