Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetinin əməkdaşı elmlər doktoru adına layiq görülüb

 
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 11.04.2025-ci il tarixli qərarı ilə Azərbaycan Texnologiya Universitetinin Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı, Avtomatika və informasiya texnologiyaları kafedrasının dosenti Rövşən Mustafa oğlu Hacıyevə 3102.01 – Aqromühəndislik ixtisasında texnika elmləri elm sahəsi üzrə elmlər doktoru dərəcəsi verilib.
 
Təbrik edirik!

BP-nin dəstəyi ilə ATU-da regionun ilk Kibertəhlükəsizlik Mərkəzi   açılıb

Azərbaycan Texnologiya Universitetində (ATU) BP şirkətinin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə yaradılmış Kibertəhlükəsizlik Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə ATU-nun rektoru Yaşar Ömərov, BP Azərbaycanın Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, BP-nin tərəfdaş şirkətlərinin nümyəndələri və ATU-nun professor-müəllim heyəti iştirak edib.

Açılış tədbiri çərçivəsində əvvəlcə ATU ilə BP Azərbaycan arasında görüş keçirilib, əməkdaşlıq məsələləri müzakirə edilib. 

Daha sonra qonaqlar açılış lentini kəsərək regionun ilk  Kibertəhlükəsizlik Mərkəzində yaradılan şəraitlə tanış olublar.

Rektor Yaşar Ömərov BP ilə qurulan əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, regionda ilk olan bu mərkəzin yaradılması universitetin elm və tədris imkanlarının genişlənməsinə, eyni zamanda informasiya təhlükəsizliyi sahəsində kadr potensialının güclənməsinə mühüm töhfə verəcək.

Bəxtiyar Aslanbəyli isə çıxışında Kibertəhlükəsizlik Mərkəzinin əhəmiyyətini vurğulayaraq BP-nin ölkədə təhsil sahəsində həyata keçirdiyi layihələrdən danışıb.

Açılış tədbirində tərəfdaş şirkətlərin nümayəndələri və universitetin professor-müəllim heyəti də çıxış edərək mərkəzin fəaliyyətinə uğurlar arzu ediblər. 

Məlumat üçün bildirək ki, 1 ixtisaslaşmış laboratoriya və heyət üçün 1 köməkçi otaqdan ibarət Kibertəhlükəsizlik Mərkəzi Avtomatika, telekommunikasiya və informatika fakültəsinin nəzdində fəaliyyət göstərəcək. Layihənin əsas məqsədi ATU tələbələrinin kriptoqrafiya və kriptologiya sahəsində qabaqcıl biliklərə yiyələnməsini təmin etmək, kibertəhlükəsizlik üzrə xüsusi kurikulum əsasında təlimlər təşkil etmək və Gəncə regionunda fəaliyyət göstərən dövlət, özəl və vətəndaş cəmiyyəti nümayəndələrinin rəqəmsal savadlılıq səviyyəsini artırmaqdır.

Yeni mərkəzdə nəzəri və praktiki təlimlərlə yanaşı, tədqiqat işləri də aparılacaq, mütəxəssislər və tələbələr real kiberhücum ssenariləri üzərində işləyərək peşəkar bacarıqlarını inkişaf etdirəcəklər.

EATDA ATU-da elm və ali təhsil ictimaiyyətinə açıq info-sessiya keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən Gəncə və ətraf rayonların elm və ali təhsil ictimaiyyətinə açıq info-sessiya keçirilib.

Tədbirdə giriş sözü ilə ATU-nun elm və innovasiyalar üzrə prorektoru v.m.i.e., elm və xarici əlaqələr üzrə müşaviri Sahil Həmidov çıxış edərək info-sessiyanın əsas məqsədinin süni intellekt alətlərindən istifadə etməklə elmi tədqiqatların keyfiyyətinin artırılması və bu prosesin daha səmərəli təşkili yollarının təqdim edilməsi olduğunu bildirib, bu kimi tədbirlərin elmi potensialın artırılmasında və yeni imkanların tanıdılmasında mühüm rol oynadığını vurğulayıb. 

Daha sonra info-sessiyanı EATDA-nın Elmi müəssisələrlə iş şöbəsinin əməkdaşı Nərminə Abdullayeva davam etdirərək “Scopus” elmmetrik bazasından səmərəli istifadə və “Scopus AI” süni intellekt alətinin imkanları barədə təqdimatla çıxış edib. Təqdimatda “Scopus” elmmetrik bazasında əhatəli ədəbiyyat və etibarlı jurnal axtarışı strategiyaları, tədqiqat trendlərinin, istinadların və tədqiqat təsirlərinin təhlili, “Scopus”un süni intellekt alətindən səmərəli istifadə etməklə tədqiqata ayrılan vaxta qənaət və s. kimi mövzular əhatə olunub.

Təqdimatın sonunda iştirakçıların sualları cavablandırılıb.


“Yaşıl səssizliyin səsi: Bitkilərin  mühafizəsi” adlı seminar keçirilib

Azərbaycan Texnologiya Universitetinin (ATU) Tələbə Elmi Cəmiyyəti, Qida mühəndisliyi fakültəsi və Kənd Təsərrüfatı Nazirliyinin  Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl səssizliyin səsi: Bitkilərin  mühafizəsi” adlı elmi - praktiki seminar keçirilib. 

Bitki Mühafizəsi və Texniki Bitkilər ETİ-də təşkil olunan seminarda ATU-nun Qida muhəndisliyi fakültəsinin “ekologiya” və “ekologiya mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələri və akademik heyəti iştirak edib. 

Seminarın açılış hissəsində Bitki Mühafizəsi və Texniki Bitkilər ETİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov çıxış edərək tələbələrə elmi fəaliyyətlərində uğurlar arzu ediblər. 

Daha sonra ATU tələbələri Nuranə Zamanova, Nigar Qazıyeva və Niyazi Əliyevin təqdimatında müvafiq olaraq “Pestisidlərin kənd təsərrüfatında rolu və insan sağlamlığına təsiri”, “Bitki mühafizəsi haqda beynəlxalq konvensiyalar”, “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” adlı məruzələr dinlənilib. 

Seminar çərçivəsində ATU tələbələri üçün ETİ mütəxəssislərinin istehsalda dayanıqlılığın təmin olunması və ekoloji balansın qorunmasında müasir yanaşmalar və s. mövzuda təlimləri baş tutub.

Daha sonra tələbələr institutun laboratoriyaları ilə yaxından tanış olublar.

ATU-da müəllim və tələbələr üçün ixtisasartırma və təlim proqramları təşkil edilib

Azərbaycan Texnologiya Universitetində (ATU) 2023/2030-cu illəri əhatə edən Strateji İnkişaf Planına uyğun olaraq 2025-ci il üzrə müxtəlif ixtisaslar üzrə təlim və ixtisasartırma tədbirləri həyata keçirilir.

Tədbirlər çərçivəsində “Kompüter mühəndisliyi və telekommunikasiya”, “İqtisadiyyat” və “İdarəetmə” kafedralarının təşkilatçılığı ilə universitet əməkdaşları və tələbələr üçün silsilə təlimlər baş tutub. 

Təlimlər biliklərinin artırılması, 1C proqram təminatı, subordinasiya, daxili ünsiyyət, idarəetmə, liderlik, stress altında çalışma, kreativ və tənqidi düşüncə, vaxtın idarəolunması kimi yumşaq bacarıqlara yiyələnmə və s. mövzuları əhatə edib. 

Strateji planın icrası çərçivəsində reallaşdırılan bu tədbirlər universitetin tədris keyfiyyətinin artırılmasına və əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasına yönəlib.

"AzerGold” QSC-nin seminarı təşkil olunub

Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələrin peşəkar inkişafına və sənaye ilə əlaqələrinin gücləndirilməsinə dəstək məqsədilə “AzerGold” QSC-nin seminarı təşkil olunub.

Seminarda universitet-sənaye əlaqələri üzrə rektor müşaviri Rövşən Əliyev, “AzerGold"un İnsan resursları şöbəsinin mütəxəssisi Qaffar Məmmədov, Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri Niyar Əmiraslanova, eləcə də universitetin müəllim və tələbə heyəti iştirak edib.

Tədbirdə çıxış edən Qaffar Məmmədov "AzerGold"un fəaliyyət istiqamətləri, tətbiq olunan istehsal texnologiyaları və insan resurslarının idarə olunması sahəsindəki yeniliklər barədə geniş məlumat verib. O, həmçinin “AzerGold”da mütəxəssis qəbulu ilə bağlı prosedur qaydalarını iştirakçıların diqqətinə çatdırıb, müəllim və tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, seminar ATU ilə “AzerGold” QSC arasında imzalanmış qarşılıqlı əməkdaşlığa dair fəaliyyət planı çərçivəsində təşkil olunub və bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.