Azərbaycan Texnologiya Universitetində (ATU) yaz semestri ərzində fəaliyyət göstərən “Conversation Club” layihəsi uğurla yekunlaşıb. Layihə çərçivəsində bir neçə ay davam edən kursda tələbələr ingilis dilində sərbəst danışıq bacarıqlarını inkişaf etdirib, müxtəlif mövzular üzrə interaktiv müzakirələrdə iştirak edib və real kommunikativ mühitdə təcrübə qazanıblar.
Təlimlər ATU-nun Xarici dillər kafedrasının peşəkar müəllimləri və əcnəbi müəllimlərin iştirakı ilə həyata keçirilib ki, bu da tələbələrə müxtəlif linqvistik mühitlərdən olan mütəxəssislərlə birbaşa ünsiyyət imkanı yaradaraq onların dil bacarıqlarının daha da inkişafına töhfə verib.
Layihənin yekununda fəal iştirak edən və təlimçi qismində çıxış edən əcnəbi tələbələr - Zeeshan Murtaza, İmran Abbas və Abdul Saboor təşəkkürnamə ilə təltif olunublar.
Qeyd edək ki, ATU-da “Conversation Club” artıq bir neçə ildir ənənəvi qaydada hər semestr təşkil olunur. Layihənin əsas məqsədi tələbələrin ingilis dili üzrə kommunikasiya bacarıqlarının gücləndirilməsi və onların real ünsiyyət mühitində daha sərbəst şəkildə özünü ifadə etməsinə dəstək verməkdir.
Azərbaycan Texnologiya Universiteti (ATU) tərəfindən Şuşa şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə, 28 May – Müstəqillik Gününə və 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “İstiqlaldan Zəfərə” adlı tədbir təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ATU-nun rektoru Yaşar Ömərov bildirib ki, Azərbaycan dövlətçiliyinin qorunması, milli həmrəyliyin təmin olunması və müstəqil Azərbaycanın inkişaf strategiyasının formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində mümkün olub. Rektor qeyd edib ki, bu gün Azərbaycanın əldə etdiyi Böyük Zəfərin təməlində də məhz Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs dayanır. Yaşar Ömərov tədbirin Şuşada keçirilməsinin xüsusi rəmzi məna daşıdığını vurğulayaraq bildirib ki, Azərbaycanın mədəniyyət paytaxtında istiqlal, milli qurtuluş və Zəfər ideyalarının bir arada qeyd olunması dövlətimizin gücünün, xalqımızın birliyinin və tarixi ədalətin təntənəsinin ifadəsidir.
Daha sonra elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov, iqtisadi məsələlər üzrə müşavir İlham Vəliyev məruzələrlə çıxış ediblər.
Tədbirdə həmçinin İdarəetmə kafedrasının müdiri, professor Fizuli Məmmədov və Turizm fakültəsinin dekanı Yusif Hümbətov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafındakı tarixi xidmətlərindən, milli qurtuluş və müstəqillik tarixindən, eləcə də Azərbaycanın Böyük Zəfərə gedən yolundan danışıblar.
Azərbaycan Texnologiya Universiteti bu günədək həyata keçirdiyi ən genişmiqyaslı tanıtım kampaniyalarından birini uğurla başa çatdırıb.
Universitetin əməkdaşları Gəncə şəhəri ilə yanaşı ətraf rayonlarda, həmçinin Aran bölgəsinin müxtəlif şəhər və rayonlarında səfərbər olaraq abituriyentlərlə silsilə görüşlər keçiriblər. Kampaniya çərçivəsində ümumilikdə 15-ə yaxın şəhər və rayonda yerləşən 100-ə yaxın məktəb ziyarət olunub, əsasən 10 və 11-ci sinif şagirdləri ilə görüşlər təşkil edilib.
Bir ay davam edən tanıtım sessiyalarında universitetin bütün kafedralarının professor-müəllim heyəti ilə yanaşı, ATU-da təhsil alan əcnəbi tələbələr də iştirak ediblər. Bu isə şagirdlərdə universitetin beynəlxalq mühiti və multikultural təhsil imkanları barədə daha dolğun təsəvvür formalaşdırıb.
