Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

İctimai Nəzarət Şurasının iclası keçirilib

Azərbaycan Texnologiya Universitetinin İctimai Nəzarət Şurasının (İNŞ) növbəti iclası keçirilib. İclasda Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov İctimai Nəzarət Şurası üzvlərini salamlayıb, müzakirə olunacaq məsələlərin, ediləcək təklif və tövsiyələrin, ümumilikdə ictimai rəyin öyrənilməsinin universitetin fəaliyyətində əhəmiyyətini vurğulayıb.

İclasda üzvlərdən millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, “Respublika” qəzetinin bölgə müxbiri Zabit Xəlilov, “Regional İnkişaf” İB-nin Gəncə-Daşkəsən bölməsinin nümayəndəsi Aişə Osmanlı, “Təşəbbüslərin İnkişaf Mərkəzi” İB-nin sədri Azad Rəhimov, “Təmas” Regional İnkişaf İB-nin sədri Südabə Məmmədova iştirak edib.

İNŞ üzvləri 2024/2025-ci tədris ilinin yaz imtahan sessiyası ilə tanış olub, prosesi monitor vasitəsilə izləyiblər. Onlara imtahanların gedişi və təşkili, İmtahan Komissiyası, Apellyasiya Komissiyasının fəaliyyəti ilə bağlı məlumatlar təqdim edilib. 

İclasda yaz imtahan sessiyasının ardından ATU-nun inkişafı ilə bağlı mövcud vəziyyət və qarşıda duran məsələlər müzakirə edilib. Yekunda Şura tərəfindən universitet rəhbərliyinə təklif və tövsiyələr təqdim edilib.

Qeyd edək ki, ATU İctimai Nəzarət Şurası 2023-cü ildə yaradılıb və bu təşəbbüs Gəncə universitetləri arasında ilk dəfə məhz Azərbaycan Texnologiya Universitetində reallaşdırılıb.

Azərbaycan Texnologiya Universitetində (ATU) Məzun Günü keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) “Coca-Cola” şirkətinin baş sponsorluğu, “Nar” və Kapital Bankın dəstəyi ilə Məzun Günü tədbiri keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxış edib. Y.Ömərov bu ilki Məzun Gününün universitetin 55 illiyinə təsadüf etdiyini və bu səbəbdən daha da əlamətdar olduğunu qeyd edib. Rektor bu il məzun olan 750-dən çox gəncin bundan sonra da layiqli vətəndaş olacağına, gələcək həyatda, təhsil sahəsində yeni-yeni uğurlara imza atacağına əminlik ifadə edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, “Nar" şirkətinin Baş icraçı direktoru Qunnar Panke, valideyn Anar İbrahimov, əlaçı tələbə Aynur Nağıyeva, qazi məzun Babək Həsənov çıxış edərək tələbələri təbrik edib, həyatlarının bundan sonrakı mərhələsində uğur və nailiyyətlər arzulayıblar.

Tədbir ən yüksək göstəriciləri olan tələbələrin təltif olunması ilə davam edib. Məzunlara təşəkkürnamə və Kapital Bank, “Nar"  şirkətləri tərəfindən hədiyyələr verilib.

Tədbirin bədii hissəsində məzun tələbələrin ifasında mahnı və rəqs nömrələri göstərilib.

Məzun Günü səsi ilə könülləri fəth edən xalq artisti İlqar Muradovun, müxtəlif musiqi qruplarının konsert proqramı ilə davam edib.

Sonda məzunlar Vətənə, xalqa, dövlətə sadiq qalacaqlarına, bundan sonrakı həyatlarında böyük həvəslə çalışaraq layiqli mütəxəssis olacaqlarına and içərək məzun papaqlarını səmaya atıblar.

Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün daha bir təqaüd təsis edildi

Azərbaycan Texnologiya Universiteti (ATU) tələbələri üçün "Xəzri TN" təqaüdü təsis edilib. Xüsusi təqaüd ATU ilə "Xəzri TN" MMC arasında mövcud əməkdaşlıq münasibətləri çərçivəsində təsis edilib. Təqaüdün təsis edilməsinə dair müqavilə Azərbaycan Texnologiya Universitetində rektor Yaşar Ömərov Azərbaycan ilə "Xəzri TN" MMC-nin direktoru İlkin Şabanov tərəfindən imzalanıb.

Sənədə əsasən təqaüd yeni tədris ilindən Qida mühəndisliyi fakültəsinin qida mühəndisliyi, şərabçılıq və ekologiya mühəndisliyi ixtisasları üzrə əyani təhsil alan, ən yüksək akademik göstəricilərə malik 2 tələbəsinə veriləcək. Təqaüd hər tələbə üçün 100 manat məbləğində müəyyən olunub.

