Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU-da yay imtahan sessiyasına start verilib

Azərbaycan Texnologiya Universitetində (ATU) yay imtahan sessiyasına start verilib. Universitetin rektoru v.m.i.e. dos.Yaşar Ömərov imtahan prosesini izləyib, tələbələrlə yerində görüşərək onların fikirlərini öyrənib, eləcə də müvafiq tövsiyələr verib. Bildirib ki, tələbələrin biliyinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Y.Ömərov tələbələrə imtahanda uğur və müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, 5 iyul 2024-cü il tarixinədək davam edəcək sessiya müddətində imtahanlar test və yazılı qaydada keçirilir.

Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq imtahanların şəffaf və obyektiv keçirilməsi üçün İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bundan başqa, bütün korpuslarda tələbələr üçün təklif və şikayətlər qutusu yerləşdirilib.

ATU ilə Coca-cola Azərbaycan şirkəti arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Texnologiya Universiteti (ATU)  ilə Coca-Cola Azərbaycan şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovla "Azerbaijan Coca-Cola Bottlers" MMC-nin baş direktoru Rəna Məmmədova imzalayıblar.

Memorandumda tələbələrin istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin edilməsi, təqaüd proqramının təsis edilməsi, birgə konfrans, seminar və təlimlərinin təşkili və s. məsələlər öz əksini tapıb. 

İmzalanma mərasimindən sonra ATU nümayəndələri və tələbələr müəssisə ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər.

 

 

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru v.m.i.e., Elmi Şura sədri dos. Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov və Magistratura və doktorantura şöbəsinin müdiri Ulduz Babayeva buraxılış işlərinin, magistr dissertasiyalarının yerinə yetirilməsinin və dövlət imtahanlarına hazırlığın vəziyyətinə dair təqdimatla çıxış ediblər.

Daha sonra İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fazil Kərimovun hesabatı dinlənilib.

İclasda Tədris işləri üzrə prorektor, Tədris Metodiki Şuranın sədri Raqif Hüseynovun təqdim etdiyi tədris metodiki vəsaitlərin siyahısı təsdiq edilib, elmi katib Sevda Qurbanova dosent elmi adının alınması üçün AAK qarşısında vəsatətin qaldırılması, İnsan resursları şöbəsinin müdiri İlham Əlizadə ştat cədvəlində dəyişikliklər barədə çıxış edib.

İclas çərçivəsində universitetin bir qrup əməkdaşı yubileyləri münasibətilə təltif ediliblər. 

 

 


Yay imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib

Azərbaycan Texnologiya Universitetində yay imtahan sessiyasına hazırlıq və digər məsələlərlə bağlı iclas keçirilib.
 
İclada akademik və inzibati rəhbər heyət iştirak edib.
 
İclasda rektor v.m.i.e. dos.Yaşar Ömərov Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən İmtahan Qərargahı və Apellyasiya Komissiyasının yaradıldığını bildirib, imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün fakültə rəhbərlərinə və kafedra müdirlərinə müvafiq tapşırıqlar verib.

ATU və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Məzun–2024” əmək yarmarkası keçirilib

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dosent Yaşar Ömərov giriş sözü ilə çıxış edib. Bildirib ki, ATU öz məzunlarının ixtisaslarına müvafiq işlərlə təmin olunmasında maraqlıdır. Bu dəfəki platformada universitetin bütün ixtisaslarına uyğun 50-ə yaxın beynəlxalq və yerli, dövlət və özəl şirkətin işaxtaran qismində çıxış etdiyini vurğulayan Y.Ömərov əlavə edib ki, “Məzun2024” əmək yarmarkasının üstün cəhətləri iri müəssisələrin çoxluğu, təklif olunan iş yerlərinin müxtəlif bölgələri, şəhər və rayonları əhatə etməsidir.  

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının müdiri Elməddin Qurbanov da çıxış edərək belə tədbirlərin tələbələrin və məzunların əmək bazarına daxil olmasına kömək etdiyini bildirib, işaxtaran məzunlara gələcək karyeralarında uğurlar arzu ediblər.

Tədbir çərçivəsində ATU-nun əməkdaşlıq etdiyi müəssisələrdən olan “Bakcell” şirkəti tərəfindən Ümumi Orta Müvəffəqiyyət Göstəricisi yüksək olan bir qrup məzuna hədiyyələr verilib. Hədiyyələri  “Bakcell”in regional satış meneceri Bəxtiyar Əliyev təqdim edib.

Açılış hissə yekunlaşdıqdan sonra məzunlar müəssisələrin stendlərinə yaxınlaşıb, təklif edilən vakansiyalarla tanış olub, təmsilçilərə şəxsi məlumatlarını, CV formalarını təqdim ediblər.

Qeyd edək ki, “Məzun2024” əmək yarmarkasında Azərbaycan Dəmir Yolları, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, ASAN xidmət, BP, Coca-Cola, McDonalds, Paşa Bank, Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, Bakcell, Nar, AzerGold, Azərşəkər, Azersun, Azəralüminium, Gəncə Avtomobil Zavodu, Qəbələ Konserv Zavodu, AzGranata, Şirvan Şərabları, Mingəçevir Tekstil, Gəncə Tekstil, Ulduz Şokolad Fabriki, Veysəloğlu, 5 ulduzlu Çinar, Qarabağ və Qaşaltı otelləri və digər müəssisələr tərəfindən 500-dən çox vakansiya təqdim edilib.

 

 

ATU Erasmus+ proqramı çərçivəsində Rumıniyada təmsil olunub

Azərbaycan Texnologiya Universiteti (ATU) Erasmus+ proqramı çərçivəsində Rumıniyada təmsil olunub.

Müxtəlif ölkələrdən bir sıra qabaqcıl universitetlərin nümayəndələrinin iştirak etdiyi "Beynəlxalq Həftə"də Azərbaycan Texnologiya Universitetini strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Mehman Kərimov təmsil edib. 

Rumıniyanın Timişoara şəhərində yerləşən "King Mihai I” Təbiət Elmləri Universitetində baş tutan və 5 gün davam edən tədbirdə müxtəlif fikir mübadilələri aparılıb, “Biomüxtəliflik” üzrə Beynəlxalq Konfrans təşkil edilib, əməkdaşlıq məsələləri, ölkələrin təhsil sistemləri müzakirə olunub. 

Təlim müddətində hər bir nümayəndə öz ölkə və universitetinə aid materiallar nümayiş etdirərək maraqlı məruzələrlə çıxış ediblər. Mehman Kərimov öz təqdimatında ölkəmizin regionda rolundan, Gəncənin tarixindən, ATU-nun nailiyyətlərindən bəhs edib. 

Tədbir çərçivəsində "King Mihai I” Təbiət Elmləri Universitetinin fakültələrinə ekskursiyalar təşkil edilib, rəhbər heyətilə görüşlər keçirilib. Sonda iştirakçılar sertifikatlarla təltif edilib.