Azərbaycan Texnologiya Universiteti (ATU) XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur.
Universiteti İnnovasiya Mərkəzinin rəhbəri Elnur Əhmədov, əməkdaşı Xamzat Şəliyev və Mətbəənin müdiri Mobil Qarayev təmsil edirlər.
Stenddə ATU alimlərinin müəllifi olduqları kitablar, universitetin elmi jurnalları və tədris vəsaitləri nümayiş etdirilir.
Mədəniyyət Nazirliyi və SOCAR-ın təşkilatçılığı ilə keçirilən sərgi Bakı Ekspo Mərkəzində oktyabrın 27-dək davam edəcək.
Bu il sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında təşkil olunur.
Bakı Beynəlxalq Kitab Sərgisi elmi nəşrlərin və dərsliklərin beynəlxalq səviyyədə tanıdılması, alimlərin elmi əsərlərinin daha geniş auditoriyaya çatdırılması, qabaqcıl nəşriyyat təcrübəsinin öyrənilməsi və ölkələr arasında elmi-mədəni əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, sərgi ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmi nəşrlərin beynəlxalq elmi mühitdə görünürlüğünün artırılması üçün əlverişli imkanlar yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 20-si tariximizə Zəngilan Şəhəri Günü kimi daxil edilmişdir. Bu əlamətdar gün təqvimdə sadə bir bayram deyil, həm də, xalqımızın dəmir iradəsinin, milli birliyinin və tarixi ədalətin bərpasının təntənəsidir.
44 günlük Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə xalqımızın otuz illik həsrətinə son qoydu. Bu hadisə Azərbaycanın qızıl hərflərlə yazılmış ən yeni tarixidir ki, bu şanlı salnamənin ən parlaq səhifələrindən biri də Müzəffər Azərbaycan Ordusunun 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin və rayonun bir sıra yaşayış məntəqələrinin düşmən tapdağından azad etməsi və ölkəmizin hərbi-strateji üstünlüyünü nümayiş etdirdiyi Zəngilan əməliyyatıdır.
Otuz ilə yaxın davam edən işğal dövründə düşmən digər işğal altında olan torpaqlarımız kimi Zəngilan rayonunun da həm maddi-mədəniyyət abidələrini, həm də dini ocaqlarını hədəfə almış, dağıntılara məruz qoymuşdu. Rayon ərazisindəki qədim məscidlər, tarixi abidələr, qəbiristanlıqlar dağıdılmış, təhqir xarakterli münasibətlərə məruz qalmışdı. Bir xalqın mədəniyyətinə, dininə, inancına, milli-mənəvi irsinə göstərilən bu cür münasibət bizim bu illər ərzində necə bir düşmənlə üz-üzə qaldığımızın ən bariz görüntüsüdür. Məkrli düşmən vandalizmininə məruz qalaraq viran qoyulan Zəngilan şəhər məscidi də işğal dövründə tamamilə dağıdılaraq xarabalığa döndərilmiş, öz əvvəlki görkəmini 70%-ə qədər itirmişdi.
Lakin torpaqlarımız azad edildikdən sonra dövlətimiz bu istiqamətdə mühüm addımlar ataraq Zəngilan şəhərində qədimlik və müasirliyin sintezi ilə yeni məscid kompleksinin inşasına başladı. Müasir tikinti texnologiyaları ilə qədim memarlıq üslubunun vəhdətindən yaradılan yeni kompleks düzbucaqlı plan quruluşlu, iki minarəli layihələndirilib. Burada 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb. Tarixi Zəngilan məscidinin qalıqları isə erməni işğalçılarının Qarabağ və Şərqi Zəngəzurda dini abidələrimizə qarşı törətdikləri vanadalizmi bütün çılpaqlığı ilə əks etdirən və gələcək nəsillərə ötürən tarix dərsi kimi açıq səma altında sərgiyə çevrilib.
Dağıdılmış məscidlərimizin bərpası və yeni ibadət ocaqlarının inşası xalqımızın milli yaddaşına və mənəviyyatına sahib çıxdığının əyani sübutudur. Tarixi abidələrlə yanaşı, bütün rayon ərazisinin yenidən qurulması isə tam yeni bir mərhələnin – Böyük Qayıdışın başlanğıcıdır.
Zəngilan şəhərinin azad olunmasından dərhal sonra başlanan bərpa və quruculuq işləri dirçəliş, inşa və strategiya çərçivəsində birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın nəzarəti və müstəsna diqqəti ilə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Zəngilana etdiyi müntəzəm səfərlər bu bölgənin qısa müddət ərzində dünyanın ən müasir yaşayış məntəqələrindən birinə çevrilməsinin təminatçısıdır. Dövlət başçımızın səfərləri bir sıra konsepsiyaların – strateji təməllər və “Ağıllı şəhər”, nəqliyyat və logistika qovşağı, iqtisadiyyat, ekologiya və turizm istiqamətlərinin uğurla reallaşmasına, Zəngilanın isə müasir dövrün tələblərinə cavab verən tam yeni inkişaf modelinə çevrilməsinə zəmin yaratmışdır. Prezident İlham Əliyevin səfərləri çərçivəsində Zəngilanda təməli qoyulan layihələr regionun gələcək inkişaf vektorunu müəyyənləşdirib. Rayonun Ağalı kəndində icra olunan və ölkəmizdə ilk olan "Ağıllı kənd" layihəsi artıq Böyük Qayıdışın uğurlu başlanğıcına çevrilib, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin edib. Eyni zamanda, 2022-ci ildə istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı şəhəri beynəlxalq nəqliyyat dəhlizinə çevirməklə yanaşı, Şərqi Zəngəzurun və Naxçıvanın iqtisadi potensialının artmasında həlledici rol oynayır. O cümlədən, Zəngilan Logistika Mərkəzinin, məktəb və xəstəxana binalarının təməli qoyulmuş, bəzilərinin açılışı həyata keçirilmişdir. Ekoloji tarazlığın bərpası məqsədilə Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpası istiqamətində görülən işlər də məhz dövlət başçısının diqqət mərkəzindədir.
Bütün bu bərpa və quruculuq işləri sübut edir ki, şəhidlərimizin qanı bahasına alınmış bütün torpaqlarımızda həyat yenidən qaynayır. Beləliklə də, həm Zəngilan, həm də digər azad edilmiş yurdlarımız tezliklə ölkəmizin ən gözəl, abad və iqtisadi cəhətdən inkişaf etmiş mərkəzlərinə çevriləcəkdir.
Azərbaycan Texnologiya Universitetinin (ATU) Ekologiya mühəndisliyi ixtisasının II kurs tələbəsi Ruslan Rüstəmli kikboksinq üzrə 30-cu Azərbaycan çempionatının qalibi olub.
Bakı şəhərindəki Sərhədçi Olimpiya İdman Kompleksində gənclər və kişilər arasında keçirilən yarışda 91 kq çəki dərəcəsində mübarizə aparan idmançı iki döyüş keçirərək birinci yerə layiq görülüb.
Bu qələbə ilə Ruslan Rüstəmli 16 ildən sonra Gəncəyə kikboksinq üzrə Azərbaycan çempionatının qızıl medalını qazandıran idmançı olub. O, eyni zamanda Şimali Makedoniyada keçiriləcək Avropa çempionatında iştirak hüququ qazanıb.
Qeyd edək ki, Ruslan Rüstəmli yeniyetmələr və gənclər arasında üçqat Azərbaycan çempionudur. O, Türkiyənin Antalya şəhərində keçirilən Dünya kubokunda da üçüncü yeri tutub.
Azərbaycan Texnologiya Universitetində (ATU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tələbə və əməkdaşlar arasında üzgüçülük yarışı keçirilib. Region ali təhsil müəssisələri arasında ilk dəfə təşkil olunan yarış Gəncə İdman Sarayında baş tutub.
Yarışda əməkdaşlar arasında Qida mühəndisliyi və şərabçılıq kafedrasının əməkdaşı Elnur Heydərov birinci, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov ikinci, Mətbəə şöbəsinin müdiri Mobil Qarayev isə üçüncü yeri tutub.
Tələbələr arasında Rəqəmsal texnologiyalar fakültəsinin tələbəsi Emil Hacızadə birinci, Qida mühəndisliyi fakültəsinin tələbəsi Cavad Ələsgərli ikinci, Nəqliyyat və sənaye texnologiyaları fakültəsinin tələbəsi Əli Babayev isə üçüncü yeri tutub.
ATU yarışın təşkilinə yaratdığı şəraitə görə Gəncə İdman Sarayının rəhbərliyinə təşəkkürünü bildirir.
Qeyd edək ki, Zəfər Gününə həsr olunmuş silsilə idman yarışları çərçivəsində növbəti yarışlar tennis üzrə 27 oktyabrda, dama və şahmat üzrə 2 noyabrda, voleybol üzrə 3–4 noyabrda, futzal üzrə isə 5–6 noyabrda keçiriləcək. Yarışlar ATU-nun İdman Klubu tərəfindən təşkil olunur.
Azərbaycan Texnologiya Universitetində (ATU) yaşıl kampus konsepsiyasının həyata keçirilməsi və alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində növbəti addım atılıb. Universitet ərazisində günəş panelləri ilə təchiz olunmuş işıq dirəkləri quraşdırılıb.
Günəş enerjisi ilə çalışan işıq dirəkləri yaşıl texnologiyaların universitet mühitində tətbiqini genişləndirməyə, alternativ enerji mənbələrindən istifadəyə və daha ekoloji kampus mühitinin formalaşdırılmasına xidmət edir.
ATU-da həyata keçirilən bu təşəbbüs universitetin yaşıl kampus istiqamətində fəaliyyətinin genişləndirilməsinin tərkib hissəsi olmaqla dayanıqlılığın təmin olunmasına töhfə verir.
Azərbaycan Texnologiya Universitetində (ATU) 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən danışıb. O vurğulayıb ki, müstəqillik yalnız siyasi azadlıq deyil, həm də milli kimliyin, tarixi yaddaşın qorunması və gələcək nəsillər qarşısında məsuliyyət deməkdir.
Daha sonra Turizm fakültəsinin dekanı professor Yusif Hümbətov və Humanitar elmlər və multikulturalizm kafedrasının əməkdaşları çıxış edib. Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan tarixi proseslər, milli dövlətçilik ənənələrinin qorunması, müstəqilliyin möhkəmləndirilməsi və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirdə “Müstəqilliyə gedən yol: tarixin qızıl səhifəsi” və “Müstəqillik yalnız siyasi azadlıq deyil, milli şüur, tarixi yaddaş və gələcək məsuliyyətdir” başlıqlı məruzələr dinlənilib.
Tədbirin sonunda Müstəqilliyin Bərpası Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.