Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universiteti Daşkənddə keçirilən təhsil sərgisində təmsil olunub

Azərbaycan Texnologiya Universiteti (ATU) Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil olunan beynəlxalq təhsil sərgisində uğurla təmsil olunub. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın 17 ali təhsil müəssisəsi iştirak edib.

Sərgidə ATU-nun təqdim etdiyi stend ziyarətçilərin, xüsusilə də Özbəkistanın abituriyent və tələbələrinin böyük marağına səbəb olub. Universitetin tədris proqramları, ixtisasları, beynəlxalq əməkdaşlıq imkanları və tələbələr üçün təqdim olunan üstünlüklər haqqında ziyarətçilərə ətraflı məlumat verilib.

Azərbaycan Texnologiya Universitetində Müstəqillik Günü qeyd edilib

Azərbaycan Texnologiya Universitetində (ATU) 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca “Tarixin izi ilə” adlı qısametrajlı film nümayiş etdirilib.

Tədbirdə ATU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, İctimai elmlər və multikulturalizm kafedrasının dosentləri Hüseyn Budaqov, Mehriban Tağıyeva 28 May - Müstəqillik Gününə həsr edilmiş mövzularla çıxış ediblər. 

Çıxışlarda qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edib. Tədbirdə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizələrdən bəhs edilib,  XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanı parçalanmaqdan məhz Ümummilli Lider Heydər Əliyevin xilas etdiyi, Ulu Öndər siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müasir dünyaya səs salan Zəfər salnaməsi ilə Azərbaycanın öz müqəddəratını təyin etməyə qadir olduğunu bir daha sübuta yetirdiyi, istiqlal ideyası uğrunda atılan addımların bu gün Azərbaycanı gələcəyə doğru inamla irəliyə aparan yol olduğu qeyd edilib.

 

 

 

Azərbaycan Texnologiya Universitetində yaz imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib

Azərbaycan Texnologiya Universitetində yaz imtahan sessiyasına hazırlıq və digər cari məsələlərin müzakirəsi məqsədilə iclas keçirilib. İclasda universitetin rektoru Yaşar Ömərov, akademik və inzibati rəhbər heyət iştirak edib.

Rektor Yaşar Ömərov Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən yaz imtahan sessiyasının 2 iyun tarixindən etibarən başlanacağını və beş həftə davam edəcəyini bildirib. O, imtahanların yüksək səviyyədə təşkili üçün zəruri olan texniki və təşkilati məsələlərə toxunaraq imtahan zallarının, kompüter otaqlarının, müşahidə kameralarının tam hazır vəziyyətə gətirilməsi və universitet ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı aidiyyəti struktur rəhbərlərinə konkret tapşırıqlar verib. 

İmtahan sessiyasının şəffaf və obyektiv keçirilməsinin təmin edilməsi məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyasının yaradıldığını vurğulayan rektor bu istiqamətdə fakültə dekanlarına və kafedra müdirlərinə məsuliyyətli yanaşma nümayiş etdirməyi tövsiyə edib.

İclas çərçivəsində həmçinin 2025-ci tədris ili üzrə qəbul planı və digər vacib məsələlər ətrafında geniş müzakirələr aparılıb.


Azərbaycan Texnologiya Universitetinin komandası universitetlərarası basketbol turnirinin qalibi oldu

Azərbaycan Texnologiya Universiteti (ATU), Azərbaycan Basketbol Federasiyası (ABF) və “Rövşən Oğuz Qrup” MMC-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş ali təhsil müəssisələri arasında universitetlərarası basketbol turnirinin final oyunu baş tutub.

Final yarışına Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, digər rəhbər heyət və şəhər ictimaiyyəti azarkeşlik edib.

Finalda birinci yer uğrunda Azərbaycan Texnologiya Universiteti ilə Gəncə Dövlət Universitetinin komandaları mübarizə aparıb. Həlledici oyunda  Azərbaycan Texnologiya Universitetinin komandası 98:55 xal hesabı ilə qalib gələrək kuboka sahib olub. 

Yarışda ikinci yeri Gəncə Dövlət Universitetinin tələbələri, üçüncü yeri isə Mingəçevir Dövlət Universitetinin komandasına qalib gələn Azərbaycan Dövlət Aqrar Universiteti gəncləri tutub. 

Qalib komandalar kubok, medal və fəxri fərmanla təltif olunublar.

ATU universitetlərarası basketbol yarışına start verdi

Azərbaycan Texnologiya Universiteti (ATU), Azərbaycan Basketbol Federasiyası (ABF) və "Rövşən Oğuz Qrup" MMC-nin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş universitetlərarası basketbol turnirinin açılışı baş tutub.

Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və digər müəssisə rəhbərləri, şəhər ictimaiyyəti, tələbələr, idmançılar iştirak edib.

Açılış zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra konsert proqramı təqdim edilib.

Yarışa püşkatma ilə start verilib. İki gün davam edəcək universitetlərarası basketbol yarışını ABF hakimlər kollegiyasının müvafiq lisenziyasına malik meydan və masa hakimləri idarə edir. Kubok uğrunda Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin komandaları mübarizə aparır. İlk oyun Azərbaycan Texnologiya Universiteti və Mingəçevir Dövlət Universitetinin komandaları arasında baş tutub, müvafiq olaraq 119:37 xal hesabı ilə nəticələnib.

Qeyd edək ki, ATU universitetlərarası basketbol yarışını artıq üçüncü ildir təşkil edir. Yarışın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması, ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, tələbələrin asudə vaxtlarının səmərəli təşkili və komandada işləmə bacarıqlarının inkişaf etdirilməsidir.

Müəllimlər tədrisdə interaktiv metodlara dair ustad dərslərində iştirak edib

Azərbaycan Texnologiya Universitetində (ATU) gənc müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təcrübəli akademik heyətin növbəti ustad dərsləri təşkil edilib. 

Bu dəfə Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri dosent Rövşən Qasımov “Yeni təlim və tədris metodları və interaktiv öyrənmənin təşviqi” mövzusunda master-klass keçib.

Təlimdə Avtomatika, telekommunikasiya və informatika fakültəsinin tabeliyində fəaliyyət göstərən Avtomatika və informasiya texnologiyaları, Kompüter mühəndisliyi və telekommunikasiya, Ümumi və tətbiqi fizika, eləcə də Ümumi və tətbiqi riyaziyyat kafedralarının müəllimləri iştirak ediblər.

Rövşən Qasımov ustad dərsi zamanı müxtəlif praktik nümunələr təqdim edib, gənc müəllimlərin tədris zamanı qarşılaşa biləcəkləri situasiyalarla bağlı məsləhətlər verib və onların həlli yollarını izah edib.

Tədbir qarşılıqlı müzakirələr şəklində keçib, iştirakçılar öz təcrübələrini bölüşüb, suallarını ünvanlayaraq müzakirələrdə fəal iştirak ediblər.