Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Karyera Mərkəzinin və İnnovasiya Mərkəzinin yeni ofisləri istifadəyə verilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Karyera Mərkəzinin və İnnovasiya Mərkəzinin yeni ofisi istifadəyə verilib.

Rektor Yaşar Ömərov hər iki ofisdə yaradılan şəraitlə tanış olub, burada həyata keçirilən işlər və qarşıdakı fəaliyyət istiqamətləri barədə tövsiyə və tapşırıqlar verib.

Karyera Mərkəzinin yeni ofisində tələbələrin istehsalat təcrübəsinin təşkilinin və koordinasiyasının, tələbə və məzunlarla işin daha səmərəli qurulmasının, təcrübə və karyera imkanlarının genişləndirilməsinin, eləcə də işəgötürənlərlə əməkdaşlığın inkişaf etdirilməsinin təmin edilməsi üçün daha əlverişli iş mühiti yaradılıb. 

İnnovasiya Mərkəzinin yeni ofisi isə tələbə və gənclərin innovativ ideyalarının dəstəklənməsi, startap təşəbbüslərinin inkişafı və innovasiya yönümlü layihələrin həyata keçirilməsi üçün fəaliyyətin daha səmərəli koordinasiyasına imkan verir.

 

Dağılan miflər və qurulan gələcək – diplomatik səfərlərin fonunda yeni Zəngəzur və Qarabağ

Azərbaycan işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Təkcə fiziki infrastruktur deyil, həm də rəqəmsal idarəetmə sistemləri tətbiq olunmaqla, yaşayış məntəqələri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun olaraq yenidən qurulur. Həyatın yenidən canlandırılması məqsədilə strateji əhəmiyyətli nəqliyyat-kommunikasiya xətləri, o cümlədən hava limanları, dəmir yolları, avtomobil magistralları inşa olunur, enerji təhlükəsizliyi təmin edilir, səhiyyə, elm və mədəniyyət ocaqları istifadəyə verilir. Bütün bu infrastruktur layihələrinin mərkəzində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışının ardıcıl reallaşdırılmasına əsaslanan Böyük Qayıdış proqramının uğurlu icrası dayanır. Həyata keçirilən layihələr çərçivəsində hər bir kənd və şəhər ənənəvi üslubdan uzaqlaşdırılır ki, bu da əhalinin həyat keyfiyyətini maksimum səviyyəyə qaldırmaq deməkdir.  Beləliklə, əgər bu gün otuz ilə yaxın bir müddət ərzində erməni işğalı və vandalizmi nəticəsində dağıdılmış ərazilərimiz müasir şəhərsalma prinsiplərinə uyğun olaraq sıfırdan yenidən qurulursa, bu, dövrün ən irimiqyaslı və dayanıqlı regional inkişaf layihələrindən biri kimi səciyyələndirilməlidir.

Aydındır ki, bu tarixi prosesin beynəlxalq aləmə obyektiv şəkildə təqdim edilməsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Xarici tərəfdaşların bölgəyə səfərləri işğal dövründə həmin torpaqlarda törədilmiş ekoloji və maddi dağıntıların miqyasını və azad olunduqdan sonra həmin ərazilərdə həyata keçirilən nəhəng quruculuq işlərini əyani şəkildə görməyə imkan verir.

Ölkəmizdə fəaliyyət göstərən səfirlər, beynəlxalq təşkilat nümayəndələri mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərlər edir və görülən işlərlə yerindəcə tanış olur, mina təmizləmə əməliyyatlarından tutmuş, mədəni irsin bərpası, bölgənin gələcək inkişaf potensialı ilə bağlı bilavasitə məlumat əldə edirlər. Deməli, bu səfərlər təkcə tanışlıq xarakterli deyil, eyni zamanda Azərbaycan həqiqətlərinin, regionda sülh və quruculuq işlərinin beynəlxalq müstəvidə obyektiv dəyərləndirilməsində əsaslı rol oynayır. 

