Azərbaycan Texnologiya Universiteti (ATU) Erasmus+ proqramı çərçivəsində Avropa universitetləri ilə əməkdaşlığı uğurla davam etdirir.
2023/2024-cü tədris ilində Azərbaycan Texnologiya Universitetinin daha 8 tələbəsi Avropa Komissiyasının Erasmus+ proqramından yararlanıb.
Belə ki, müvafiq tədris ili ərzində universitetin 7 tələbəsi Qranada Universiteti (İspaniya), Xaen Universiteti (İspaniya), Varşava Ekologiya və Menecment Universiteti (Polşa) və İaşi Texniki Universitetində (Rumıniya) təhsilini uğurla bitirib, daha bir tələbə isə növbəti semestrdə İaşi Texniki Universitetində (Rumıniya) təhsil almaq hüququ əldə edib.
Universitetin rektoru v.m.i.e dos. Yaşar Ömərov 23.09.2024-cü il tarixində həmin tələbələrlə görüşərək onları bu uğurları münasibətilə təbrik edib, öz tövsiyələrini verib. Tələbələrin mübadilə ilə bağlı təəssüratlarını dinləyən Y.Ömərov onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayıb, bu kimi proqramlarda iştirakın əhəmiyyətindən danışaraq beynəlxalq mübadilə proqramlarının gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə yiyələnməsində vacib rol oynadığını və əldə edilən bilik və bacarıqların ölkəmizin inkişafı üçün zəruri olduğunu vurğulayıb.
Tələbələr də öz növbəsində onlar üçün belə imkanlar yaradıldığına görə minnətdarlıq ifadə edib, bu kimi təcrübələrin gələcəkdə peşəkar fəaliyyətlərinə böyük töhfə verəcəyini bildiriblər.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti hazırda Erasmus+ mübadilə proqramı çərçivəsində Avropa ölkələrinin çoxsaylı universitetləri ilə sıx əməkdaşlıq edir və proqram çərçivəsində təhsil alan tələbələrin bütün xərcləri Erasmus+ proqramı çərçivəsində Avropa Birliyi tərəfindən qarşılanır.
Azərbaycan Texnologiya Universitetində Erasmus+ KA2 (REFRESH) layihəsi çərçivəsində Barselona Universitetinə səfərlə bağlı məlumatlandırma günü keçirilib.
Görüşdə layihə meneceri, tədris işləri üzrə prorektor Raqif Hüseynov REFRESH layihəsinin məqsədi, yerli və xarici tərəfdaşları, cari fəaliyyət planı barədə məlumat verib, daha sonra strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri Mehman Kərimov Barselona səfərinin nəticələrini təqdim edib, əldə olunan təcrübələri bölüşüb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu, Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ KA2 layihəsi çərşivəsində Barselona Universitetininə səfər cari ilin 2-8 iyun tarixlərində baş tutub.