Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

“Mədəni irsin qorunması” mövzusuna həsr edilmiş tədbir keçirilib

Azərbaycan Texnologiya Universiteti (ATU) və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin birgə təşkilatçılığı ilə “Mədəni irsin qorunması” mövzusuna həsr edilmiş tədbir keçirilib.
 
ATU-da baş tutan tədbirdə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin mütəxəssisi Xəlil İbrahimov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, aidiyyəti dövlət qurumlarının nümayəndələri, universitetin akademik heyəti və tələbələr iştirak edib.
 
Təbdbirdə Gəncə şəhərinin zəngin mədəni irsi ilə xalqımızın milli sərvətlərinin qorunmasına verdiyi töhfələrdən, işğaldan azad olunmuş ərazilərdə dağıntılara məruz qalmış tarixi abidələrdən, dövlət mühafizəsində olan tarixi və mədəniyyət abidələrinin qorunması işinin təşkilindən bəhs edilib, tarix və mədəniyyət abidələrinin qorunması, tədqiqi və onlardan istifadə edilməsi mövzusunda slaydlar təqdim olunub.

Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələrinin istehsalat təcrübəsi davam edir

2023/2024-cü tədris ilinin yaz semestrində ATU-nun 210 tələbəsi istehsalat təcrübəsinə cəlb olunub.
 
Hazırda tələbələrimiz 1 və 2 saylı Gəncə “Asan xidmət” mərkəzləri, Azərbaycan Dəmir Yolları QSC-nin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional bölmələri, Azəralüminium, Gəncə Cihazqayırma zavodları, Gəncə Tekstil, Neon fabrikləri, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Regional Turizm İdarəsi, Telekommunikasiya İdarələri, qabaqcıl bankların filialları, tanınmış otellər olmaqla ümumilikdə 26 müəssisədə istehsalat təcrübəsi keçir. 16 fevral tarixindən start verilmiş istehsalat təcrübəsi may ayının sonunadək davam edəcəkdir.
 
Qeyd edək ki, tələbələrin istehsalat təcrübəsi dövrünün səmərəli və effektiv təşkili üçün universitet müasir tələblərə cavab verən müəssisələrlə daim yeni əlaqələr qurur, əməkdaşlıq imkanlarını genişləndirir.

Region universitetlərinə beynəlmiləlləşmə dəstəyi – yeni layihəyə start verildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə regionlarda yerləşən ali təhsil müəssisələrinin əməkdaşları üçün “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsinin ilk mərhələsi çərçivəsində 4 günlük təlim kursu baş tutub.

Təlim kursunda Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Lənkəran Dövlət Universitetindən ümumilikdə 20 əməkdaş iştirak edib. Təlimlərdə Azərbaycan Texnologiya Universitetini Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri v.m.i.e. Ramidə Xəlilova, aparıcı mütəxəssisi İlahə Qurbanova, İnnovasiya mərkəzinin direktoru Şamo Salayev, Ümumi və tətbiqi fizika kafedrasının assistenti Nilufər Orucova təmsil ediblər.

Kurs çərçivəsində təlimçi Gülşən Bayramova ali təhsildə beynəlmiləlləşmə, Erasmus+ layihələri və həmin layihələrin yazılması, layihə dizaynı, tərəfdaşların seçilməsi və layihə büdcəsinin hazırlanması mövzuları barədə geniş məlumat verib, qrup işləri təşkil edib. 

Növbəti mərhələdə universitet əməkdaşları üçün 1 ay müddətində mentorluq proqramı həyata keçiriləcək.

Qeyd edək ki, “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qaliblərindəndir.

Layihənin məqsədi regionda yerləşən ali təhsil müəssisələrinin əməkdaşlarının beynəlxalq imkanlardan yararlanmaq istiqamətində bacarıq və biliklərinin artırılması, o cümlədən müvafiq vərdişlərinin formalaşdırılmasıdır.


Ali təhsildə beynəlmiləlləşmə üzrə komitənin növbəti iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində ECAR layihəsi çərçivəsində Ali təhsildə beynəlmiləlləşmə üzrə komitənin növbəti iclası keçirilib

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Azərbaycan Texnologiya Universitetində (ATU) Ali təhsildə beynəlmiləlləşmə üzrə komitənin hibrid formatda növbəti iclası keçirilib. 

İclasda ATU-nun tədris işləri üzrə prorektoru dos.Raqif Hüseynov iştirakçıları salamlayaraq bu layihənin təhsilin beynəlmiləlləşməsi, eləcə də rəqəmsal və innovativ iqtisadiyyatda ali təhsil müəssisələrinin rolunu artırmaq məqsədilə universitetlərarası əlaqələrin təmin olunmasına əhəmiyyətli dərəcədə dəstək verdiyini vurğulayıb.

15-ə yaxın ali təhsil müəssisəsindən məsul şəxslərin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, əvvəlki komitə sədri dosent Jalə Qəribova tərəfdaşlara müvafiq komitənin hesabatını təqdim edib, daha sonra Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov komitə sədri və sədr müavinlərinin yenidən seçkisi barədə iştirakçılara məlumat verib, müvafiq komitənin səsverməsi həyata keçirilib. 

İclasda ATU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri v.m.i.e. Ramidə Xəlilova və layihə meneceri İlahə Qurbanova da iştirak edib.

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə "Azerbaijan Coca-Cola Bottlers" şirkəti arasında görüş keçirilib

İşgüzar görüş ATU -nun rektoru v.m.i.e. dos. Yaşar Ömərovla "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin Baş direktoru Rəna Məmmədovanın iştirakı ilə baş tutub.
Görüşdə istehsalat təcrübəsinin təşkili, birgə kadr hazırlığı, elmi əməkdaşlıq, birgə tədbirlərin keçirilməsi və s. kimi əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşə həmçinin, ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, "Azerbaijan Coca-Cola Bottlers"in insan resursları üzrə supervayzeri Gülən İbrahimzadə və ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə supervayzeri Türkan Manaflı da qatılıb.
Qeyd edək ki, Coca-Cola şirkəti 2030-cu ilə qədər müəyyənləşdirdiyi Davamlı İnkişaf Öhdəliklərinin “Müxtəliflik və Daxilolma” bəndinə uyğun olaraq müxtəlif proqramlar, o cümlədən ölkənin aparıcı universitetləri ilə əməkdaşlıq həyata keçirir.

ATU-da elmi-praktik tələbə seminarı təşkil edilib

Azərbaycan Texnologiya Universiteti Tələbə Elmi Cəmiyyəti və Göygöl Milli Parkının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Biomüxtəliflik və iqlim dəyişmələri” mövzusunda elmi-praktik tələbə seminarı təşkil edilib.
Göygöl Milli Parkında baş tutan seminarda Ətraf mühitin mühafizəsi kafedrasının professor-müəllim heyəti, müvafiq ixtisaslarda təhsil alan tələbələr iştirak edib.
Seminarda Göygöl Milli Parkının direktoru Fuad Quliyev, ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, Ətraf mühitin mühafizəsi kafedrasının müdiri prof. Elşad Məmmədov və TEC sədri Aysel Məmmədli çıxış edərək mövzunun aktuallığına diqqət çəkib, məruzəçilərə uğurlar arzu ediblər.
Daha sonra gələcəyin mühəndis-ekoloqlarının təqdimatında "Turşulu yağışlar", "Qlobal iqlim dəyişmələrinin Azərbaycanda kənd təsərrüfatına təsiri", "Nüvə reaksiyası və onun ətraf mühitə təsiri, Atmosfer havasına təhlükə yaradan mobil mənbələr" başlıqlı məruzələr dinlənilib, tələbələrə suallar ünvanlanıb, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Seminar çərçivəsində tələbələr Göygöl Milli Parkı ilə yaxından tanış olublar.