Azərbaycan Texnologiya Universiteti (ATU) Beynəlxalq Qida və Aqrar Biznes Forumunda iştirak edib. “Biznes Mərkəzi Klubu”nun təşkilatçılığı ilə keçirilən tədbirdə ATU-nu Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov və İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev tələbələrlə birlikdə təmsil ediblər.
Yerli və xarici iş adamlarını, dövlət qurumlarının nümayəndələrini, qida və kənd təsərrüfatı sahəsinin peşəkarlarını, fermerləri və investorları bir araya gətirən tədbir çərçivəsində baş tutan sərgidə ATU stendi də yer alıb. Stenddə universitetin elmi-tədqiqat məhsulları və tələbələrin bir sıra innovativ layihələri sərgilənib.
Türkiyə, Özbəkistan, Tacikistan, İsrail və digər ölkələrdən olan şirkətlərin təmsilçiləri də iştirak ediblər. Tədbir zamanı stendlərə baxış keçirilib, şirkətlər arasında əməkdaşlıq üzrə B2B görüşlər reallaşıb. Sonra forum panel müzakirələri ilə davam edib. Panellərdə “Kənd təsərrüfatı və qida sahələri üzrə inkişaf mərhələləri, innovativ texnoloji həllər və ərzaq təhlükəsizliyi”, “Aqrar və qida sektorları üzrə istehsal, PR və marketinq, idxal-ixrac imkanları və təcrübə mübadiləsi” kimi mövzular müzakirə olunub.
Bu fəaliyyət SDG 2 (Aclığa son), SDG 9 (Sənaye, innovasiya və infrastruktur) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) ilə əlaqəlidir. Aqrar və qida sektoruna dair innovativ layihələrin beynəlxalq forumda təqdim olunması universitetin tətbiqyönümlü elmi potensialını nümayiş etdirir. Yerli və xarici tərəfdaşlarla bir araya gələn belə platformalar əməkdaşlıq və bilik mübadiləsi üçün mühüm imkan yaradır. Bu isə ərzaq təhlükəsizliyi və aqrar innovasiyalar sahəsində dayanıqlı inkişafı dəstəkləyir.
Azərbaycan Texnologiya Universitetinin (ATU) tərəfdaş sənaye müəssisələrindən olan “ATS Food LLC” tələbələr üçün master-klas təşkil edib. Tədbir zamanı şirkətin nümayəndələri tələbələri real sektorla tanış edərək sənaye mühitində karyera imkanları və əmək bazarına inteqrasiya prosesləri barədə geniş məlumat veriblər.
Görüş zamanı ATS Food nümayəndələri tələbələrin 3-cü kursdan etibarən iş mühitinə cəlb olunması və mərhələli karyera planlaması barədə təqdimatla çıxış ediblər. Master-klas zamanı tələbələr sual-cavab sessiyasında fəal iştirak edərək real sektorla bağlı maraqlarını nümayiş etdiriblər. Tələbələrə şirkətdə təcrübə və inkişaf imkanları, sənayedə real iş mühitinin tələbləri, səriştə əsaslı yanaşmanın karyerada rolu, gələcək peşəkarlar üçün karyera və inkişaf strategiyaları, həmçinin regionların sosial-iqtisadi inkişafına töhfə mövzularında məlumat verilib.
Tədbirin təşkilində məqsəd tələbələrin sənaye ilə daha erkən tanış olması, peşəkar inkişafının sürətləndirilməsi və istehsalata mərhələli şəkildə inteqrasiyasının təmin edilməsidir.
Qeyd edək ki, ATU “ATS Food” ilə 2023-cü ilin oktyabrından əməkdaşlığa başlayıb. Bu müddət ərzində şirkət tələbələr üçün təqaüd ayırıb, müxtəlif layihələrə və müsabiqələrə dəstək göstərib, təlimlər təşkil edib. Həmçinin əməkdaşlıq bir sıra uğurlu layihələrin həyata keçirilməsinə şərait yaradıb və universitetlə şirkət arasında davamlı təcrübə imkanlarını möhkəmləndirib.
