Azərbaycan Texnologiya Universitetinin (ATU) tədris işləri üzrə prorektoru Raqif Hüseynovun rəhbərliyi ilə bir qrup tələbələr Gəncə Şəhər İcra Hakimiyyəti və Milli Aviasiya Akademiyasının (MAA) birgə təşkilatçılığı ilə keçirilən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak edib.
ATU kollektivi Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və MAA-nın rəhbər heyəti, professor-tələbə kollektivi, eləcə də Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin direktoru, şagirdləri ilə birgə Ulu Öndər Heydər Əliyevin büstü və şəhidlərin abidəsi önünə güllər düzüb, əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edib.
MAA-nın kitabxanasında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib, sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rektor köməkçisi, dosent Gülnarə Əhmədova tədbir iştirakçılarına MAA-nın rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin səmimi salamlarını çatdırıb və Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan xalqının güclü iradəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu və yüksək şücaəti, ordumuzun, əsgər və zabitlərimizin igidliyi, xalqımızın birliyi bizə bu tarixi zəfəri yaşadıb.
Daha sonra MAA-nın məzunu olmuş Vətən müharibəsi şəhidləri, eləcə də təhsil alanlar və əməkdaşlarından ibarət qaziləri barədə məlumat verilib, onların şərəfli döyüş yolundan bəhs edilib. Tədbirdə “44 günlük Vətən müharibəsinin tarixi aspektləri” mövzusunda məruzə dinlənilib, “Zəfərə qanadlananlar” adlı kitabın təqdimatı keçirilib.
Tədbir çərçivəsində ATU kollektivi Heydər Əliyev Muzeyini gəzib, burada Ümummilli Lider haqqında sənədli film izləyib, daha sonra Pilotların Hazırlığı Mərkəzi, auditoriya və laboratoriyalar, həmçinin, Tələbə Yaradıcılıq evi, Texnoritm ilə yaxından tanışlıq olub.