Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

Elmi şuranın sədri, Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
 
İclasda tədris işləri üzrə prorektor Raqif Hüseynov 2023/2024-cü tədris ili üzrə tələbə qəbulunun yekunu barədə çıxış edib. Ardınca elm və innovasiyalar üzrə prorektor əvəzi Mayıs Gülalıyev universitetin Strateji İnkişaf Planını (SİP) təqdim edib, müzakirələrdən sonra SİP təsdiq edilib.
 
Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənovun, turizm sənayesinin təşkili kafedrasının müdiri Yusif Hümbətovun hesabatı dinlənilib.
 
2 saylı Elmi Şurada Tədris Metodiki Şuranın tərkibi formalaşdırılıb və digər məsələlərə baxılıb.
İclas çərçivəsində bir qrup əməkdaş yubiley münasibətilə təltif edilib.

ATU-da "Kapital Bank Auditoriyası" istifadəyə verilib

Azərbaycan Texnologiya Universitetində (ATU) "Kapital Bank Auditoriyası" istifadəyə verilib. Tədris otağı universitet sənaye əməkdaşlığı çərçivəsində Kapital Bankın tam dəstəyi ilə qurulub.
 
İqtisadiyyat kafedrası nəzdində yaradılan "Kapital Bank Auditoriyası"nın açılış lentini ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərov və Kapital Bankın Pərakəndə satış departamentinin rəhbəri Məhəmməd İbrahimov kəsib.
 
Daha sonra auditoriya ilə tanışlıq olub, ardınca Kapital Bankın təqdimatı edilib. Bildirilib ki, ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir.
İqtisadiyyat və idarəetmə fakültəsində yerləşən "Kapital Bank Auditoriyası" müasir tədris standartlarına cavab iverir. Otaq Kapital Bankın rəng və ornamentlərinə, eləcə də erqonomika qaydalarına uyğun dizayn edilib.
 
28 nəfərlik innovativ tədris otağı ağıllı lövhə, müvafiq sayda notbuk və digər zəruri ofis avadanlıqları ilə tam təchiz edilib.
Açılış çərçivəsində ATU ilə Kapital Bank arasında gələcək layihələr də müzakirə edilib.

ATU İnnovasiya Mərkəzi tərəfindən informasiya sessiyası keçirilib.

Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzi tərəfindən informasiya sessiyası keçirilib.
 
Sessiyada strateji inkişaf və rəqəmsallaşma üzrə müşavir Mehman Kərimov, İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev, mərkəzin mütəxəssisləri Aqşin Hüseynov, Tural Rüstəmov, Dizayn klubunun rəhbəri Mobil Qarayev, eləcə də innovasiya sahəsində aparıcı ekspertlər öz bilik və təcrübələrini tələbələrlə bölüşüblər.
 
İnnovativ texnologiyalar və inkişaf, oyunların istehsalı və bu sənayenin son tendensiyaları, perspektivləri, kibertəhlükəsizlik məsələləri, innovativ iqtisadiyyat, “yaşıl qida” info-sessiyanın əsas müzakirə mövzuları olub.
 
Sessiyada ekoloji problemlərə də diqqət çəkilib, davamlı inkişaf və innovasiya yolu ilə ekoloji problemlərin həlli məsələləri müzakirə edilib.
 
İştirakçılara bilik və bacarıqlarını inkişaf etdirmək üçün İnnovasiya Mərkəzində təşkil olunan kurslar, yeni klublar haqqında məlumat verilib, tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.


ATU professorunun adı Milli Ensiklopediyaya düşüb

Azərbaycan Texnologiya Universitetinin (ATU) professoru, texnika üzrə elmlər doktoru Cahangir Hacıyev səmərəli və müvəffəqiyyətli elmi işlərinə görə Azərbaycan Milli Ensiklopediyasının X cildinə daxil edilib. Ensiklopediyada ona dair verilmiş məlumatlarda professorun elmi nailiyyətləri əks olunub. Cahangir Əhməd oğlu Hacıyev 150-dən çox elmi əsərin, 2 monoqrafiyanın müəllifidir.

Qeyd edək ki, 2022-ci ilin aprelində Azərbaycanda 10 min nüsxədə çap olunan Azərbaycan Milli Ensiklopediyasının X cildinin həcmi 75 şərti çap vərəqi təşkil edir (600 səhifə).

ATU ilə Boston Universiteti arasında memorandum imzalanıb

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə ABŞ-nin nüfuzlu Boston Universiteti arasında memorandum imzalanıb.
Bu məqsədlə Boston Universtitetinin Sahibkarlıq Fakültəsinin və Biznes İnnovasiya Mərkəzinin Direktoru Dr. Rana Qupta ATU-ya səfər edib. Rəhbər heyət və mütəxəssislərlə baş tutan görüşdə Boston Universiteti təmsilçisinə ATU-nun maddi texniki bazası, habelə tələbələrin tədris, karyera və sahibkarlıq imkanlarına çıxışı barədə ətraflı məlumat verilib. Görüşün sonunda hər iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənəddə texnoloji startap ekosisteminə dair beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, qarşılıqlı mübadilə proqramlarının təşkili, startap inkubasiyası və akselerasiyası üçün mentorluq proqramının yaradılması, texnoloji startap sahəsində fəaliyyət göstərən şirkətlər üçün bazar araşdırması və biznes imkanlarının müəyyən edilməsinə dair birgə əməkdaşlıq, eləcə də müsabiqə, hakaton və oxşar təbirlərin təşkil olunması nəzərdə tutulub.
Əməkdaşlıq memorandumu Asiya İnkişaf Bankı (AİB) və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə reallaşdırdığı "Azərbaycanda Yerli Texnoloji Startapların İnkişafına Dəstək" texniki yardım layihəsi çərçivəsində imzalanıb.
Amerikalı mütəxəssis səfər çərçivəsində startapların qurulması, innovativ yanaşma, sahibkarlıq, biznes planın formalaşdırılması, bazara çıxış, marketinq planı mövzusunda təlimlər keçib.
Qeyd edək ki, "Azərbaycanda Yerli Texnoloji Startapların İnkişafına Dəstək" texniki yardım layihəsi Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.

Azərbaycan Texnologiya Universiteti ilə Macarıstanın Sopron Universiteti arasında ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb

Bu münasibətlə hər iki universitet arasında onlayn görüş keçirilib. Görüşdə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos. Yaşar Ömərov çıxış edib. Macarıstan və Azərbaycan arasındakı mövcud strateji tərəfdaşlıqdan bəhs edərək bildirib ki, ATU bu səbəblə Macarıstan universitetləri ilə əməkdaşlığa xüsusi önəm verir. Y.Ömərov bu əməkdaşlığın yeni imkanlar açdığını, universitetin potensialının gücləndirilməsinə xidmət edəcəyini vurğulayıb.
 
Sopron universitetinin rektoru prof. Dr. Atilla Fabian rəhbərlik etdiyi ali təhsil ocağının da bu əməkdaşlıqda maraqlı olduğunu və gələcəkdə uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.
 
Görüş hər iki universitet haqqında hazırlanmış qısa təqdimatlarla davam edib.
Sonda hər iki universitet arasında anlaşma memorandumu imzalanıb.
 
Sənəddə Azərbaycan Texnologiya Universiteti ilə Macarıstanın Sopron Universiteti arasında akademik və inzibati heyətin, eləcə də tələbələrin mübadiləsini həyata keçirmək və elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulur.