Azərbaycan Beynəlxalq Bankının (ABB) universitet tələbələrinin fərdi və karyera inkişafına yönəlmiş “Qoşa saat” layihəsi çərçivəsində növbəti təlimləri Azərbaycan Texnologiya Universitetində (ATU) təşkil olunub.
Tədbir çərçivəsində ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərovla ABB-nin nümayəndə heyətinin görüşü baş tutub. Görüşdə təlim mövzularının aktuallığından bəhs edilib, ATU ilə ABB-nin əməkdaşlıq imkanları müzakirə edilib.
Daha sonra ABB əməkdaşlarının tələbələr üçün təlimləri baş tutub. Təlimlər “Uğurlu qadınlarla səmimi söhbət” mövzusunda iki sessiyada davam edib, birinci sessiyada İnsan Resurslarının İdarə Edilməsi Departamentinin direktoru Məlahət Abdullayeva, ikinci sessiyada isə data üzrə sahə rəhbəri Mayya Dursunova çıxış edib.
Təlimlərdə Filiallarla iş və satışa dəstək departamentinin direktor müavini Rəşad Abbasov “Bankın nümunəvi əməkdaşı”, İşə qəbul və planlaşdırma şöbəsinin aparıcı mütəxəssisi Nərgiz Ənvərli “Uğurlu CV hazırlamaq və müsahibəyə hazırlıq”, Daxili kommunikasiya şöbəsinin aparıcı mütəxəssisi Gülnar Hüseynova “Gələcəyin üçün brendini bu gün yarat” mövzuları ilə tələbələrin qarşısına çıxıb.
Tədbirdə tələbələrin ünvanladığı suallar cavablandırılıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Texnologiya Universiteti (ATU) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölməsinin birgə təşkilatçılığı ilə ATU tələbələri üçün "Yeniyetmə və gəncləri dini radikalizm və ekstremizm təhlükəsindən qoruyaq" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə ATU-nun ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov çıxış edərək mövzunun əhəmiyyətindən danışıb, tədbirin təşkilində əsas məqsədin gəncləri dini radikalizmin təhlükələri barədə maarifləndirməkdən ibarət olduğunu bildirərək bu kimi tədbirlərin gənclərin sağlam düşüncəli və vətənpərvər yetişməsində mühüm rol oynadığını bildirib.
Daha sonra DQİDK-nın Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov çıxış edərək dini radikalizmin cəmiyyətə və xüsusilə də gənclərə vurduğu zərərlərdən bəhs edib, dini radikalizmin yayılma yolları və qarşısının alınması üsulları haqqında geniş məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb, mövzuya həsr edilmiş qısametrajlı "Şəhadət" filmi izlənilib.
Azərbaycan Texnologiya Universiteti (ATU), Azərbaycan Basketbol Federasiyası, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş region ali təhsil müəssisələrinin tələbələri arasında basketbol turniri keçirilib.
Gəncə Olimpiya İdman Kompleksində baş tutan turnirə ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərov və bir qrup rəhbər heyət, Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusibov və digər əməkdaşları, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəsmiləri və tələbələr azarkeşlik edib.
Yarışın birinci dövrəsində ATU ilə Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri, eyni zamanda GDU tələbələri ilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri qarşılaşıb.
Final mərhələsində ATU və GDU komandaları görüşüb. Gərgin mübarizənin sonunda ATU tələbələri kuboka sahib olaraq yarışın birincisi olub.
Yarışda ikinci yerdə GDU, üçüncü yerdə ADAU, dördüncü yerdə MDU komandası qərarlaşıb.
Sonda yarış iştirakçıları kubok və hədiyyələrlə təltif ediliblər.
Azərbaycan Texnologiya Universiteti olaraq yarışın təşkilində göstərdikləri dəstəyə görə Azərbaycan Basketbol Federasiyasına, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə və yarışın sponsoru “Azərsun Holdinq”in rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.
Türkiyənin Atatürk Universitetinin Mühəndislik fakültəsinin dosenti İlhan Volkan Öner, İspaniyanın Qranada Universitetinin Genetika kafedrasının professoru Federiko Zurita Martinez, Polşanın Bialistok Texnologiya Universitetinin dosenti Malgorzata Gradzka-Dahlke və Varşava Ekologiya və Menecment Universitetinin professoru Janusz Marchwiński Erasmus+ proqramı çərçivəsində 06-10 may 2024-cü il tarixlərində Azərbaycan Texnologiya Universitetində səfərdə olublar.
Proqramın ilk günləri qonaqların universitetin Tədris işləri üzrə prorektoru Raqif Hüseynov, müvafiq kafedra müdirləri və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları ilə görüşü keçirilib. Görüş zamanı mövcud əməkdaşlığın genişləndirilməsi, ikili diplom proqramlarının tətbiqi, mübadilə sayının artırılması, hər iki ölkənin təhsil sistemi və mədəniyyəti ilə bağlı geniş müzakirələr aparılıb, təklif və tövsiyələr dinlənilib.
Daha sonra nümayəndə heyətinin proqramın tələbinə uyğun olaraq həftə ərzində 8 saat olmaqla, universitetin Qida mühəndisliyi, Yüngül sənaye mühəndisliyi və logistika fakültələrində maraqlı mühazirələri dinlənilmiş, tələbələrimizlə geniş fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı (ATU), Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatının, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin və Gəncə Gənclər Evinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr edilmiş "Əzm Marafonu 2" yarışı keçirilib.
Marafonda Gəncə şəhərinin ali və orta ixtisas təhsili, eləcə də idman məktəblərinin tələbələri və şagirdləri iştirak edib.
Yarışçılar əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnini dinləyib, ardınca Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov çıxış edib, marafonun ötən ildən start götürdüyünü, ənənəvi olaraq hər il təşkil ediləcəyini qeyd edib. YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov da çıxış edərək yarışçılara uğurlar arzu ediblər.
Marafon Gənclər Evinin önündən start götürüb, finiş xətti Zəfər Tağında yerləşib. 500 nəfərin qatıldığı yarışda birinci, ikinci və üçüncü yeri tutan qalib qızlar və oğlanlar mükafatlandırılıblar.