Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU-da 3D printerlə işləmə təlimi keçirilib

Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 3D printerlə işləmə təlimi keçirilib.
Təlimçilər qismində İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev, mərkəzin əməkdaşları Tural Rüstəmov və Aqşin Hüseynov çıxış edib.
Təlimdə tələbələrə 3D printerin iş prinsipi, material növləri, printerin funksiyaları və istifadə, model və ya prototiplərin yaradılması qaydaları izah edilib, mövzu ilə bağlı gəncləri maraqlandıran suallar cavablandırılıb.

Beynəlxalq Elmi-Praktik Konfrans 11 bölmədə öz işini davam etdirib

Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilatçılığı ilə baş tutan Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr edilmiş "Dördüncü Sənaye İnqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” adlı Beynəlxalq Elmi-Praktik Konfrans 11 bölmədə öz işini davam etdirib.

Bölmələrə ATU-nun alimləri ilə yanaşı xarici universitetlərin elm adamları həmsədrlik edib.

Konfransa 15 ölkə olmaqla 68 xarici, 15 yerli universitet, 10 elmi-tədqiqat institutu, 5 dövlət qurumu qatılıb, məcmuələr toplusuna 562 məqalə daxil olub ki, onların 19%-i xarici ölkələrin payına düşür.

ATU tələbələrinin istehsalat təcrübəsi davam edir

Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələrinin istehsalat təcrübəsi davam edir.
2023/2024-cü tədris ilinin yaz semestrində ATU-nun 210 tələbəsi istehsalat təcrübəsinə cəlb olunub.
Hazırda tələbələrimiz 1 və 2 saylı Gəncə “Asan xidmət” mərkəzləri, Azərbaycan Dəmir Yolları QSC-nin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional bölmələri, Azəralüminium, Gəncə Cihazqayırma zavodları, Gəncə Tekstil, Neon fabrikləri, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Regional Turizm İdarəsi, Telekommunikasiya İdarələri, Kəpəz Televiziyası, qabaqcıl bankların filialları, tanınmış otellər olmaqla ümumilikdə 26 müəssisədə istehsalat təcrübəsi keçir. 16 fevral tarixindən start verilmiş istehsalat təcrübəsi may ayının sonunadək davam edəcəkdir.
Qeyd edək ki, tələbələrin istehsalat təcrübəsi dövrünün səmərəli və effektiv təşkili üçün universitet müasir tələblərə cavab verən müəssisələrlə daim yeni əlaqələr qurur, əməkdaşlıq imkanlarını genişləndirir.


(REFRESH) Erasmus+ KA2 layihəsi ilə bağlı məlumatlandırma günü keçirilib

Azərbaycan Texnologiya Universitetində “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ KA2 layihəsi ilə bağlı məlumatlandırma günü keçirilib.

Tədbir Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluğu ilə həyata keçirilən, Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu REFRESH layihəsinin Danimarka səfərinə həsr edilib. 

Görüşdə layihə meneceri, tədris işləri üzrə prorektor Raqif Hüseynov REFRESH layihəsinin məqsədi, yerli və xarici tərəfdaşları, cari fəaliyyət planı barədə məlumat verib, cari ilin 14-20 aprel tarixlərində Danimarka Texniki Universitetinin (DTU) təşkilatçılığı ilə baş tutan səfərin nəticələrini təqdim edib, əldə olunan təcrübələri bölüşüb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

"Dördüncü Sənaye İnqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” adlı Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib

Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr edilmiş "Dördüncü Sənaye İnqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” adlı Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib. 

Tədbirdən əvvəl konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Heydər Əliyev Mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli lider  Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. 

ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərov konfransda giriş sözü ilə çıxış edib, mövzunun aktuallığına diqqət çəkərək bildirib ki, Dördüncü Sənaye İnqilabı ilə ayaqlaşmaq, biliyə və süni intellektə əsaslanan informasiya cəmiyyətinin formalaşdırılması, eləcə də insan kapitalına investisiya qoyuluşu dövlətimizin strateji hədəflərindəndir və bütün bunlar yüksək ixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edir. Odur ki, 15 ölkənin elm adamlarının bir araya gəldiyi bu konfrans elmi platforma kimi olduqca əhəmiyyətlidir. 