Azərbaycan Texnologiya Universitetinin (ATU) əməkdaşı dosent adına layiq görülüb
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18.11.2025-ci il tarixli qərarı ilə Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat kafedrasının əməkdaşı Minurə Kərimovaya elmi-pedaqoji fəaliyyətinə görə iqtisad elmləri elm sahəsinin 5312.01 - Sahə iqtisadiyyatı ixtisası üzrə dosent elmi adı verilib.
Azərbaycan Texnologiya Universitetində (ATU) “Bakcell” nümayəndələrinin tələbələrlə görüşü keçirilib. Görüş çərçivəsində şirkətin əməkdaşları Yusif İbadlı və Nihad Hadıyev tələbələrə “Bakcell”in tələbə təcrübə proqramı, üstünlükləri və iştirak şərtləri barədə geniş məlumat veriblər. Qeyd olunub ki, proqram çərçivəsində tələbələr real iş mühitində çalışmaq, peşəkar komandadan bilik və bacarıqlar qazanmaq, gələcək karyera hədəflərinə uyğun olaraq şirkət daxilində inkişaf etmək imkanı əldə edirlər. Proqram həmçinin texnologiya, informasiya sistemləri, satış, müştəri xidmətləri və digər istiqamətlər üzrə gənclərin öz potensialını reallaşdırmasına şərait yaradır.
Bildirilib ki, hazırda ölkənin müxtəlif ali təhsil müəssisələrindən 50-dən çox tələbə “Bakcell” komandasına qoşularaq əmək fəaliyyətinə başlayıb. Bu isə tələbələr üçün real iş təcrübəsi qazanmaq və nəzəri bilikləri praktiki bacarıqlarla möhkəmləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Görüş zamanı şirkətin həyata keçirdiyi layihələr, gənclərə yönəlik inkişaf imkanları təqdim olunub, tələbələrin sualları cavablandırılıb.
Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov innovativ layihələrə xüsusi maraq göstərən, süni intellekt və yüksək texnologiyalar sahəsində çalışan tələbələrlə görüş keçirib. Görüşün əsas məqsədi tələbələrin yenilikçi ideyalarını dinləmək, onların elmi-texniki fəaliyyətinə dəstək vermək və ATU-da innovasiya mühitini daha da gücləndirmək olub.
Görüşdə müxtəlif fakültələrdə təhsil alan, lakin birləşdirici xətt olaraq rəqəmsal texnologiyalar, maşın öyrənməsi, robototexnika, ağıllı sistemlər və startap həlləri üzərində çalışan tələbə komandaları iştirak ediblər.
Görüşdə rektor əvvəlcə tələbələrlə tanış olub, daha sonra onların mövcud layihələrini, texnoloji yeniliklər və gələcək planlarla bağlı fikirlərini dinləyib. Rektor təqdim edilən ideyaları yüksək qiymətləndirərək bildirib ki, ATU-da innovativ düşüncə tərzinin dəstəklənməsi universitetin əsas prioritetlərindəndir. O, xüsusilə tələbələrin ərsəyə gətirdiyi “ATUCar” layihəsinin son günlər ictimai marağa səbəb olduğunu qeyd edərək tələbələrin süni intellekt və rəqəmsal texnologiyalar sahəsindəki fəallığını təqdir edib və belə təşəbbüslərə dəstəyin davam etdiriləcəyini vurğulayıb. Rektor həmçinin universitetin potensialının gənclərin ideyaları ilə daha da güclənəcəyini bildirib.
Görüşün sonunda tələbələrlə universitet–sənaye əməkdaşlığının tələbələr üçün yaratdığı imkanlar, yeni layihələrin qrant müsabiqələrinə çıxarılması və startap ekosistemi üçün texniki imkanların genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
ATU rəhbərliyi tələbələrin bu sahədə fəaliyyətini davamlı şəkildə dəstəkləyəcəyini və innovasiya yönümlü təhsil mühitinin genişləndirilməsi üçün ardıcıl addımlar atılacağını qeyd edib.