Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində yeni təyinat

 
Azərbaycan Texnologiya Universitetinin (ATU) Magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsinə Eldəniz Bayramov təyin edilib.
Texnika üzrə fəlsəfə doktoru, dosent Eldəniz Ənvər oğlu Bayramov 1964-cü ildə Daşkənd (Özbəkistan) şəhərində anadan olub.
O, M.V.Lomonosov adına Odessa Yeyinti Sənaye Texnologiyası İnstitutunun məzunudur.
Əmək fəaliyyətinə 1986-cı ildə Gəncə çörək-kökə kombinatında başlayıb. 1997-ci ildən isə ATU-nun “Qida mühəndisliyi və ekspertiza” kafedrasında çalışır.
Eldəniz Bayramov “XXI əsr Azərbaycan ixtiraçıları” Beynəlxalq layihəsinin qalibi, 200-ə yaxın elmi və tədris metodiki əsərin, 16 patentin müəllifidir.

ATU yeni tədris ilinə hazırlaşır

Azərbaycan Texnologiya Universitetində (ATU) yeni tədris ilinə hazırlıq prosesi davam edir.
Hazırda universitetin bir sıra auditoriyalarının yeni mebel avadanlıqları ilə təchizatı işləri aparılır.

ATU-nun bakalavriat səviyyəsinə tələbə qəbulunun son 5 illik statistikası

Azərbaycan Texnologiya Universitetinin (ATU) bakalavriat səviyyəsinə tələbə qəbulunun son 5 illik statistikasında yüksək rəqəmlər qeydə alınıb.
Cari tədris ilində qəbul olanların sayı ən yüksək həddə olub – 1211 nəfər. Bu göstərici ötən illə müqayisədə 15% (159 nəfər), bir öncəki illə müqayisədə 22% (217 nəfər) çoxdur.
2020/2021-ci illə müqayisədə isə tələbə qəbulu sayı 85% (558 nəfər) artıb.
Universitetin son 5 ildə bakalavriat səviyyəsinə artan say üzrə qəbul göstəriciləri infoqrafikada verilib.


ATU-nun  qəbul tarixində ilk

Azərbaycan Texnologiya Universiteti  (ATU) tarixində   tələbə qəbulunda ilk dəfə maksimal say qeydə alınıb.


Universitetin 2024/2025-ci tədris ili üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu 94% təşkil edib. Başqa sözlə, 1290 plan yerinə 1211 nəfər qəbul olub.

ATU-da qəbul 27 ixtisas üzrə aparılıb ki, onlardan 22 ixtisasda plan yerləri 100% dolub. Digər qismən dolmuş 5 ixtisasa əlavə yerləşdirmə 28 avqust – 2 sentyabr tarixlərində baş tutacaq II turda həyata keçiriləcək.

Qeyd edək ki, universitetə qəbul olan 1211 tələbənin 188-i dövlət sifarişi, 1023 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq.

ATU ilə İspaniyanın Qranada Universiteti arasında memorandum imzalanıb

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə İspaniyanın Qranada Universiteti (QU) arasında anlaşma memorandumu imzalanıb. 

Sənədi ATU-nun rektoru v.m.i.e dos. Yaşar Ömərovla, QU-nun rektoru prof. Pedro Mercado Pacheco İspaniyanın Qranada şəhərində imzalayıblar.

ATU 2023-cü ilin may ayında imzalanmış müqavilə ilə bir müddətdir ki, Qranada Universitetilə Erasmus proqramı çərçivəsində müəllim və tələbə heyətinin mübadiləsini həyata keçirir.

Ötən semestr müddətində ATU tələbəsi QU-da təhsilini davam etdirib, QU professorunun isə ATU-da seminarları təşkil olunub.

18 iyul tarixində imzalanan memorandumla mövcud əməkdaşlığın bir neçə istiqamət üzrə daha da genişləndirilməsi nəzərdə tutulur. Sənəddə birgə elmi konfransların, layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin bundan sonra da davam etdirilməsi və s. öz əksini tapır.

QU-ya səfər edən nümayəndə heyətində strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri Mehman Kərimov, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov da təmsil olunub. 

Səfər çərçivəsində ATU nümayəndə heyəti QU-da infrastruktur, fakültələrin maddi texniki bazası, həyata keçirilən elmi işlər və tədris prosesinin təşkili ilə yaxından tanış olublar.

Qeyd edək ki, Qranada Universiteti İspaniyanın ən yaxşı 2-ci universiteti hesab olunur. Bu ali təhsil ocağı bu il üzrə QS reytinqinin dünya universitetləri sıralamasında 431-ci yerdə, "Times Higher Education" reytinqində isə 501-600 aralığındadır.

ATU beynəlxalq əlaqələr sahəsində daha bir uğura imza atıb

Azərbaycan Texnologiya Universiteti (ATU) Avropa Komissiyasının Erasmus+ proqramının iki beynəlxalq layihəsində iştirak etmək hüququ qazanıb. 

Birinci layihə “Azərbaycan, Gürcüstan və Qazaxıstanda optik şəbəkələr və optik kommunikasiyalar üzrə ali təhsil müəsisələrinin monitorinq və idarəetmə potensiallarının artırılması” (OPTİFY) adlanır. Layihə çərçivəsində optik şəbəkələrin monitorinqi və idarəolunması üzrə magistratura səviyyəsində yeni ixtisasın açılması nəzərdə tutulub. Bu ixtisas üzrə müasir səriştələrə və bacarıqlara malik kadr hazırlığı yerinə yetiriləcək, akademik heyətin qabaqcıl Avropa ali təhsil müəssisələrində müvafiq məzmun və müasir tədris üsulları üzrə təlimi yerinə yetiriləcək. Həmçinin yeni tədris laboratoriyası yaradılacaq, sənaye üçün müvafiq məzmunlu təhsil modulları formalaşdırılacaq. Layihənin koordinatoru Azərbaycan Texniki Universitetidir. 

Digər layihə “Təhsil və innovasiya vasitəsilə ikili “yaşıl” və rəqəmsal keçidin təşviq edilməsi” (GreenTech Horizons) adlanır, yaşıl keçid və rəqəmsal transformasiya dövründə mühəndislik və idarəetmə bacarıqlarını gücləndirmək məqsədi daşıyır. Layihənin koordinatoru Novi Sad Universitetidir (Serbiya).