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Texniki Universitetinin rektoru, prof. Vilayət Vəliyev, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü prof. İslam Mustafayev, Macarıstanın Sopron Universitetinin rektoru prof. Fabian Atilla, Polşanın Varşava Ekologiya və Menecment Universitetinin rektoru prof. Yanuş Mroviç, Ankara Hacı Bayram Veli Universitetinin prorektoru prof. Metin Orbay, Rumıniyanın “Gheorghe Asachi” İasi Texniki Universitetinin  beynəlxalq əlaqələr üzrə prorektoru prof. İrina Lungu və Azər Maya İstehsal QSC-nin direktoru Elvin Əliyev çıxış edərək konfransın işinə uğurlar arzu ediblər. 

Daha sonra Türkiyənin Atatürk Universitetinin dosenti İlhan Volkan Önerin “Tullantıların alternativ enerjinin alınmasında tətbiqi”, Bolu Abant İzzet Baysal Universitetinin professoru Himmet Karadalın “Türk dünyasında innovasiyaların və sahibkarlığın inkişafı”,  İspaniyanın Qranada Universitetinin Genetika kafedrasının professoru Federiko Zurita Martinezin “CRISPR-Cas9. İnsan xəstəliklərinin müalicəsi üçün molekulyar qayçı”, ATU-nun Ümumi və tətbiqi fizika kafedrasının müdiri professor Məntiq Cəfərovun “Elm, texnologiya və innovasiya üçbucağı davamlı inkişafın hərəkətverici qüvvəsi kimi”, ATU-nun  doktorantı Kamran Qasımovun “Müasir dünyada süni intellektin rolu” başlıqlı məruzələri dinlənilib. 


2 günlük beynəlxalq konfrans öz işini 11 istiqamət üzrə bölmələrdə davam etdirib. Konfransa 15 ölkə olmaqla 68 xarici, 15 yerli universitet, 10 elmi-tədqiqat institutu, 5 dövlət qurumu qatılıb, məcmuələr toplusuna 562 məqalə daxil olub ki, onların 19%-i xarici ölkələrin payına düşür.

Azərbaycan Texnologiya Universitetində "GreenTech" Startap və Yaşıl Texnologiyalar" müsabiqəsi keçirilib

Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutub.
 
Yarış Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı (ATU), Təhsilin İnkişafı Fondu (TİF), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Kapital Bank, “Bir” Tələbə-Könüllü Təşkilatı, Azersun, ATS Food və AzGranatanın dəstəyi ilə həyata keçirilib.
 
Açılış mərasimində ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərov çıxış edərək bildirib ki, müsabiqənin keçirilməsində məqsəd universitetlərdə yaşıl texnologiyaların inkubasiya mühitinin inkişafına dəstək, tələbələrin innovativ bacarıqlarının formalaşdırılması, həmçinin universitetlər arası əməkdaşlığın genişləndirilməsidir.
 
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi dos. Vazeh Əkbərov, GDU-nun rektoru Yusif Yusibov, İRİA-nın Səriştələrin inkişafı departamentinin müdiri Fatimə Ələkbərova, “Bir” Tələbə-Könüllü Təşkilatının rəhbəri Leyla Zeynalova da çıxış edərək müsabiqə iştirakçılarına uğurlar arzu ediblər.
 
Daha sonra yarışa təqdim olunan layihələrdən ibarət stendlərə baxış keçirilib.
 
Müsabiqədə 17 universitetin 200 tələbədən ibarət 60-dan çox komandası 5 kateqoriya üzrə mübarizə aparıb. Robototexnika, Mexatronika, Enerji sistemləri mühəndisliyi, İnsanlıq naminə texnologiyalar, Davamlılıq üçün Sİ olmaqla hər kateqoriya üzrə I, II, III və həvəsləndirici yerlər müəyyənləşib. Münsiflər heyətinin dəyərləndirməsindən sonra qalib komandalar sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıb.