Azərbaycan Texnologiya (ATU) Universiteti Serbiyanın Novi Sad Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Şərqi Qonşuluq, Asiya və Mərkəzi Asiyada təhsil və innovasiyalar vasitəsilə ikili yaşıl və rəqəmsal keçidlərin təşviqi – Yaşıl Texnologiya Üfüqləri" (Fostering Dual Green and Digital Transitions through Education and Innovation in the Neighbourhood East, Central Asia, and Asia - Green Tech Horizons) layihəsində tərəfdaş qismində çıxış edir. Qazaxıstanın Almatı şəhərində keçirilmiş açılış tədbirində ATU-nu təmsil edən elm və innovasiyalar üzrə prorektor v.m.i.e., elm və xarici əlaqələr üzrə rektor müşaviri Sahil Həmidov ATU-da layihə ilə bağlı məlumatlandırma görüşü keçirib. ATU əməkdaşları və tələbələrinin iştirak etdiyi görüşdə layihə haqqında geniş məlumat verilib, 3 il ərzində həyata keçiriləcək fəaliyyətlər müzakirə edilib.
Məhsuldar keçən görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.
Azerbaycan Texnologiya Universiteti, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji davamlılığın təmin edilməsi məqsədilə karbon emissiyalarının ölçülməsi və idarə olunmasını prioritet istiqamət kimi müəyyən edib.
Universitet karbon emissiyalarını İYQ Protokolu Korporativ Standartı (GHG Protocol Corporate Standard) çərçivəsində, xüsusilə Əhatə dairəsi 1 (Scope 1) (birbaşa emissiyalar) və Əhatə dairəsi 2 (Scope 2) (dolayı elektrik istehlakı emissiyaları) üzrə hesablama qaydalarına əsasən aparır.
2023/2024-cü tədris ili üzrə karbon emissiyası aşağıdakı kimi hesablanıb:
• Əhatə dairəsi 1 (Scope 1) (birbaşa emissiyalar): Avtomobillərin (Aİ-92, Premium, dizel) və təbii qaz sərfiyyatı nəticəsində 269.09 ton CO₂e
• Əhatə dairəsi 2 (Scope 2) (dolayı emissiyalar): Elektrik enerjisi istehlakı nəticəsində 184.99 ton CO₂e
• Toplam emissiya (Əhatə dairəsi 1 (Scope 1) + Əhatə dairəsi 2 (Scope 2)): 454.08 ton CO₂e
Bundan əlavə, universitet ərazisindəki yaşıllıq sahələri ildə təxminən 13.56 ton CO₂ udaraq ümumi emissiyanı azaldır. Nəticədə NET karbon emissiyası 440.41 ton CO₂/il təşkil edir.
Universitet kampusunun ümumi bina sahəsi 14,768.7 m² təşkil edir. Əhalinin sayı nəzərə alınmaqla, hər nəfərə düşən emissiya təqribən 0.103 kg CO₂e/nəfər/il səviyyəsindədir. Azərbaycan Texnologiya Universitetinin karbon emissiyası göstəricisi nəzarət olunan səviyyədədir (aşağıdır), bu isə onu qlobal aşağı emissiyalı təhsil müəssisələri sırasına daxil edir. Bu göstərici həm işçi və tələbə sayına görə, həm də enerji və yanacaq istifadəsinə görə olduqca qənaətbəxşdir. Göstəricinin aşağı olmasına səbəb olan əsas amillər aşağıdakılardır:
• Elektrik və qaz sərfiyyatının optimallaşdırılması
• Avtomobil parkının kiçik olması
• Yaşıllıq sahəsinin karbon kompensasiyasında mühüm rol oynaması
Net-Sıfır (Net-Zero) Strategiyası və Karbon Azaldılması Hədəfi -
Universitetimiz 2050-ci ilə qədər Net-Sıfır (Net-Zero) hədəfinə çatmaq üçün uzunmüddətli strategiya hazırlayıb. Bu strategiya aşağıdakı əsas istiqamətləri əhatə edir:
• Alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi
• Binaların enerji səmərəliliyinin artırılması
• Yaşıllaşdırma və karbon udma potensialının genişləndirilməsi
Bu təşəbbüslər vasitəsilə universitet təkcə ekoloji izini azaltmaqla kifayətlənmir, həm də tələbələr və əməkdaşlar arasında davamlılıq mədəniyyətinin formalaşmasına töhfə verir.
Universitet, karbon emissiyalarını:
• 2030-cu ilə qədər 50%,
• 2040-cı ilə qədər 80% azaltmağı planlaşdırır.
Mərhələli yanaşma ilə universitet 2050-ci ilə qədər tam karbon neytrallığı (Net-Zero) hədəfinə çatmağı qarşısına məqsəd qoyub.
Gələcək Net-Sıfır (Net-Zero) Hədəfləri üzrə Fəaliyyət Planı
• 2028–2030-cu illər: Ağıllı enerji idarəetmə sistemlərinin (led lampalar, sensorlu işıqlandırma və s.) tətbiqi
• 2030–2040-cı illər: Alternativ enerji mənbələrindən istifadə (günəş panelləri və s.)
• 2040–2050-ci illər: Elektrikli nəqliyyat vasitələrinin tətbiqi və avtomobil parkının transformasiyası
Azərbaycan Texnologiya Universiteti karbon emissiyalarının ölçülməsi və azaldılması sahəsində sistemli və məqsədyönlü fəaliyyət göstərərək, ekoloji davamlılıq istiqamətində mühüm addımlar atıb.
