Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Kapital Bank ATU tələbələri üçün seminar təşkil edib

24.10.2024-cü il tarixində Kapital Bankın Gəncə filialının müdiri Vüqar Paşayevin Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri üçün seminarı təşkil edilib.

İş dünyasında uğur qazanmış şəxslərin tələbələrlə görüşü, master-klasların və seminarların təşkili çərçivəsində baş tutan tədbirdə Vüqar Paşayev "Uğur layihəsi və müasir bankçılıq" mövzusu ilə tələbələrin qarşısına çıxıb. 

V.Paşayev uğura gedən yol və bu yolda zamanın önəmindən, düzgün dəyərləndirilməsindən, müasir dövrün tələblərinə uyğun inkişafdan bəhs edib. Həmçinin, bankçılığın müasir tendensiyaları, bank sahəsində rəqəmsallaşma, bank tətbiqlərinin faydaları barədə tələbələrlə fikir mübadiləsi aparıb, ünvanlanan sualları cavablandırıb.

Sonda 50 nəfərdən ibarət iştirakçıların hər birinə Kapital Bankın hədiyyələri təqdim edilib.

I kurs tələbələri ilə görüş keçirilib

Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovun birinci kurs tələbələri ilə görüşü keçirilib. 

Görüş zamanı Y.Ömərov tələbələrə universitetin imkanları, ictimai həyatı, eləcə də tədrisin təşkili ilə bağlı məqamlar, beynəlxalq layihələr, mübadilə proqramları, universitetdə fəaliyyət göstərən tələbə cəmiyyətləri barədə məlumat verib, bu imkanlardan yararlanmağı tövsiyə edib, tələbələrin təkliflərini dinləyib və suallarını cavablandırıb.

Silsilə şəklində təşkil olunan görüşlərdə Yüngül sənaye mühəndisliyi və logistika, Qida mühəndisliyi, Avtomatika, telekommunikasiya və informatika, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbələri və müvafiq struktur rəhbərləri iştirak edib.

ATU və TTKF arasında görüş keçirilib

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru v.m.i.e. dos. Yaşar Ömərovun Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri ilə görüşü baş tutub.

ATU-da keçirilən görüşdə TTKF-nı İdarə Heyətinin sədr müavini Tahir Xələfov, İşəgötürənlər ilə iş şöbəsinin müdiri Ayaz Mustafayev, baş mühasib Məhəmmədəli Abdin təmsil edib.

Görüş zamanı tələbələrin TTKF-dan yararlanması, onların gələcəkdə götürdükləri kreditləri geri qaytarmalarına dəstək məqsədilə aparılan işlər, özəl və dövlət müəssisələri ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər haqqında müzakirə edilib.

Görüşün sonunda tələbə və məzunların məşğulluq imkanlarının artırılmasına dəstək göstərmək üçün təlim proqramlarına qoşulma, əmək yarmarkalarında iştirakının təmin edilməsi və regionda yerləşən sahibkarlıq subyektlərində işlə təmin olunması istiqamətində birgə addımların atılmasına dair razılıq əldə edilib.

Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyun 2021-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb. ATU-nun da 2000-dən çox tələbəsi TTKF-nın təhsil kreditindən yararlanıb.


ATU-da COP29-a həsr olunmuş tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetinin Ətraf mühitin mühafizəsi kafedrasının təşkilatçılığı ilə COP-29 - 2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına həsr olunmuş "Qlobal iqlim dəyişikliyi: səbəblər və fəsadlar" mövzusunda dəyirmi masa təşkil edilib. 

Tədbirdə kafedranın professor-müəllim heyəti noyabr ayında Bakı şəhərində keçiriləcək COP29 çərçivəsində ölkəmizin iqlim dəyişikliyinin təsirləri ilə bağlı milli, regional və qlobal səviyyələrdə mübarizə istiqamətində göstərdiyi səylərdən ətraflı bəhs edib, Azərbaycanın bu istiqamətdə səmərəli fəaliyyəti, qlobal iqlim fəaliyyətinin formalaşdırılmasında rolundan danışıblar, mövzuya dair elmi materiallarla çıxış ediblər.

Son olaraq Azərbaycanda “yaşıl artım” platformasının yaradılması və bu platforma vasitəsilə “milli yaşıl artım” formunun təşkili imkanları geniş müzakirə edilib.

Yeni laboratoriyanın açılışı olub

Azərbaycan Texnologiya Universitetində “Nar” şirkətinin dəstəyi ilə qurulan yeni laboratoriyanın açılışı olub.

ATU ilə "Nar" əməkdaşlığı çərçivəsində istifadəyə verilən mobil rabitə laboratoriyası Avtomatika və informasiya texnologiyaları kafedrasının nəzdində yaradılıb.

Yeni laboratoriyanın açılışı ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərovla “Nar”ın (Azerfon MMC) Baş icraçı direktoru Qunnar Pankenin iştirakı ilə baş tutub.

Açılış zamanı Dos. Yaşar Ömərov bildirib ki, yüksək keyfiyyətli mütəxəssislərin hazırlanması üçün ATU elm və tədris-təcrübə sahəsində aparıcı şirkətlər, dövlət və özəl müəssisələri ilə sıx əməkdaşlıq edir. O "Nar" şirkətinin də bu qəbildən olduğunu ifadə edərək kadr hazırlığına dəstəyini yüksək qiymətləndirib. 

Qunnar Panke isə bildirib ki, yeni istifadəyə verilən laboratoriya bölgələrdə azərbaycanlı rabitə mütəxəssislərini yetişdirmək istiqamətində “Nar”ın ölkənin rabitə sahəsinə yatırımıdır.

Notbuk və digər zəruri avadanlıqlarla təchiz edilmiş laboratoriya mobil rabitə texnologiyalarının təcrübədə öyrənilməsini təmin edəcək. 

Qeyd edək ki, "Nar" hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərir, son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

ATU-da abadlıq-quruculuq işləri davam edir

Azərbaycan Texnologiya Universitetində (ATU) abadlıq-quruculuq işləri davam edir. Universitetin həyətində aparılan abadlıq-quruculuq işlərində İnnovasiya Mərkəzinin könüllülərinin və Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının əməkdaşlarının əl işlərindən istifadə edilib.