Görüşlər ənənəvi təqdimat formatından fərqli olaraq interaktiv şəkildə təşkil olunub. Şagirdlərlə müxtəlif oyunlar, intellektual müsabiqələr, sual-cavab sessiyaları keçirilib, qaliblərə hədiyyələr təqdim olunub. Eyni zamanda universitetin ixtisasları, tələbə həyatı, beynəlxalq əlaqələri, təqaüd imkanları və sənaye əməkdaşlıqları barədə ətraflı məlumatlar verilib.
Şagirdlər tərəfindən böyük maraqla qarşılanan görüşlər gənclərin gələcək ixtisas seçiminə dəstək olmaqla yanaşı, onların ali təhsil haqqında məlumatlılığının artırılmasına mühüm töhfə verib.
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, Elmi Şuranın sədri Yaşar Ömərov iclası açıq elan edib və gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Sonra Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov və Magistratura və doktorantura şöbəsinin müdiri Eldəniz Bayramov buraxılış işlərinin, magistr dissertasiyalarının yerinə yetirilməsinin, eləcə də dövlət imtahanlarına hazırlığın vəziyyəti barədə məruzələrlə çıxış ediblər.
İclasda sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov Universitetin strukturunun optimallaşdırılması və yeni struktur bölmələrin yaradılması komissiyasının hesabatı ilə çıxış edib. Həmçinin, İdarəetmə kafedrasının müdiri Fizuli Məmmədovnun və İqtisadiyyat kafedrasının müdiri Natiq Cavadovun hesabatları dinlənilib.
Keyfiyyət təminatı şöbəsinin müdiri Arzu Əsgərov “Keyfiyyət Təminatı Komissiyası” və “Struktur Bölmələrin Monitorinqi Komissiyası”nın əsasnamələrini və meyarlarını şura üzvlərinin müzakirəsinə təqdim edib.
İclasda tədris-metodiki vəsaitlərin siyahısı təsdiq edilib, Dizayn və sənaye texnologiyaları kafedrasının əməkdaşı Hüsnü Kərimovun dosent elmi adının alınması üçün AAK qarşısında vəsatətin qaldırılması ilə bağlı səsvermə keçirilib, eləcə də qaldırılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Azərbaycan Texnologiya Universitetində yaz imtahan sessiyasına hazırlıq və digər cari məsələlərin müzakirəsi məqsədilə iclas keçirilib. İclasda universitetin rektoru Yaşar Ömərov, akademik və inzibati rəhbər heyət iştirak edib.
Rektor Yaşar Ömərov Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən yaz imtahan sessiyasının 1 iyun 2026-cı il tarixindən etibarən başlayacağını və beş həftə davam edəcəyini bildirib. O, imtahanların yüksək səviyyədə təşkili üçün zəruri olan texniki və təşkilati məsələlərə toxunaraq imtahan zallarının, kompüter otaqlarının, müşahidə kameralarının tam hazır vəziyyətə gətirilməsi və universitet ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı aidiyyəti struktur rəhbərlərinə konkret tapşırıqlar verib.
İmtahan sessiyasının şəffaf və obyektiv keçirilməsinin təmin edilməsi məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyasının yaradıldığını vurğulayan rektor bu istiqamətdə fakültə dekanlarına və kafedra müdirlərinə məsuliyyətli yanaşma nümayiş etdirməyi tövsiyə edib.
Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələrin xarici dil bacarıqlarının inkişaf etdirilməsi və peşəkar hazırlığının dəstəklənməsi məqsədilə təşkil olunan növbəti ödənişsiz ingilis dili təlimləri uğurla yekunlaşıb.
Universitetin Strateji İnkişaf Planının (SİP) icrası çərçivəsində keçirilən təlimlər 15 aprel – 15 may tarixlərini əhatə edib. Təlim proqramı universitetin 1-ci və 3-cü kurs tələbələri üçün təşkil olunub.
Təlimlər universitetin müəllimləri Səbinə Bağırova və Leyla Kərimova tərəfindən aparılıb. Proqram müddətində tələbələrin ingilis dili üzrə danışıq, dinləmə, oxu və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müxtəlif praktik məşğələlər keçirilib.
Təlim proqramını uğurla başa vuran tələbələr sertifikatla təltif olunublar. Sertifikatlar Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov tərəfindən təqdim edilib.
Qeyd edək ki, ATU-da tələbələrin bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif istiqamətli təlim və inkişaf proqramlarının təşkili mütəmadi olaraq davam etdirilir.