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə erməni revanşist qüvvələrin reaksiyası təəssüf doğurduğu kimi, həm də qəbuledilməzdir. Bütün bu geniş miqyaslı quruculuq prosesinin beynəlxalq müstəvidə obyektiv şəkildə dəyərləndirilməsi fonunda, xarici səfirlərin bölgəyə səfərləri Ermənistandakı radikal dairələrdə ciddi qıcıq doğurur, destruktiv qüvvələrin təbliğat siyasətini fiaskoya uğradır. Məhz bu kontekstdə, revanşist dairələrin nümayiş etdirdiyi destruktiv mövqe bir sıra mühüm xüsusiyyətlərlə səciyyələnir:

Gözlə görülən həqiqət və təbliğat miflərinin çökməsi - xarici səfirlərin və beynəlxalq təşkilat təmsilçilərinin azad edilmiş ərazilərdə aparılan nəhəng bərpa işləri, “ağıllı şəhər” və “ağıllı kənd”  layihələri ilə yerində tanış olması, Ermənistanın illər boyu xaricdə formalaşdırdığı “humanitar böhran” və “dağıdılmış zona” tezislərini darmadağın edir. Həm də, Ermənistandakı radikal dairələrin beynəlxalq ictimaiyyətin obyektiv mənzərəni görməsindən nə qədər qorxduqlarını büruzə verir.

 Suverenliyə hörmətsizlik və ziddiyyətli siyasi xətt – Ermənistan rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi halda, revanşist qüvvələrin və yerli medianın diplomatların suveren ərazilərimizə səfərinə görə həm ölkəmizi, həm də həmin ölkələrin səfirlərini hədəf alması onların qeyri-səmimi mahiyyətini üzə çıxarır. Bu yanaşma, eyni zamanda iki ölkə arasında formalaşmaqda olan sülhə və etimada vurulan zərbədir.

İnformasiya diplomatiyasının təntənəsi – Azərbaycan ərazidə yaratdığı reallıqları birbaşa qlobal aktorların nümayəndələrinə təqdim edir ki, bu da yalnız şifahi şəkildə haqq səsini duyurmaqla kifayətlənməmək deməkdir. Nəticə etibarilə, bütün bu deyilənlərdən belə bir qənaətə gəlirik ki, Ermənistan radikal qruplarının sərgilədiyi bu aqressiv reaksiya qaçılmaz sülh reallığı və yeni iqtisadi mühit qarşısında onların düşdüyü dərin psixoloji böhranın və acizliyin açıq göstəricisidir.

 

 Azərbaycan Texnologiya Universiteti

Humanitar elmlər və multikulturalizm kafedrasının

baş müəllimi Zəminə Novruzova

 

 

 

ATU-da  15 sentyabr – Bilik Günü qeyd edilib

Azərbaycan Texnologiya Universitetində (ATU) 15 sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Dövlət bayrağının ucaldılması ilə başlayıb. Ardınca Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ATU-nun rektoru Yaşar Ömərov açılış nitqi ilə çıxış edib. Rektor professor-müəllim heyətini və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, universitetin qarşıdakı tədris ilində əsas hədəflərindən, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, müasir tədris imkanlarının genişləndirilməsi və tələbələrin inkişafı üçün yaradılan şəraitdən bəhs edib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər təşkilatının sədri Bayram Aslanov, Vətən müharibəsi şəhidi Elməddin Mürsəlzadənin və universitetə yeni qəbul olmuş tələbə Aysel Mürsəlzadənin atası Cəsur Mürsəlzadə, yüksək balla qəbul olmuş tələbə Elgin Məmmədovun atası Həsən Məmmədov, ATU-nun Rəqəmsal sistemlər və dəqiq elmlər kafedrasının müdiri professor Məntiq Cəfərov, ən yüksək balla qəbul olmuş tələbə Nazənin Əliyeva və əcnəbi tələbə Muhammad Avais çıxış edərək yeni tədris ili münasibətilə təbriklərini çatdırıb, tələbələrə uğurlar arzulayıblar.

Sonda universitetin bütün fakültələr üzrə ən yüksək balla qəbul olmuş tələbələrinə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, ATU 2026/2027-ci tədris ilinə 4800 tələbə ilə qədəm qoyur.


