Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU-da 3D printerlə işləmə təlimi keçirilib

Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 3D printerlə işləmə təlimi keçirilib.
Təlimçilər qismində İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev, mərkəzin əməkdaşları Tural Rüstəmov və Aqşin Hüseynov çıxış edib.
Təlimdə tələbələrə 3D printerin iş prinsipi, material növləri, printerin funksiyaları və istifadə, model və ya prototiplərin yaradılması qaydaları izah edilib, mövzu ilə bağlı gəncləri maraqlandıran suallar cavablandırılıb.

Beynəlxalq Elmi-Praktik Konfrans 11 bölmədə öz işini davam etdirib

Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilatçılığı ilə baş tutan Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr edilmiş "Dördüncü Sənaye İnqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” adlı Beynəlxalq Elmi-Praktik Konfrans 11 bölmədə öz işini davam etdirib.

Bölmələrə ATU-nun alimləri ilə yanaşı xarici universitetlərin elm adamları həmsədrlik edib.

Konfransa 15 ölkə olmaqla 68 xarici, 15 yerli universitet, 10 elmi-tədqiqat institutu, 5 dövlət qurumu qatılıb, məcmuələr toplusuna 562 məqalə daxil olub ki, onların 19%-i xarici ölkələrin payına düşür.

ATU tələbələrinin istehsalat təcrübəsi davam edir

Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələrinin istehsalat təcrübəsi davam edir.
2023/2024-cü tədris ilinin yaz semestrində ATU-nun 210 tələbəsi istehsalat təcrübəsinə cəlb olunub.
Hazırda tələbələrimiz 1 və 2 saylı Gəncə “Asan xidmət” mərkəzləri, Azərbaycan Dəmir Yolları QSC-nin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional bölmələri, Azəralüminium, Gəncə Cihazqayırma zavodları, Gəncə Tekstil, Neon fabrikləri, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Regional Turizm İdarəsi, Telekommunikasiya İdarələri, Kəpəz Televiziyası, qabaqcıl bankların filialları, tanınmış otellər olmaqla ümumilikdə 26 müəssisədə istehsalat təcrübəsi keçir. 16 fevral tarixindən start verilmiş istehsalat təcrübəsi may ayının sonunadək davam edəcəkdir.
Qeyd edək ki, tələbələrin istehsalat təcrübəsi dövrünün səmərəli və effektiv təşkili üçün universitet müasir tələblərə cavab verən müəssisələrlə daim yeni əlaqələr qurur, əməkdaşlıq imkanlarını genişləndirir.


(REFRESH) Erasmus+ KA2 layihəsi ilə bağlı məlumatlandırma günü keçirilib

Azərbaycan Texnologiya Universitetində “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ KA2 layihəsi ilə bağlı məlumatlandırma günü keçirilib.

Tədbir Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluğu ilə həyata keçirilən, Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu REFRESH layihəsinin Danimarka səfərinə həsr edilib. 

Görüşdə layihə meneceri, tədris işləri üzrə prorektor Raqif Hüseynov REFRESH layihəsinin məqsədi, yerli və xarici tərəfdaşları, cari fəaliyyət planı barədə məlumat verib, cari ilin 14-20 aprel tarixlərində Danimarka Texniki Universitetinin (DTU) təşkilatçılığı ilə baş tutan səfərin nəticələrini təqdim edib, əldə olunan təcrübələri bölüşüb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qida mühəndisliyi fakültəsi region məktəblilərini ATU ilə tanış edib

Azərbaycan Texnologiya Universitetində (ATU) 2024/2025-ci qəbul ili ilə bağlı məktəblilər arasında tanıtım kampaniyasına start verilib. Kampaniya çərçivəsində Qida mühəndisliyi fakültənin nəzdində fəaliyyət göstərən Qida mühəndisliyi və ekspertiza, Ətraf mühitin mühafizəsi kafedralarının əməkdaşları məktəblərdə yuxarı sinif şagirdləri ilə görüşüblər.

 Görüş zamanı baş tutan baş tutan təqdimatlarda kafedraların əməkdaşları əmək bazarındakı perspektivlər, ATU kampusu, tədris olunan ixtisaslar, müsabiqə və keçid balları, təqaüd və təcrübə proqramları, o cümlədən universitetin maddi-texniki bazası və tələbələrə yaradılan şərait barədə ətraflı məlumat verib, şagirdlərin ünvanladığı sualları cavablandırıblar.

"Dördüncü Sənaye İnqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” adlı Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib

Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr edilmiş "Dördüncü Sənaye İnqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” adlı Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib. 

Tədbirdən əvvəl konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Heydər Əliyev Mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli lider  Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. 

ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərov konfransda giriş sözü ilə çıxış edib, mövzunun aktuallığına diqqət çəkərək bildirib ki, Dördüncü Sənaye İnqilabı ilə ayaqlaşmaq, biliyə və süni intellektə əsaslanan informasiya cəmiyyətinin formalaşdırılması, eləcə də insan kapitalına investisiya qoyuluşu dövlətimizin strateji hədəflərindəndir və bütün bunlar yüksək ixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edir. Odur ki, 15 ölkənin elm adamlarının bir araya gəldiyi bu konfrans elmi platforma kimi olduqca əhəmiyyətlidir. 

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Texniki Universitetinin rektoru, prof. Vilayət Vəliyev, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü prof. İslam Mustafayev, Macarıstanın Sopron Universitetinin rektoru prof. Fabian Atilla, Polşanın Varşava Ekologiya və Menecment Universitetinin rektoru prof. Yanuş Mroviç, Ankara Hacı Bayram Veli Universitetinin prorektoru prof. Metin Orbay, Rumıniyanın “Gheorghe Asachi” İasi Texniki Universitetinin  beynəlxalq əlaqələr üzrə prorektoru prof. İrina Lungu və Azər Maya İstehsal QSC-nin direktoru Elvin Əliyev çıxış edərək konfransın işinə uğurlar arzu ediblər. 

Daha sonra Türkiyənin Atatürk Universitetinin dosenti İlhan Volkan Önerin “Tullantıların alternativ enerjinin alınmasında tətbiqi”, Bolu Abant İzzet Baysal Universitetinin professoru Himmet Karadalın “Türk dünyasında innovasiyaların və sahibkarlığın inkişafı”,  İspaniyanın Qranada Universitetinin Genetika kafedrasının professoru Federiko Zurita Martinezin “CRISPR-Cas9. İnsan xəstəliklərinin müalicəsi üçün molekulyar qayçı”, ATU-nun Ümumi və tətbiqi fizika kafedrasının müdiri professor Məntiq Cəfərovun “Elm, texnologiya və innovasiya üçbucağı davamlı inkişafın hərəkətverici qüvvəsi kimi”, ATU-nun  doktorantı Kamran Qasımovun “Müasir dünyada süni intellektin rolu” başlıqlı məruzələri dinlənilib. 


2 günlük beynəlxalq konfrans öz işini 11 istiqamət üzrə bölmələrdə davam etdirib. Konfransa 15 ölkə olmaqla 68 xarici, 15 yerli universitet, 10 elmi-tədqiqat institutu, 5 dövlət qurumu qatılıb, məcmuələr toplusuna 562 məqalə daxil olub ki, onların 19%-i xarici ölkələrin payına düşür.