Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU Kino Klubunda “Dahi Şəxsiyyət” qısametrajlı filmi nümayiş olunub

Azərbaycan Texnologiya Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Kino Klubunda Ulu Öndər Heydər Əliyevin həyatına həsr olunmuş “Dahi Şəxsiyyət” adlı qısametrajlı film təqdim olunub.

Nümayiş olunan ekran işi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə qısa, lakin təsirli baxış təqdim edir. Filmdə onun zəngin ömür yolu, dövlətçilik sahəsində göstərdiyi xidmətlər, siyasi uzaqgörənliyi və çətin tarixi mərhələlərdə qəbul etdiyi mühüm qərarlar əks olunub.

Film bir daha göstərir ki, güclü liderlik, qətiyyət və xalqa bağlılıq hər bir dövlətin davamlı inkişafının əsas amilləridir. Heydər Əliyevin irsi bu gün də müasir Azərbaycanın inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi dəyərləndirilir.

Təqdim olunan ekran işi həm tarixi yaddaşın qorunması, həm də gələcək nəsillərin milli dəyərlər əsasında formalaşması baxımından əhəmiyyətli mesajlar verir və tələbələrdə vətənpərvərlik və liderlik keyfiyyətlərinin təşviqinə xidmət edir.

ATU-da “AZGRANATA auditoriyası” istifadəyə verilib

Azərbaycan Texnologiya Universitetində (ATU) “AZGRANATA” şirkətinin dəstəyi ilə yeni mühazirə otağı – “AZGRANATA”  auditoriyası istifadəyə verilib.

Açılış mərasimində ATU-nun rektoru Yaşar Ömərov, “AZGRANATA” şirkətinin əməliyyat direktoru Yusif Ləzgiyev və Nəqliyyat departamentinin müdiri Emin Abdullayev iştirak edib.

Rektor çıxışında universitet-sənaye əməkdaşlığı çərçivəsində sənaye müəssisəsinin dəstəyi ilə qurulan növbəti tədris otağının açılışının baş tutduğunu bildirərək universitetdə tədris prosesinin müasir tələblərə uyğun təşkilinin və sənaye müəssisələri ilə əməkdaşlığın təhsilin keyfiyyətinə mühüm təsir göstərdiyini vurğulayıb.

ATU-nun Qida mühəndisliyi fakültəsində yerləşən yeni auditoriya 80 tələbə yerlikdir və müasir tədris şəraiti ilə təmin olunub.
Burada tələbələr nəzəri biliklər əldə edəcək, istehsal proseslərinin elmi əsaslarını mənimsəyəcəklər. Eyni zamanda, auditoriyada tələbələr üçün “AZGRANATA” mütəxəssislərinin təlimləri təşkil olunacaq.

Elmi Şuranın iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, Elmi Şura sədri Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

İclasda elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov institusional akkreditasiya üçün universitetin özünütəhlil hesabatı, eləcə də professor-müəllim heyətinin 2025/2026-cı tədris ilində iş normaları barədə çıxış edib.

Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov çıxış edərək əməkdaşların nizam-intizam və etik davranış qaydalarını təqdim edib.

Ardınca Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov magistr və bakalavr təhsil pillələri üzrə 2025/2026-cı tədris ilində tələbə qəbulunun yekunları barədə təqdimatla çıxış edib.

Elmi Şurada Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri Rövşən Qasımovun və Kompüter mühəndisliyi və telekommunikasiya kafedrasının müdiri Sakit Verdiyevin hesabatları dinlənilib.

Həmçinin, Təchizat və təsərrüfat şöbəsinin müdiri Mətləb Əliyev universitetin qış mövsümünə hazırlıq vəziyyəti barədə məruzə ilə, İnsan resursları şöbəsinin müdiri İlham Əlizadə isə struktur dəyişikliyi və idarəetmənin optimallaşdırılması barədə çıxış edib. 

İclas çərçivəsində hesabat və təkliflərlə bağlı müvafiq qərarlar qəbul edilib. Sonda Xarici dillər kafedrasının əməkdaşı Aliyə Pənahova elmi-pedaqoji sahədə uzunmüddətli və səmərəli fəaliyyətinə görə 75 illik yubileyi münasibətilə təltif edilib.

 

 


Tələbə Gənclər Təşkilatının Mentor Klubunda təlim keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Mentor Klubunun növbəti təlimi təşkil olunub.

Təlimin mentoru universitetin doktorantı Elnur Arifzadə olub. O, müxtəlif beynəlxalq layihələrdə və elmi konfranslarda ölkəmizi təmsil edən gənc tədqiqatçı kimi öz təcrübəsini iştirakçılarla bölüşüb.

“Sıfırdan birə: hədəfdən uğura” mövzusunda keçirilən təlimdə gənclərə məqsədlərin düzgün müəyyənləşdirilməsi, şəxsi inkişaf strategiyalarının qurulması və uğura aparan mərhələlər barədə ətraflı məlumat verilib. Mentor, həmçinin real həyat təcrübələrinə əsaslanaraq uğur hekayələrindən nümunələr təqdim edib və iştirakçıların suallarını cavablandırıb.

Təlim interaktiv müzakirələr şəraitində davam edib və tələbələrin şəxsi inkişafına töhfə verəcək praktiki tövsiyələrlə yadda qalıb.

Rəhbər heyət professor və müəllimləri təbrik edib

Azərbaycan Texnologiya Universitetinin professor-müəllim heyəti 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edilib. Universitetin rəhbər heyəti 14 kafedrada müəllimlərlə görüşərək onları peşə bayramı münasibətilə səmimi arzularla təbrik edib.

ATU-da Mentor Klubunun növbəti inkişaf yönümlü təlimi təşkil olunub

Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə Gənclər Təşkilatının Mentor Klubu çərçivəsində daha bir maarifləndirici təlim keçirilib.

Təlimin mentoru Dizayn kafedrasının müəllimi, universitetdə “İlin müəllimi” nominasiyasının qalibi Mobil Qarayev olub. O, yaradıcı yanaşma və fərdi inkişaf sahəsindəki təcrübəsini iştirakçılarla bölüşüb.

“Özünü kəşf etmək, təhlil etmək və yaratmaq” mövzusuna həsr olunan təlimdə tələbələrə fərdi potensialın üzə çıxarılması, daxili imkanların dəyərləndirilməsi və ideyaların reallaşdırılması yolları izah edilib. Mentor çıxışında özünü tanımanın şəxsi və peşəkar inkişafda oynadığı rolu vurğulayıb, yaradıcı düşüncə tərzinin formalaşdırılması üçün praktiki yanaşmalar təqdim edib.

Təlim boyu iştirakçılar müxtəlif tapşırıqlar vasitəsilə öz bacarıqlarını analiz etmək imkanı əldə edib, interaktiv müzakirələr isə görüşün daha məhsuldar keçməsinə şərait yaradıb.