ATU-da yeni laboratoriya və auditoriyalar istifadəyə verilib

Azərbaycan Texnologiya Universitetində (ATU) yeni laboratoriya və tədris otaqları istifadəyə verilib. Universitetin rektoru Yaşar Ömərov yeni məkanlarla tanış olub.

Rəqəmsal texnologiyalar fakültəsində 3 yeni kompüter laboratoriyası istifadəyə verilib. Hər biri 20 tələbə üçün nəzərdə tutulan laboratoriyalar Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 60 kompüterlə təchiz olunub.

Yeni laboratoriyalarla tanış olan rektor bildirib ki, ölkədə rəqəmsallaşmanın sürətlə getdiyi bir dövrdə ali təhsil müəssisələrində müasir texniki imkanların yaradılması xüsusi əhəmiyyət daşıyır. Yaşar Ömərov qeyd edib ki, belə laboratoriyalar tələbələrin rəqəmsal bacarıqlarının inkişafına, müasir texnologiyalarla işləmək təcrübəsi qazanmasına və gələcəyin tələblərinə uyğun mütəxəssis kimi formalaşmasına imkan yaradacaq.

Daha bir laboratoriya universitetin Nəqliyyat və sənaye texnologiyaları fakültəsində istifadəyə verilib. Maşın hissələri adlı 15 tələbə tutumuna malik laboratoriya Mexanika və nəqliyyat texnologiyaları kafedrasının nəzdində fəaliyyət göstərəcək.

Turizm fakültəsində isə 3 tədris otağı əsaslı təmirdən sonra tələbə və müəllimlərin istifadəsinə verilib. Otaqlardan biri 60 tələbə yerlik mühazirə otağıdır. Digər 2 otağın hər biri 30 tələbə üçün nəzərdə tutulub. Yeni auditoriyalar mühazirələrin, məşğələlərin və interaktiv dərslərin keçirilməsinə imkan verəcək.

 

 

Yeni qəbul olunmuş tələbələr üçün Tanışlıq Günü təşkil edilib

Azərbaycan Texnologiya Universitetində (ATU) yeni qəbul olunmuş tələbələrin universitet həyatına uyğunlaşmasını asanlaşdırmaq məqsədilə Tanışlıq Günü keçirilib.

Görüş zamanı birinci kurs tələbələrinə universitetin strukturu və idarəetmə sistemi, tədris prosesinin təşkili, fakültələrin yerləşməsi və kafedraların fəaliyyəti barədə məlumat verilib. Tələbələr fakültə rəhbərləri, akademik məsləhətçilər və kafedraların fəaliyyəti ilə tanış olub, auditoriyalara baxış keçiriblər.

Tədbirdə həmçinin universitetin daxili qaydaları, təhsil müddətində istifadə olunacaq elektron sistemlər və digər məsələlər barədə məlumat verilib, tələbələrin sualları cavablandırılıb.

Digər şəhər və rayonlardan Gəncəyə gələn tələbələrə isə yaşayış imkanları, kirayə bazarı və yaşayış obyektlərinin seçimi, eləcə də təhlükəsiz yaşayış mühiti ilə bağlı tövsiyələr təqdim olunub.

Qeyd edək ki, 2026/2027-ci tədris ili üzrə ATU-nun bakalavriat səviyyəsinə 1524 nəfər qəbul olub.

 

 

 

Rektor şəhid ailəsi ilə görüşüb

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov universitetə yeni qəbul olunmuş şəhid ailəsi üzvü Aysel Mürsəlzadə və atası Cəsur Mürsəlzadə ilə görüşüb.

Rektor Ayseli universitetə qəbul olması münasibətilə təbrik edib, yeni tədris ilində uğurlar arzulayıb. Görüş zamanı rektor tələbənin fikirləri ilə maraqlanılıb, universitetə adaptasiyası və təhsil prosesi ilə bağlı məsələlərə diqqət çəkib. Şəhid ailələrinin üzvlərinə ATU-da təhsilləri müddətində hərtərəfli dəstək göstəriləcəyi diqqətə çatdırılıb. 

Ailə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Aysel Mürsəlzadə ATU-nun menecment ixtisasını seçib. Onun qardaşı Elməddin Mürsəlzadə 2020-ci ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.