Aşağı emissiya göstəriciləri, effektiv enerji idarəçiliyi və Net-Sıfır (Net-Zero) hədəfinə istiqamətlənmiş strategiya universitetin iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyətli və qabaqcıl təhsil müəssisəsi kimi mövqeyini gücləndirir.
Azərbaycan Texnologiya Universiteti (ATU), Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (GŞBX) birgə təşkilatçılığı ilə tələbələr üçün "Ailə dəyərlərinin formalaşdırılması: ənənələr və müasirlik" mövzusunda tədbir keçirilib.
Tədbiri ATU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov giriş sözü ilə açıb, mövzunun aktuallığından danışaraq tədbir iştirakçılarını təqdim edib.
Daha sonra GŞBX-nın direktor müavini Yalçın Babayev çıxış edərək sağlam gələcək naminə keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.
Tədbir çərçivəsində ailə həkimi-terapevt Tükəzban Məmmədova "Reproduktiv sağlamlıq", Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xalidə Mete "Ailə dəyərlərinin formalaşdırılması", GŞBX-nın hüquqşünası Hadı Hüseynov "Erkən evlilik və qohum evlilikləri", GŞBX-nın psixoloqu Zahid Tağıyev "Müasir dünyada sağlam seçimlər" başlıqlı məruzələrlə çıxış edib, sağlam və möhkəm ailə təməlinin formalaşdırılmasının sağlam cəmiyyət üçün əhəmiyyətindən danışıblar.
Sonda çıxışçılar tələbələrin ünvanladığı sualları cavablandırıblar.
Universitetin fəaliyyətində prioritet istiqamətlərdən biri ətraf mühitin qorunması, dayanıqlılığın artırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) uyğun fəaliyyətin təşkili hesab olunur. Bu istiqamətdə həyata keçirilən tədbirlər universitetin sosial məsuliyyətinin və strateji inkişafının əsas tərkib hissəsidir.
Bu məqsədlə 2025-ci ilin aprel ayında tədbirlər planının hazırlanması və universitet rəhbərliyinin, eləcə də “Ətraf mühitin mühafizəsi” kafedrasının aparıcı alimlərindən ibarət olacaq “Dayanıqlılıq Komissiyası”nın yaradılması nəzərdə tutulur.
Universitetin Strateji İnkişaf Planında (SİP) qeyd olunduğu kimi, Komissiyanın yaradılmasında əsas məqsəd universitetin sosial, iqtisadi və ekoloji sahələrdə davamlı inkişafını təmin etmək, inkişaf strategiyalarını formalaşdırmaq, müvafiq layihələr hazırlamaq və onların icrasına nəzarət etmək olacaqdır.
Komissiyanın fəaliyyət istiqamətləri aşağıdakılardan ibarət olacaqdır:
• Resurslardan səmərəli istifadə;
• Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi;
• Sosial rifahın yaxşılaşdırılması;
• Universitetdə yaşıl iqtisadiyyat və ekoloji mədəniyyətin təşviqi;
• Uzunmüddətli inkişaf üçün innovativ həllərin hazırlanması və tətbiqi.
Qeyd edək ki, ATU ətraf mühitin qorunması, ekoloji dəyərlərin təbliği və dayanıqlılığın artırılması istiqamətində sistemli tədbirlərin görülməsi ilə gələcək nəsillərə sağlam və təhlükəsiz mühitin ötürülməsini özünün əsas prioritet vəzifələrindən biri kimi müəyyən edib.
İsveçin Kral Texnologiya İnstitutu (KTH) tərəfindən Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu, Avropa Birliyinin maliyyəsi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatorluğu ilə həyata keçirilən “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ KA2 layihəsi çərçivəsində "VLS lab" - vurtual laboratoriyanın təşkilinə dair onlayn təlim keçirilib.
Təlimdə Azərbaycan Texnologiya Universitetinin Ətraf mühitin mühafizəsi, Kompüter mühəndisliyi və telekommunikasiya kafedralarının əməkdaşları, İKT şöbəsinin müdiri Nofəl Hacıyev və Beynəlxalq əməkdaşlıq şöbəsinin beynəlxalq layihələr üzrə mütəxəssisi Ramidə Xəlilova iştirak edib.
Təlimin sonunda iştirakçıların virtual laboratoriyanın qurulmasıma dair sualları cavablandırılıb.
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu məqsədlə baş tutan görüşdə ATU və TİF-in rəhbərliyi, Kapital Bankın nümayəndələri, professor-müəllim heyəti və tələbələr iştirak edib.
Görüş zamanı ATU-nun rektoru Yaşar Ömərov vahid tələbə kartlarının istifadəyə verilməsinin təhsil sahəsində mühüm yeniliklərdən olduğunu bildirib və bu yeniliyin tələbələrin akademik və sosial imkanlarını genişləndirəcəyinə əminlik ifadə edib.
TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov Yaşar Ömərovu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilməsi münasibətilə təbrik edib, daha sonra layihənin əhəmiyyətindən danışaraq bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatına dəstək göstərmək məqsədi daşıdığını bildirib.
Görüşdə qeyd olunub ki, alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində tələbələrə özəl güzəştlər edilməsi üçün TİF öz tərəfdaşları ilə birlikdə 200-dən artıq şirkətlə razılaşma əldə edib. Bundan əlavə, Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur.
Müzakirələrdən sonra ATU-nun rektoru Yaşar Ömərovla TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsinə imza atıblar.
Qeyd edək ki, TİF-in Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “TələbəPlus” layihəsi vahid tələbə kartlarının tətbiq edilməsini nəzərdə tutur. Layihə çərçivəsində ilkin olaraq yeni tədris ilindən 150 min tələbə kartının istifadəyə verilməsi planlaşdırılır.