Bununla da ATU tələbələri üçün təsis edilən müəssisə taqüdlərinin sayı 3-ə çatıb. Qeyd edək ki, ötən il “Azəralüminium” və “ATS Food” təqaüdləri də təsis edilib.

Xatırladaq ki, ATU ilə "Xəzri TN" arasında ötən ilin iyulundan sənaye əlaqələri qurularaq aktiv əməkdaşlığa başlanıb. 2024-cü ilin avqust ayında ATU-da "Xəzri TN"in günlük 150 ton istehsal gücünə malik N1 Çörək Zavodunun dəstəyi ilə yeni ixtisaslaşmış auditoriya istifadəyə verilib.

 

 


ATU ilk dəfə  Times Higher Education  reytinqində

Azərbaycan Texnologiya Universiteti ilk dəfə "Times Higher Education" (THE) reytinqində yer alıb. 

Azərbaycan Texnologiya Universiteti (ATU) dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) agentliyinin “Impact Rankings 2025” reytinqində yer alıb. 

Bu reytinqdə ilk dəfə yer alan ATU 4 Dayanıqlı İnkişaf Məqsədi (DİM) üzrə qərarlaşaraq dünya üzrə 1501+ diapazonunda və Respublika üzrə isə 14-cü sırada mövqe tutub.

Belə ki, ATU DİM 1 istiqaməti üzrə 601-800 diapazonunda yerləşməklə Azərbaycanın region universitetləri arasında birinci yerdə qərarlaşıb. 

ATU “Impact Rankings 2025”də DİM 2 istiqaməti üzrə 601-800 diapazonunda, DİM 8 istiqaməti üzrə 1001+ diapazonunda, DİM 17 istiqaməti üzrə isə 1001-1500 diapazonunda mövqe tutub.

“THE Impact Rankings” reytinq siyahısı THE tərəfindən hazırlanmış və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsasında dünyanın ali təhsil müəssisələrinin sosial, iqtisadi və ekoloji sahələrdəki töhfəsini ölçən qlobal reytinq sistemidir. Bu reytinq universitetlərin tədqiqat fəaliyyəti, idarəetmə siyasətləri, sosial təsiri və ictimai öhdəliklərini obyektiv meyarlarla qiymətləndirməklə onların dayanıqlı inkişafa verdiyi dəstəyi əks etdirir.

 

 

 

 

15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “15 İyun Milli Qurtuluş Günü”nə həsr edilmiş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Daha sonra Milli Qurtuluş Gününə həsr edilmiş çarx nümayiş etdirilib. 

Tədbirdə ATU-nun rektoru dos. Yaşar Ömərov açılış nitqi ilə çıxış edib. Bildirib ki, demokratik dəyərlərə və prinsiplərə uyğun ilk milli Konstitusiya Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci  ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilib və bununla da Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin təməli qoyulub. Rektor qeyd edib ki, Konstitusiyamız müasir və müstəqil Azərbaycanın Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bugünkü yüksək və dinamik inkişaf səviyyəsinə çatmasını, Zəfər və nailiyyətlərə imza atmasını təmin edib.

Tədbirdə həmçinin, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə şəhər prokuroru Rauf Gözəlov, Gəncə Şəhər Məhkəməsinin sədri Xəqani Tağıyev çıxış edib, müstəqil Azərbaycanın inkişaf yolundan, Milli Qurtuluş Gününün tarixindən, suverenliyin bərpa edilməsindən, bu yolda Ulu Öndər Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərindən bəhs ediblər. 

ATU ilə “Agro Dairy” arasında görüş keçirilib

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərovun “Agro Dairy” MMC-nin nümayəndə heyəti ilə görüşü keçirilib.

ATU-da baş tutan görüşdə “Agro Dairy” şirkətini İnsan Resursları üzrə Baş direktor və İdarə Heyətinin üzvü Fatimə Tağıyeva, işə qəbul meneceri Kəmalə Eynullayeva, aqronomiya məsələləri üzrə müşavir Nizami Kazımov, rəqəmsal marketinq mütəxəssisi Leyla Acalova və ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssis Günel Məmmədova təmsil edib.
Görüş zamanı sənaye yönümlü əməkdaşlıq imkanları, xüsusilə kadr hazırlığı, elmi-praktik tərəfdaşlıq, birgə layihələrin icrası və universitet–sənaye əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər gələcək əməkdaşlığın əsas istiqamətləri üzrə razılığa gəliblər.
Qeyd edək ki, “Agro Dairy” 10 illik təcrübə ilə Azərbaycanın aparıcı kənd təsərrüfatı və qida sənayesi şirkətlərindən biridir. 2024-cü ildən etibarən isə bitkiçilik, taxıl emalı, heyvandarlıq, süd və ət məhsullarının istehsalı sahəsində ixtisaslaşmış 14 müəssisənin birləşməsi ilə vahid “Agro Dairy” şirkəti adı altında fəaliyyətini davam etdirir.