Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədris işləri üzrə prorektor Raqif Hüseynov giriş sözü ilə çıxış edib, ölkəmizin müstəqilliyi yolunda xalqımızın iradəsini, birlik və həmrəyliyini özündə təcəssüm etdirən tarixi gündən danışaraq tədbir iştirakçılarını Milli Dirçəliş Günü münasibətilə təbrik edib.
Tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, İctimai elmlər və multikulturalizm kafedrasının müdiri Fuad Yusifov, həmin kafedranın dossenti Süsənbər Məmmədova və digər çıxış edənlər bildiriblər ki, 1988-ci ilin 17 noyabrında Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib.
Qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub.
Moskvanın və o zamankı yerli hakimiyyət orqanlarının siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalqın fasiləsiz kütləvi etirazı 17 gün aramsız davam edib.
Çıxışlarda milyonlarla insanın qatıldığı bu aksiyanın həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası olduğu, SSRİ-nin süqutu prosesində rol oynadığı vurğulanıb. Bildirilib ki, dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, xalqın milli dirçəlişi Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.